Qərargah: Hava şəraitinə baxmayaraq, itkin düşən neftçilərin axtarışı davam edir
07.01.2017 13:14 Sosreaksiya 1364
Azərbaycan Dövlət Dəniz Admnistrasiyasının (ARDDA) Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qərargahdan Reaksiya.az-a verilən məlumata görə, hazırda axtarış-xilasetmə əməliyyatlarının aparıldığı ərazidə küləyin sürətinin güclənməsi, dalğanın hündürlüyünün artmasına baxmayaraq, əməliyyatlar dənizdə və sahilboyu ərazilərdə fasiləsiz olaraq həyata keçirlir: "Pis hava şəraiti kiçik həcmli gəmilərin hərəkətinə ciddi maneələr törətdiyindən, qeyd olunan hava şəraitində texniki göstəriciləri axtarış xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən gəmilər axtarış rayonlarına cəlb edilib. Sahilboyu ərazilərdə axtarış-xilasetmə tədbirləri intensiv şəkildə davam etdirilir".
Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.
Şərhlər