"Diktatorların London malikanələri"ninin müsadirəsi təklif edilir
05.12.2016 16:23 Sosreaksiya 1098
Diktatorların və insan haqlarını pozanların sərvətlərini gizlətmək üçün Londonda və Britaniyada aldıqları mülklərin müsadirəsinə dair qanuna əlavə təşəbbüsünü parlamentdəki bütün partiyalar dəstəkləyib
"The Guardian" yazır ki, Britaniya millət vəkillərinin irəli sürdüyü təşəbbüs diktatorların və insan haqlarını pozanların sərvətlərini gizlətmək üçün Londonda və Britaniyada aldıqları mülklərin müsadirəsinə yol aça bilər.
Bir qrup millət vəkili hökumətin kriminal maliyyə haqqında qanununa əlavə təklif ediblər. Bu əlavə Britaniyadan kənarda insan haqlarını tapdamış şəxslərin hədəflənməsini nəzərdə tutur.
Bu qanun dəyişikliyi qəbul olunarsa, rəsmi şəxslər və Amnesty International kimi beynəlxalq təşkilatlar Böyük Britaniyada gizlədilmiş aktivlərin dondurulması üçün müraciət edə biləcəklər.
Bu qanuna əlavə rusiyalı vəkil Sergey Maqnitskinin adını daşımalıdır. Maqnitski iddia olunduğuna görə aparıcı Kreml rəsmilərinin 230 milyon dollarlıq mənimsəmələrini faş etdikdən sonra, 2009-cu ildə Moskva həbsxanasında dünyasını dəyişib.
"The Guardian" yazır ki, bu təşəbbüsü parlamentdəki bütün partiyalar dəstəkləyirlər. Belə həmrəylik Britaniya parlamentində nadir hallarda baş verir.
Leyborist Partiyasından Chris Bryant deyib ki, təşəbbüsün qanuna çevrilməsi perspektivi "xeyli müsbətdir".
Məqalədə deyilir ki, artıq 2017-ci ilin yazından qanun maddəsi halına düşə biləcək bu əlavə Londonun "çirkli pullar" şəhəri kimi bədnam reputasiyasını təmizləmək imkanı verərdi.
Qanun əlavəsi layihəsi korrupsiyalı rəsmilərin və beynəlxalq kriminalların oğurlanmış pulları Britaniya banklarında yuyub malikanələrə yatırmasının qarşısını alacaq.
Britaniyanın Milli Cinayətkarlıq Agentliyinin təxminlərinə görə hər il 100 milyard funt sterlinq məbləğində şübhəli pullar Britaniyadan keçir.
"The Guardian" yazır ki, dekabrın 5-də təqdim olunacaq Maqnitski əlavəsi ali məhkəmə hakimlərinə insan haqlarını tapdayanların mülkiyyətinin iki il müddətinə dondurulması üçün order verməsinə şərait yaradacaq. Bu qərardan appelyasiya vermək hüququ da tanınır.
Əlavə layihəsini təqdim edən mühafizəkar millət vəkili Dominic Raab deyib ki, "əllərində qan olan insan haqları pozucularına öz çirkli pullarını Birləşmiş Krallığa ötürmək imkanı verilməməlidir".
Onun sözlərinə görə, bu qanun əlavəsi Britaniyanın bundan sonra despot və diktatorların pulları üçün saxlanca çevrilməsinin qarşısını alacaq.
Keçmiş leyborist millət vəkili Denis MacShane deyib ki, bu qanun əlavəsi "qətlə görə mühakiməsi mümkün olmayan Al Capone-ni vergi məsələsində ilişdirmək" kimi bir şeydir.
MacShane deyib ki, qanun əlavəsi Londonda mülkiyyət sahibi olmağa və uşaqlarını oxumaq üçün Britaniyaya göndərməyə can atan Putin aparatçılarının canına vicvicə salacaq.
Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, oktyabr ayında təqdim olunmuş qanunun özü hökumətə çirkli pulların yuyulması ilə mübarizədə xeyli kömək edib.
"The Guardian" yazır ki, Maqnitski əlavəsi insan haqlarını pozaraq sərvət toplamış şəxslərin adlarnın açıqlanmasını nəzərdə tutur (BBC).
Şərhlər