“Azexport.az” portalı “Microsoft Azure” platformasını seçib
28.12.2016 15:36 Sosreaksiya 1230
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə edilən və ötən həftə Bakıda təqdimatı keçirilmiş “Azexport.az” internet portalı “Microsoft Azure” platformasını seçib.
“Azexport.az” internet səhifəsinin missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaratmaqdır. Portal dünyanın ən məşhur online satış şəbəkələrinə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir.
“Azexport.az” portalı “Microsoft” Korporasiyasının təqdim etdiyi ən son və innovativ xidmət olan “Azure” bulud platforması üzərində qurulub. Portalın qurulmasında məhz bu platformanın seçilməsinin əsas səbəbi onun bir çox üstün cəhətlərə malik olmasıdır. İlk növbədə, “Microsoft Azure”un miqyaslanma xüsusiyyəti sayəsində istifadəçi trafikinin nə qədər artmasından asılı olmayaraq platforma avtomatik şəkildə genişlənir və veb-saytı artıq yüklənmələrdən qoruyur. 99,999% əlçatan olma xüsusiyyəti ilə seçilən bu platforma “Built-in” mühafizə sisteminin köməyi ilə DDoS və digər növ haker hücumlarını vaxtında müəyyən edir və qarşısını alır. Bundan başqa, “Azure” platforması dünyanın 30 regionunda müvafiq uyğunluq sertifikatları ilə təltif edilmiş ən etibarlı TIER IV standartına cavab verən məlumat mərkəzlərindən fəaliyyət göstərir ki, bu da xarici ölkələrdən portala daxil olan istifadəçilərin portaldan istifadə təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcək.
“Etibarlılıq “Microsoft” üçün biznes deyil, ana dəyər rolunu oynayır. Azərbaycanda bu cür əhəmiyyətli layihələrin etibarlı tərəfdaşı olmaqdan həmişə qürur duymuşuq və gələcəkdə də innovativ texnoloji yanaşmalarımızla dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə dəstək olacağıq”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.
Onun sözlərinə görə, “Microsoft” Korporasiyası portalın inkişaf prosesinə süni intellekt əsasında qurulmuş “Microsoft Cortana” virtual köməkçi xidməti ilə də dəstək olmağa hazırdır.
“Made in Azerbaijan” brendi adı altında rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda təşviqində əhəmiyyətli rol oynayacaq bu portala “Microsoft” Korporasiyasının təqdim etdiyi “Power BI” və “Skype” kimi xidmətlər də inteqrasiya edilib. Belə ki, istifadəçi məhsulu satın almazdan öncə “Skype” vasitəsilə satıcı ilə əlaqə saxlaya və operativ şəkildə lazımi informasiyanı əldə edə bilər. “Power BI” isə biznes-təhlil rolunu oynayaraq məlumatların qısa zamanda səmərəli və keyfiyyətli analizini təmin edir. Bununla yanaşı, gələcəkdə sözügedən portala “LinkedIn” və “Bing” kimi servisləri də inteqrasiya olunacaq.
Qeyd edək ki, “Azexport.az” portalı ilə əməkdaşlıq "Microsoft" Korporasiyasının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırladığı Azərbaycan üzrə Milli Planının bir hissəsidir. “Microsoft”un Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin qeyri-neft sektorunun inkişafında rolu, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir.
Şərhlər