MTN generalının sürücüsü ifadə verdi, Vidadi Zeynalov təsdiqlədi: "Hər ay paket verilib"

14.12.2016 13:56     Sosreaksiya     1307

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilənlərdən nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun ifadə verəcəyi gözlənilirdi. Lakin V.Zeynalov ifadə vermək istəməyib. O, cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəyib. Bu səbəbdən proses şahidlərin ifadə verməsi ilə davam etdirilib.
 
İlk şahid ləğv edilmiş MTN-nin hazırda həbsdə olan generalı Sübahir Qurbanovun ke,mi. sürücüsü Ramil Əliyev olub. O, ifadəsində hər ay nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalovun yanına getdiyini və paket aldığını söyləyib. R.Əliyev təqsirləndirilənlərdən yalnız Vidadi Zeynalovu tanıdığını da deyib: "Hər ay Sübahir müəllimin göstərişi ilə nazirliyə gedib paketi götürmüşəm. Gətirib, Sübahir müəllimin otağında özünə vermişəm".
 
O, aldığı paketin içində nə olduğunu bilmədiyini və dəqiq olaraq paketi nə vaxtdan aldığını xatırlamadığını söyləyib. Hakim təqsirləndirilən şəxslərin sualının olub-olmadığını soruşub. Vidadi Zeynalov hər ay paket verdiyini təsdiqləyib: "Vermişəm, aparıb".
 
Növbəti şahid isə Rəfiqə Abbasova olub. O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş mühasib vəzifəsində çalışıb. R.Abbasova ifadəsində aylıq 900 manat maaş aldığını, son 6 ay ərzində isə əlavə olaraq 200 manat aldığını qeyd edib. Əsasən nazirliyin Maliyyə şöbəsinin müdiri Mətanət Məmmədova ilə işlədiyini deyən şahid istintaqa da ifadəsində fəaliyyəti ilə bağlı suallara cavab verdiyini deyib.
 
Maliyyə şöbəsinin müdiri işləmiş Mətanət Məmmədova da məhkəmədə ifadə verib. Öz fəaliyyətinə uyğun olaraq çalışdığını deyən M.Məmmədova nə qədər maaş aldığını da deyib: "Aylıq maaşım 2300 manat idi. Paket olaraq 2003-cü ilə qədər 4300 dollar, 2015-ci ildən isə 6 min manat aımışam".
 
Hakim "aldığınız pulları geri qaytaracaqsınızmı" deyə şahidə sual verib. Şahid isə "qaytarmalıyıq" cavabını verməklə kifayətlənib.
 
Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) Texniki şöbəsinin müdiri olmuş Abbas Məmmədov isə ifadəsində deyib ki, vəzifə fəaliyyətinə uyğun olaraq çalışıblar. BTRİB-in digər əməkdaşı şahid Əli Zeynalov  ifadəsində təqsirləndirilən şəxslərin hər birini tanıdığını söyləyib.
 
O, layihələrin hazırlanması və qiymətləndirilməsini həyata keçirdiklərini deyib: "Biz layihələri qiymətləndirib, baş idarəyə göndərirdik. Baş idarədən də sifarişçilər götürürdü. Digər işlərdən isə xəbərim yoxdur. Layihə smeta sənədləri 91-ci ilin bazis qiymətlərinə uyğun olaraq hesablanırdı".
 
Vidadi Zeynalovun vəkili Bəylər Məmişov şahidə sual verib: "Qiymətləndirmənin 91-ci ilin bazis qiymətlərinə uyğun olaraq hesablandığını dediniz. Bəs indi tikinti-təmir işlərində istifadə olunan materiallar 91-ci ildə yox idi. Həmin qiymətləri necə müəyyən edirdiniz?"
 
Şahid Əli Zeynalov: "Keçmiş nazir Nadir Əhmədovun zamanında nazirlikdə komissiya yaradılmışdı. Həmin komissiya qiymətləri 91-ci ilin bazis qiymətlərinə uyğunlaşdırdı".
 
Bu suala təqsirləndirilənlərdən BTRİB-in baş mühasibi Anar Mustafayev də cavab verib: "Optik kabellər var ki, 91-ci ildə yox idi. Binaların tikintisində istifadə olunan materiallar o zaman yox idi. Əli müəllim niyə belə deyir, bilmirəm. Bunları açıqlamaq lazımdır".
 
Növbəti məhkəmə prosesi dekabrın 16-na təyin edilib.
 

Şərhlər

Çox oxunanlar