Elxan Süleymanov: “Erməni lobbisinin ölkəmizə qarşı növbəti təxribatı iflasa uğradı...”
08.12.2016 11:56 Sosreaksiya 1221
Moskvanın Güney Qafqaz hədəfləri haqda ilginc iddia; tanınmış rusiyalı hərbi ekspert: “Rusiya Azərbaycanla da hərbi ittifaq qurmaq istəyir
Son vaxtlar Rusiyanın işğalçı Ermənistanı silahlandırması, onunla hərbi əməkdaşlığı yeni və daha yüksək səviyyəyə qaldırması dıqqət mərkəzindədir. Bu iki ortaq işğalçısı arasında, üstəlik, vahid hava hücumundan müdafiə sistemi və vahid hərbi qruplaşma yaradılmasına yönəlik addımlar şübhə yox ki, nə Azərbaycana, nə də qardaş Türkiyəyə qarşı xoşməramlı jestlər deyil - hərçənd Rusiya rəsmiləri israrla bunun əksini isbatlamağa çalışırlar.
İrəvan-Moskva hərbi yaxınlığı isə başqa yandan Qarabağ probleminin həllini qəlizləşdirməkdədir. Ermənistan rəsmilərinin son zamanlar təzədən özündənrazı bəyanatlar verməyə başlaması, danışıqlar prosesini sabotaj edən açıqlamalar yayması buna şübhə yeri saxlamır. Düşmənin belə bəyanat və açıqlamaları öz havadarına arxayın olaraq səsləndirməsi isə açıq-aşkar görünür.
Sözsüz ki, Azərbaycan Qarabağ məsələsi ətrafında bu gəlişmələri görür və onlara qarşı adekvat tədbirlər görməyə çalışır. Ancaq müşahidə olunan həm də budur ki, Moskva öz satellitini - təcavüzkarı silahlandırmaq, onunla ortaq müdafiə tədbirlərini gücləndirməklə Azərbaycanla bağlı nəsə daha bir gizli planı var. Hansı?
*****
“Dinc dövrdə ortaq hərbi qruplaşmanın yaradılması erməni hərbçilərinin Rusiya hərbi maşınına daha dərin inteqrasiya eləməsi anlamına gəlir. İnteqrasiya - bütövlükdə daha dərin qarşılıqlı uzlaşma deməkdir. Lakin bu zaman hədəflər müxtəlifdir: Moskvada ümidlidirlər ki, sovet dövründəki Zaqafqaziya Hərbi Dairəsi bu və ya başqa şəkildə bərpa edilsin, təkcə Ermənistanın deyil, perspektivdə Gürcüstan və Azərbaycanın da daxil olduğu hərbi qruplaşma yaradılsın”. Bu barədə erməni portalına müsahibəsində tanınmış rusiyalı hərbi analitik Pavel Felqenqaur Rusiya və Ermənistan arasında vahid hərbi birləşmənin yaradılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Gürcüstan və Azərbaycanın da daxil olduğu belə bir hərbi qruplaşmanın formalaşdırılması Rusiyanın uzunmüddətli planıdır və hədəf Zaqafqaziya regionundakı keçmiş sovet sərhədinə örtüyü təmin eləməkdir. “Konkret Ermənistan üçün bu qruplaşma həm də o demək olmalıdır ki, Rusiyanın Ermənistanı müdafiə eləmək öhdəliyi daha sanballı şəkil alır. Bu, qabağa doğru addımdır, lakin 1995-ci ildən sonra formalaşmış situasiyanı güclü şəkildə dəyişmir - nə vaxt ki, Moskva ilə İrəvan arasında birgə müdafiə haqqında saziş imzalanıb. Bu, bir növ Ermənistanın Avrasiya Birliyinə, gömrük məkanına inteqrasiyası kimidir. Rusiya üçün bu, həmçinin hərbi inteqrasiya olaraq mühümdür, lakin Moskva üçün bu, həm də Azərbaycanla və Gürcüstanla inteqrasiya deməkdir. İstənilən halda söhbət inteqrasiyaya doğru növbəti addımdan gedir. Moskvadan ötrü vacibdir ki, inteqrasiya prosesi dayanmayıb. Rusiya Azərbaycana bununla göstərəcək ki, ”bax, Ermənistan özünü yaxşı aparır, indi isə Azərbaycan da özünü yaxşı aparmalı və Rusiyaya yaxın olmalıdır".
Rusiya həmçinin Belarusla, Ermənistanla inteqrasiya prosesləri aparır. Bu, düzgün istiqamət hesab olunur və prinsipial olaraq, mövcud situasiyanı dəyişmir" - ekspert qeyd edib.
Hərbi analitik Kremlin Bakı və Ankara ilə münasibətlərinin də önəm daşıdığını vurğulayaraq deyib: “Əlbəttə ki, Rusiya Ermənistanı müdafiə etməyə hazırdır. Ancaq bu zaman Moskva həm də Azərbaycanla əlaqələri möhkəmlətməkdə və Türkiyə ilə yaxşı münasibətlər saxlamaqda maraqlıdır. Azərbaycanla bizim hərbi ittifaqımız hələ yoxdur. Lakin perspektivdə belə bir şey Moskva üçün arzuolunandır”.
Hərbi ekspert Rusiya-Ermənistan ortaq hərbi qruplaşmaya aid hərbçilərin sülhməramlı kimi Dağlıq Qarabağda yerləşdirilməsinin mümkünlüyünə də toxunub: “Əgər Qarabağda sülhməramlılar peyda olsa, bunun erməni-rus birləşmiş komandanlığına heç bir dəxli olmayacaq. Dağlıq Qarabağda sülhməramlılar yalnız Bakının razılığı ilə yerləşdirilə bilər. Qarabağda rusiyalı sülhməramlılar olmayacaq. Və onlar şübhəsiz ki, erməni-rus birləşmiş qruplaşmasından olmayacaq”.
Göründüyü kimi, şimal qonşumuz Azərbaycanla bağlı daha bir məkrli hədəf güdür - hərbi ittifaq. Lakin belə bir plan Qarabağ problemi ədalətli həllini tapmadan, işğal altındakı ərazilər geri qaytarılmadan təbii ki, qeyri-realdır. Hər necə olmasa, bunu kim bilməsə də, Kremldə yəqin ki, yaxşı dərk edirlər.
******
Bu arada xaricdəki erməni lobbisi və onun dəstəkçilərinin ölkəmiz əleyhinə təxribatları intensivləşib. Musavat.com-un məlumatına görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov həmin təxribatlardan bəzilərinin mahiyyətini detallı şəkildə şərh edib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətdə, xüsusilə də beynəlxalq təşkilatlarda müxtəlif məsələlərlə bağlı qazandığı uğurlar erməni lobbisinin və digər anti-Azərbaycan qüvvələrin dərin təşvişinə səbəb olub: “Bu uğurları şübhə altına almaq üçün erməni lobbisi və digər anti-Azərbaycan qüvvələr ”kürü diplomatiyası" adı altında hər cür uydurmalar yaradaraq Azərbaycanın bütün uğurlarına kölgə salmağa cəhd göstərirlər. Çox təəssüf ki, ermənipərəst və anti-Azərbaycan qüvvələrin güclü olduğu dövlətlərdə bu məsələ mətbuatda da yer almağa başlayır.
Bununla bağlı İtaliyanın erməni lobbisinin təsiri altında olan mətbuatı və televiziya verilişləri səfərbər edilib. Onlardan biri də “Rai 3" telekanalında yayımlanan ”Report" verilişi olub. Bu verilişin aparıcısı Milena Gabanelli mütəmadi olaraq Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olub, Ermənistana və işğal altında olan Azərbaycan ərazilərinə gedərək erməni tərəfindən müsahibələr götürüb, Azərbaycan tərəfindən heç bir müsahibə almadan Azərbaycana dair qərəzli və haqsız reportaj hazırlayıb və bu verilişdə ekspert qismində iştirak edənlərin də əksəriyyəti ermənilər olub. Gabanelli mütəmadi olaraq qərəzli, kəskin və haqsız fikirlərə yol verdiyi üçün onun müəllifi olduğu veriliş bağlanıb, hətta kanala və verilişə qarşı 300 milyon avroluq məhkəmə iddialarının olduğu üzə çıxıb. Çoxsaylı iddiaçılar arasında İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, İtaliya neft-qaz şirkəti “ENİ”, nüfuzlu İtaliya qəzeti “Libero Quotidiano”, İtaliya hökümətində 3 dəfə nazir olmuş Claudio Scajola, habelə keçmiş nazir Renato Brunetta, Romanın keçmiş meri və keçmiş kənd təsərrüfatı naziri Gianno Alemanno kimi tanınmış şirkət və simalar var".
Ermənilərin ölkəmizə qarşı genişmiqyaslı təxribatlarının davam etdiyini deyən deputat AŞ PA-nın bu ilin 26 yanvarında qəbul etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnaməsinin müəllifi Militsa Markoviçə qarşı başladıla qarayaxma kampaniyasına da toxunub: “Bosniya və Herseqovina mətbuatının verdiyi məlumata əsasən, bugünlərdə ölkə parlamentinə və mətbuatına anonim məktub daxil olub. Məktubda qeyd olunur ki, bu ilin əvvəlində AŞ PA-da qəbul edilən 2085 saylı qətnamənin hazırlanması dövründə deputat Militsa Markoviç erməni tərəfi ilə əməkdaşlıq etməyib və ermənilər üçün tam qərəzli olan bir mətn hazırlayıb. Məktubda xanım Markoviç bu qətnaməni rüşvət müqabilində hazırlamaqda birbaşa ittiham edilib.
Qeyd edilməlidir ki, məktub müəllifi məqsədyönlü şəkildə ölkə parlamentarilərini və ictimaiyyəti aldatmağa çalışıb. Belə ki, həmin qətnamə hazırlanarkən Ermənistan tərəfi məruzəçinin və AŞ PA rəhbərliyinin təkidlərinə baxmayaraq, məruzəçi ilə əməkdaşlıqdan imtina edib. Məhz bu səbəbdən həmin qətnamənin 8-ci bəndində vurğulanır: “Assambleya Ermənistan parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məsələyə dair məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyir. Assambleya belə rəftarı Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir”... Xanım Markoviç isə yerli mətbuata verdiyi müsahibəsində bildirib ki, məktubun müəllifi barədə araşdırma aparıb və müəllifin AŞ PA yanında ölkənin daimi nümayəndəliyinin səfiri Predraq Qrqiç olduğunu aşkar edib. Mətbuatın verdiyi məlumata əsasən, xanım Markoviç dərhal səfirlə əlaqə saxlayıb. Lakin o, əvvəl bunu inkar etsə də, sonradan məktubu Mladen Boşiçin xahişi ilə yazdığını etiraf edib. Predraq Qrqiç eyni zamanda bu məktubun ictimaiyyətə verilmək üçün nəzərdə tutulmadığını və sırf Bosiçi məlumatlandırmaq üçün hazırlandığını bildirib.
Bosniya və Herseqovina KİV-lərində yayımlanan məlumatlara əsasən, Markoviç həm bu ölkənin AŞ PA-da nümayəndə heyətinin rəhbəri Bosiçi, həm də səfir Qrqiçi məhkəməyə verib və bu barədə bütün mətbuat orqanlarını məlumatlandırıb. Hadisələrin gedişindən ciddi narahat olan Qrqiç isə ölkə KİV-lərinə müraciət edərək deputat Mladen Bosiçin onu aldatdığını, onun məktubunun mətbuata verilməsinin ucuz və məsuliyyətsiz bir hərəkət olduğunu söyləyib. Yerli mətbuat eyni zamanda bildirir ki, Qrqiçin bu bəyanatından sonra Mladen Bosiç jurnalistlərə cavab vermir. Beləliklə, ermənilərin ölkəmizə qarşı növbəti təxribatı tam iflasa uğrayıb".
Şərhlər