Ermənistan rəsmisinin etirafı - "Çoban" Sarıbekyan müddətdən artıq xidmət keçmiş əsgər idi
14.12.2016 12:13 Sosreaksiya 1364
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun bir neçə gün əvvəl Trend İnformasiya Agentliyinə müsahibəsində açıqladığı faktlara münasibət bildirən Ermənistanın analoji Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyan erməni çoban Manvel Sarıbekyanın əslində müddətdən artıq xidmət keçmiş əsgər olduğunu "etiraf" edib.
Qeyd edək ki, 2010-cu ilin sentyabrında Azərbaycan ərazisində saxlanılmış və bir müddət sonra saxlanıldığı kamerada intihar etmiş Ermənistan vətəndaşı Manvel Sarıbekyanın guya çoban olması barədə həmin vaxt və sonrakı dövrlərdə Ermənistan kütləvi informasiya vasitələrində bu ölkənin rəsmi qurumlarına istinadən cəfəng məlumatlar yayılmışdı.
E.Səmədov A.Kaprielyanın "etiraf"ı ilə bağlı Trend-ə bildirib:
"A.Kaprielyanın müsahibəsinin əsas məqsədi bizim verdiyimiz təklifdən yayınmağa hesablanıb. Bu da təbiidir. Çünki Ermənistandakı mövcud hakimiyyəti sadə ermənilərin taleyi düşündürmür. Biz təklif edirik ki, hazırda hər iki tərəfdə saxlanılan üç nəfərin (iki azərbaycanlı, bir erməni) azad edilməsi üçün bir masa arxasında oturaq və məsələni müzakirə edək. A.Kaprielyan isə bu məsələni bir kənara qoyaraq Ermənistan ictimai fikrini saxlanılan şəxsin azad edilməsi məsələsindən yayındırmağa cəhd edir. O ki qaldı onun beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı fikirlərinə, mən Ermənistan tərəfinin hüquq normalarını pozması ilə bağlı yüzlərlə fakt söyləyə bilərəm. Hətta bunu məndən çox-çox əvvəl ABŞ-dan siyasi sığınacaq istəmiş Ermənistan vətəndaşı və keçmiş hərbçisi Mesrop Martirosyan da etiraf edib".
O əlavə edib ki, M.Martirosyan məhkəməyə ifadəsində hərbi əsir düşərgələrində əzab verilmiş, bədənlərinin hissələri kəsilmiş əsirləri gördüyünü bildirib: "Mən qulaqları kəsilmiş insanlar görmüşəm… Uşaqların kəsilmiş bu qulaqlarla oynamasının şahidi olmuşam", "Erməni milli ordusu məni hərbi əsirlərin saxlandığı düşərgəyə göndərmək istəyirdi. Lakin onlara bildirdim ki, mən əsgərəm, cəllad deyiləm. Mən əsirlərə qarşı eşitdiyim vəhşilikləri öz əməlimlə təkrarlaya bilmərəm". Budurmu Ermənistanın humanizmi? Yaxud hansı ölkə döyüş zamanı əsir düşmüş hərbçinin anasını müxtəlif yollarla aldadaraq öz ölkəsinə aparmış, ananı girov saxlayaraq əsir övladı metroda terror aktı törətməyə məcbur etmiş, bununla da dinc insanların ölümünə hökm vermişdir? 3 iyul 1994-cü il tarixdə Bakı Metropoliteninin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarında 13 nəfərin həlak olması, 42 nəfərin yaralanması ilə nəticələnən partlayış Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı 13 yanvar 1994-cü ildə əsir götürülmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilib. Bəli, məhz Azər Aslanovun bu terroru törətməsində əsas rolu anasının girov saxlanması oynayıb.
Bəs əsir götürülmüş hərbçini hansı ölkə acından öldürüb? 27 iyul 1992-ci il tarixdə əsir götürülmüş Nəsirov İlham Sədulla oğlu ac-susuz saxlanılaraq distrofiya həddinə çatdırılıb. Sonradan beynəlxalq təşkilatların təkidi ilə Yerevan hospitalına yerləşdirilsə də, artıq ona kömək etmək mümkün olmayıb. Hospitalın rəisinin 24 noyabr 1993-cü il tarixli, 06/134 saylı məktubunda göstərdiyinə görə, İ.Nəsirov noyabrın 23-də kəskin kaxeksiya (acından ölmə) diaqnozundan vəfat edib. Hələ mən 16 fevral 1994-cü ildə Yerevanda saxlanılan 8 azərbaycanlı hərbi əsirin qətlə yetirilməsi faktından danışmıram".
E.Səmədov qeyd edib ki, Bakıda həmin meyitlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın "Həkimlər insan hüquqları uğrunda" təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirib və əsirlərin guya "qaçmağa cəhd edərkən" öldürülməsi barədə Ermənistanın hakimiyyət dairələrinin fikirlərini rədd edib:
"Bu misalları çoxaltmaq da olar. Geniş mövzular olduğu üçün Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Qaradağlı, Xocalı və digər soyqırımı aktları barədə danışmıram. Ancaq bütün bunlarla yanaşı, A.Kaprielyanın müsahibəsində onun həqiqəti etiraf etmək bacarığının olduğu da diqqətimi çəkdi. Son müsahibəsində A.Kaprielyan Manvel Sarıbekyanın müddətdən artıq xidmət keçmiş əsgər olduğunu etiraf edir. Böyük etirafdır, sağ olsun! İnanıram ki, zaman-zaman Azərbaycan ərazisində saxlanılmış və A.Kaprielyanın da müsahibələrində adları keçmiş bütün “çobanlar”ın bir gün M.Sarıbekyan kimi hərbçi olduğu etiraf ediləcək".
Şərhlər