FHN: İtkin düsmüş neftçilərin axtarışı davam etdirilir
17.12.2016 14:50 Sosreaksiya 1512
Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş verən faciə ilə bağlı növbəti açıqlamaı yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azneft” İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir.
Dekabrın 17-də Xəzər dənizində aparılan axtarış işlərində Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin iki helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri iştirak edir.
Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.
Qeyd edək, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
Hadisə nəticəsində 10 nəfər itkin düşüb, daha sonra onlardan birinin meyiti tapılıb.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.
Faktla bağlı cinayət işi başlanıb
Şərhlər