Ermənistan Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı prosedurun başlanma vaxtını qəsdən uzadır
03.01.2017 12:49 Sosreaksiya 1054
Ermənistan Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı prosedurun başlanma vaxtını qəsdən uzadır.
Bu barədə Trend-ə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər.
Qurumdan deyiblər ki, Ermənistanın rəsmi orqanları Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması məqsədilə müvafiq beynəlxalq qurumların təkidli müraciətlərinə cavab verməkdən imtina edir.
Qeyd olunub ki, qarşı tərəf konkret olaraq heç bir əsas və dəlil gətirmədən, müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanma vaxtını qəsdən uzadır:
"Təəssüflər olsun ki, hətta beynəlxalq vasitəçilər Ermənistanın bu qeyri-humanist hərəkətinə hələlik heç bir təsir göstərə bilmirlər. Bununla belə, tərəfimizdən aidiyyəti dövlət təşkilatları və beynəlxalq qurumlarla birlikdə bu istiqamətdə tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək".
Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.
reaksiya.az
Şərhlər