Əli İnsanovun azadlığı üçün iki şərt...
09.01.2017 08:26 Sosreaksiya 1095
Sabiq nazirin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti yanvarın 11-də bitir; həbs müddəti uzadılacaq, yoxsa...
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla bağlı müəmmalar tükənmək bilmir. Keçən ilin oktyabrında 11 illik cəzası başa çatdıqdan sonra 3 maddə üzrə yeni cinayət təqibinə məruz qalan sabiq nazir barəsində seçilən həbs qətimkan tədbirinin müddəti yanvarın 11-də bitir.
Amma hələ də onun məhkəməsinin başlayıb-başlamayacağı məlum deyil. İnsanovun istintaqından da bir xəbər yoxdur. Adətən indiyə qədər bu tipli işlərdə həbs qətimkan tədbirinin müddətinin bitməsinə ən azı bir həftə qalmış nəzərdə tutulan müddətin ya uzadıldığının, ya da istintaqın bitib işin məhkəməyə göndərildiyinin şahidi olmuşuq. Amma sabiq nazirlə bağlı hələ də bunların heç biri yoxdur.
Hüquqşünaslar deyir ki, əgər iş məhkəməyə göndərilməyibsə, indiki halda onun həbs müddətinin artırılacağı ehtimalı böyükdür.
Amma o da maraqlıdır ki, həbs qətimkan tədbirinin müddətinin uzadılmasında da gözləməyə mövqeyi hiss olunur. Bu da bəzi iddiaların meydana çıxmasına səbəb olub. Belə ki, İnsanovu azad etmək üçün hakimiyyətin onun qarşısında bəzi şərtlər irəli sürdüyü deyilir. Hələ azadlığa çıxmasına aylar qalmış bu şərtlərdən imtina edən sabiq nazir üçün bunların şans olaraq qüvvədə qaldığı bildirilir. Hakimiyyətin onu azad etmək fikrində olduğu, lakin sabiq dövlət məmurunun israrının buna əngəl yaratdığı söylənilir.
İnsanovun yaxın çevrəsindən müsavat.com-a verilən məlumatda da yayılan iddialar dolayısı yolla təsdiq olundu. Hətta sabiq nazirlə anlaşmaq üçün ölkə iqtidarının vazkeçilməz iki şərtinin olduğu bildirildi. Bunlardan biri azadlığa çıxdıqdan sonra siyasətlə məşğul olmaması barədədir; digəri ölkəni tərk etməsi ilə bağlıdır. Hələ 2013-cü ildə İnsanova onunla bərabər həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə birlikdə bu şərtlərin irəli sürüldüyü, qəbul edəcəkləri təqdirdə hər ikisinin eyni vaxtda azad olunacağı vədinin verildiyi də qeyd olunurdu. O zaman Fərhad Əliyevin bu şərtləri qəbul etdiyi və azadlığa buraxıldığı, lakin sabiq səhiyyə nazirinin qətiyyətlə bundan imtina etdiyinə görə hazırda da dəmir qapılar arxasında olduğu iddia edilir.
Bu fikirlərdə müəyyən qədər həqiqət payı var. Çünki 2013-cü ildə azadlığa çıxdıqdan sonra Fərhad Əliyev dərhal ölkəni tərk etdi və o, hazırda Almaniyadadır. Azadlıqda olduğu müddət ərzində isə sabiq iqtisadi inkişaf nazirinin bir dəfə də olsun siyasətdə göründüyünün şahidi olmamışıq. İnsanovun heç vəchlə ölkəni tərk etmək fikrində olmadığı, azadlığa çıxdıqdan sonra siyasətlə məşğul olmaq fikrində qəti olduğu deyilir.
Sabiq nazirin yaxın çevrəsi qətiyyətlə onun şərtləri qəbul etməyəcəyini də bildirdilər. Hətta bunun üçün həbsxanadan məlumat göndərdiyini də qeyd etdilər. Verilən məlumatda o da deyildi ki, 11 ildən çox məhbəs həyatı yaşayan İnsanov belə şərtləri qəbul etməsini özü üçün “sınmaq” kimi qəbul edir.
Bütün bu amillərə görə onun həbs müddətinin uzadılması barədə məhkəmənin tələsmədiyi göz önündədir. Əgər sabiq nazir şərtləri qəbul edərsə, həbs müddətinin başa çatdığı günlərdə məhkəmə qərarı ilə onun “ev dustaqlığı”na buraxılacağı barədə xəbərlər yayılan iddialar sırasındadır. Əks halda həftənin ilk günləri onun həbs müddətinin uzadılacağı qaçılmazdır.
Ə.İnsanovun vəkili Toğrul Babayev “Yeni Müsavat”a açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxs barəsində hansı qərarın veriləcəyi ilə bağlı istintaqdan ona hələ də heç bir məlumatın verilmədiyini bildirdi. Vəkil məlumat verilən kimi bu barədə ictimaiyyəti məlumatlandıracağını da söylədi.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin avqustunda azad olunmasına iki ay qalmış İnsanov barəsində Cinayət Məcəlləsinin 3 - 234.1 (narkotik) və 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşya saxlama) maddələri ilə cinayət işi başlanıb. Bu maddələr üzrə onu 10 il 6 ay həbs cəzası gözləyir.
Şərhlər