Azərbaycanda miqrantlarla bağlı pilot layihə icra ediləcək

08.12.2016 13:39     Sosreaksiya     1149

Bu gün Cenevrədə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi”nin imzalanması mərasimi keçirilib.

Dövlət Miqrasiya Xidmətindən (DMX) Trend-ə verilən məlumata görə, sazişi Azərbaycan tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 107-ci sessiyasında iştirak etmək məqsədilə İsveçrədə səfərdə olan DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və BMqT-nin baş direktoru Uilyam Leysi Svinq imzalayıblar.

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov imzalanma mərasimində iştirak edib.

F.Nəbiyev ölkəmizin bir sıra beynəlxalq konvensiyalara qoşulduğunu, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə miqrasiya sahəsində qəbul olunan qanunların və hüquqi-normativ aktların ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının tam təmin edilməsinə geniş imkanlar açdığını xüsusi qeyd edib. Xidmət rəisi rəhbərlik etdiyi dövlət orqanı ilə Beynəlxalq Miqrasiya Təşkilatı və qurumun Azərbaycan nümayəndəliyi arasında yaradılmış yüksək səviyyəli əməkdaşlığın inkişaf perspektivlərinə toxunub. Könüllü qayıdışa yardım çərçivəsində imzalanan saziş də qarşılıqlı inam və etimadın nümunəsi kimi səciyyələndirilib.

Bildirilib ki, bu Sazişə əsasən, icrasına başlanılacaq pilot layihənin əsas məqsədi könüllü olaraq öz ölkələrinə dönmək arzusunda olan, sığınacaqla təmin olunmaq istəyinə rədd cavabı almış şəxslərin və həssas miqrantların mənşə ölkələrinə uğurla qayıtmaları üçün əlverişli şərait yaradılmasından ibarətdir. 12 ay müddətinə davam edəcək layihə çərçivəsində maarifləndirmə, həmçinin yuxarıda qeyd olunan şəxslərə ölkəni tərk etməzdən əvvəl və tərk edərkən yardımın göstərilməsi kimi zəruri tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Şərhlər

Çox oxunanlar