Etibar Əliyev: “Məktəblər repetitorlar üçün məkana çevriləcəksə, təhsil mühiti iki qat bərbad vəziyyətə salınacaq
08.12.2016 14:00 Sosreaksiya 1370
Repetitorlarla bağlı yeniliyə etirazlar var
Repetitorla məktəb arasında müqavilə bağlanacaq. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanması ilə bağlı qərar verib.
Onun sözlərinə görə, həmin qərara əsasən təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və ya üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzala bilər: “Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Repetitorluqla məşğul olan müəllimlərin məsələsinə gəlincə, bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Amma yaxın gələcəkdə bununla bağlı birgə fəaliyyət müqavilələrin imzalanması yəqin ki, müəllimlərə də şamil olunacaq”.
Maraqlıdır, təhsil ekspertlərinin bu məsələyə münasibəti necədir?
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu barədə şərh vermək istəmədiyini dedi: “Məhəbbət xanım öz rəyini kifayət qədər açıb bildirib. Orada bütün məqamlar öz əksini tapıb. Səhv etmirəmsə, bu ilin yayında təhsil müəssisələrinin müəyyən vəsaitləri qazanmaqla bağlı Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq olunub. Məhəbbət xanımın qeyd etdiyi müraciətdə də bu öz əksini daha aydın şəkildə tapıb”.
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirdi ki, məktəbdə repetitor ola bilməz:“Azərbaycanda repetitor təhsili geniş vüsət alıb. Bu orta məktəblərdəki təhsilin keyfiyyəti və imtahanların test üsulu ilə keçirilməsi səbəbindən genişlənib. İndiki halda təhsilə cavabdeh qurumlar fəaliyyətlərini repetitor xidmətinin çəkisinin aşağı salınmasına yönəltməlidir. Sual olunur, nədən Bakıda fəaliyyət göstərən türk məktəblərinin şagirdləri bu xidmətdən istifadə etmirdilər? Heç kimə sirr deyil ki, həmin məktəblərdə ilk növbədə tədris mühiti yaxşı qurulurdu.
Bu gün bizim orta məktəb müəllimlərimizin böyük əksəriyyəti testlər üzrə mütəxəssisləşiblər. Bu da öz növbəsində dərsliklər vasitəsilə biliklərin verilməsi və proqramın normal mənimsənilməsinin qarşısını alır. Hazırda konkret olaraq Bakı şəhərində fəaliyyət göstərən demək olar ki, bütün məktəblərdə müəllimlər dərsdən sonra elə məktəbdəcə repetitorluq edirlər və o da sirr deyil ki, onların qazancında direktorların da payı var. Həm də müəllimlərin böyük əksəriyyətinin fəaliyyətindən görünür ki, məktəbdə dərs zamanı repetitorluq etdiyi uşaqlara daha çox diqqət ayırırlar. Əlbəttə, bütün bunlar repetitorluğun gətirdiyi bəlalardır.
Artıq bunları ibtidai sinif şagirdləri də bilir. Məsələn, Rusiyada belə bir qərar qəbul ediblər ki, proqram uşaqlara tam şəkildə mənimsədilmədiyi halda əlavə dərslər təşkil olunur ki, həmin dərslərin pulunu valideynlər ödəyir. Bu isə repetitorluğa çəkilən xərcdən bir neçə dəfə azdır. Məktəbdə təhsil verənin bircə adı olmalıdır-müəllim. Repetitor məktəbdən kənarda dərs keçə bilər. O, məktəbdədirsə, repetitor ola bilməz. Əgər məktəblər repetitorlar üçün məkana çevriləcəksə, onda təhsil mühiti ikiqat bərbad vəziyyətə salınacaq.İndiki vəziyyətdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu məsələləri tənzimləyə bilmir. Bu idarədən narazılıqlar çoxdur”.
Digər təhsil eksperti Kamran Əsədov repetitordan asılı olmağın yaxşı hal olmadığını dedi: “”Təhsil haqqında" Qanunda bildirilir ki, fiziki və hüquqi şəxslər ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Belə ki, ümumtəhsil məktəbləri təhsil, istehsal, eləcə də qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən vəsaitlər əldə edə bilər. Bundan əlavə, yenə də təhsil qanunvericiliyinə görə, bütün ümumtəhsil məktəblərində zəif oxuyan şagirdlər üçün məşğələlər təşkil edilir. Bu məqsədlə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait dərsdənkənar məşğələlərin təşkili üçün ayrılır.
Ancaq təəssüf ki, məktəb direktorlarının bilavasitə yaxından iştirakı ilə dərsdənkənar məşğələlər qabaqcadan müəyyən edilmiş müəllimlərin və ya direktorların özlərinin dərs saatlarına əlavə edilir və bu dərsdənkənar məşğələlər sənəd üzərində keçirilsə də, reallıqda şagirdlərin heç birinin bu dərslərdən xəbəri olmur. Əslində təhsil alana ciddi dəstək verməli olan dərsdənkənar məşğələlər, sadəcə olaraq, büdcə vəsaitinin itkisinə və məktəb direktorlarının qazancına gətirib çıxarır. Bütün bunları nəzərə alan Bakı Təhsil İdarəsinin dərsdənkənar məşğələləri daha da effektiv etmək üçün bu addımı atdığını düşünürəm.
Acı da olsa etiraf etmək lazımdır ki, bu gün bir sıra orta məktəb binaları rəsmi və qeyri-rəsmi olaraq hazırlıq kursları, repetitor müəllimlər tərəfindən kirayə haqqı ödənilməklə istifadə olunur. Bütün bunların nəticəsində də Azərbaycan təhsili repetitorlardan asılı vəziyyətdə qalıb. Yəni bu gün hansısa təhsildə inkişafdan, statistik göstəricilərin artmasından danışılırsa, bu, orta məktəblərin yox, məhz repetitor müəllimlərin xidmətidir. Çünki hazırda TQDK da təhsilin inkişafına yox, məhz repetitorlara işləyir. Yəni TQDK-nın fəaliyyəti məhz ölkədə repetitorluğun daha da genişləndirilməsinə xidmət edir ki, bu da həmin qurumun özünə sərf edir.
Bütün bunlara görə də Bakı Şəhər Təhsil İdarəsi tərəfindən bu addım atılır. Düşünürəm ki, məhz bu addımı atmaqla perspektivli repetitorlar məktəblərə cəlb olunacaq. Hesab edirəm ki, bu qərarın məktəblərə hansısa bir mənfi təsiri olmayacaq. Lakin təhsilin inkişafı üçün repetitorluqdan asılı olmaq yaxşı hal deyil. Bu, şagirdlərin bir çox bacarıqlardan məhrum olmasına gətirib çıxarır. Müəllimlərin məktəbdə iş rejiminə dair mükəmməl mexanizm hazırlanmalıdır. Dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Rusiyanın məktəblərində də əlavə hazırlıq məqsədilə dərs saatlarından istifadə olunur, bizdən fərqli olaraq orada bu dərslərə ciddi nəzarət mexanizmi var".
Şərhlər