İtkin düşən neftçilərin axtarışı dayandırılmayıb - son durum

26.12.2016 08:04     Sosreaksiya     1177

“Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədən 11 gün ötür. Həyatını itirən 10 neftçidən indiyə qədər yalnız birinin cəsədi tapılıb, 9 neftçinin isə axtarışları davam edir. Bu müddətdə həlak olan neftçilərin ailələri, onlara kompensasiya verilib-verilməməsi, edilən yardımlar, axtarışlarla bağlı son durum faciə ətrafında gedən müzakirələrin əsasını təşkil edir. Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında itkin neftçilərin axtarışları istiqamətində gedən işlərlə bağlı bunları dedi: “Hazırda axtarışlar davam edir. Tezliklə axtarışları dayandıra bilməzlər. Çünki bu iş birbaşa prezidentin şəxsi nəzarətindədir. Bu axtarışlardan müsbət nəsə gözləmirəm. Artıq 11 gündür hadisə baş verib. Hadisəsən sonra isti-isti yaxınlıqda olan bir nəfərin cəsədi tapılıb, digərlərindən isə xəbər yoxdur. İndi yalnız peşəkarlığa yox, təsadüfə ümid edib gözləmək lazımdır. İtkin neftçilərin çoxlarının ailələri Qaradağ, Hacıqabul tərəfdədirlər. O qədər də hər şeydən xəbərləri olan insanlar deyillər. Hər şey şirkətin insafına qalıb. Yəqin ki, kompensasiya barədə düşünürlər. İndi necə kompensasiya verəcəkləri müəmmalar yaradır. Çünki hələ cəsəd tapılmayıb. Cəsədi tapılmamış ölmüş kimi qəbul edilmir. Hadisədən 6 ay sonra məhkəmə qərar verə bilər, həmin neftçilərin ölümü barədə. Yalnız bundan sonra onlara bütün imtiyazlar verilə bilər. İtkin düşənlərlə bağlı şirkətin daxili əsasnaməsini əsas götürəcəklər. Şirkət ailələrə ilkin yardımları edəcək. Neftçilər barədə qəti qərar verilənə qədər onların ailələrinin qeydinə qalınmalıdır. Şirkətin daxili əsasnaməsinə görə, həyatını itirən ailə başçılarının övladları 18 yaşlarına qədər himayəyə götürülürlər. Ailədə kimisə işlə də təmin edə bilərlər. Əgər pullu təhsil alan neftçi övladları varsa, onların ödənişləri ödəniləcək. Eyni zamanda itkin düşənin krediti varsa, o da ödəniləcək. Hər şey nəzərdə tutulub, amma bunlar müvəqqətidir. Zaman keçəcək, amma ailə başçısı geri qayıtmayacaq. Əsas faciə cəsədin tapılmamasıdır. Üzbəüz qonşum var, oğlu Neft Daşlarında itkin düşüb. Onun anası bütün günü ağlayır ki, bir dənə qəbir daşı istəyirəm, bütün günü onun üstündə ağlayım. İnsanlar təsəlli yeri axtarırlar. Ailə üçün ən böyük kompensasiya ölüsünün onlara verilməsidir. Hansı ki, bunu edə bilmirlər. Elə ailə var ki, 8 övladı var. Bu barədə hələ ki bizə şikayətlər daxil olmayıb. İnsanlar hələ də hadisənin şokundadırlar. O insanlar özlərinin hüquqlarını bilmirlər. Şirkət əsasnaməsi və mövcud qanunvericilikdən xəbərləri də yoxdur. Onların hüquqları o zaman pozulub ki, insan itkisi ilə üzləşiblər. Bir də onların hüquqları o zaman pozulub ki, bu vaxta qədər baş verən faciələrlə bağlı kimsə cəzalandırılmayıb".

Şərhlər

Çox oxunanlar