Tramp Ərdoğanın iki mühüm gözləntisini həyata keçirəcəkmi...
12.01.2017 12:03 Sosreaksiya 1075
Elçin Mirzəbəyli: “Rusiyanın bu iki məsələnin heç birində Türkiyəyə köməyi dəyə bilməz, çünki...”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika ilə münasibətlərin düzəlməsi üçün ABŞ-dan iki gözləntisinin olduğunu bəyan edib. “FETÖ” adlandırılan təşkilatın rəhbəri Fətullah Gülənin Türkiyəyə verilməsi və ABŞ-ın PKK-ya, PYD-yə dəstəyinin kəsilməsi.
Qeyd edək ki, Türkiyə hakimiyyəti uzun müddətdir ABŞ-dan Pensilvaniyada yaşayan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini tələb etsə də Barak Obama iqtidarı bu tələbi yerinə yetirmədi. Cəmi bir həftə sonra Obama hakimiyyətini Donald Tramp hakimiyyəti əvəz edəcək. Bəs Donald Tramp Türkiyə iqtidarının qeyd olunan iki gözləntisini həyata keçirə bilərmi?
Trampın Rusiyaya loyal münasibətinin, Rusiya prezidenti V.Putinin hətta ona təsir imkanlarının olduğu bəllidir. Rusiyanın bu iki məsələdə, əsasən də Gülənin verilməsinə nail olmaq üçün Türkiyəyə köməyi dəyə bilərmi?
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Türkiyənin ABŞ-dan olan gözləntilərinin qarşılığında, çox güman ki, Vaşinqtonun da öz gözləntiləri var. Bu gözləntilərin nədən ibarət olduğu hələlik rəsmən açıqlanmayıb. Çox güman ki, Donald Tramp prezident vəzifəsinin icrasına başladıqdan sonra bir sıra məqamlara aydınlıq gətiriləcək: “İndiki şəraitdə görünən odur ki, ABŞ regionda Türkiyəyə bu günədək verdiyi roldan daha artığını vermək istəmir. Ankaranın daha böyük missiyaya sahiblənmək məqsədilə atdığı addımlar, daha dəqiq desək, gücə və potensiala söykənməyən ritorika isə Türkiyəyə qarşı həyata keçirilən arzuolunmaz bir prosesin daha da sürətlənməsinə zəmin yaradır.
İndiki şəraitdə aydın olmayan məqamlardan biri də Donald Trampın xarici siyasət kursu ilə bağlıdır. Məsələn, Tramp Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olduğunu bəyan etsə də onun dövlət katibi vəzifəsinə namizədliyini irəli sürdüyü şəxs-Reks Tillerson Moskvanın öz əməllərinə görə məsuliyyətə cəlb olunmasının vacibliyindən və eyni zamanda Vaşinqtonun müttəfiqləri qarşısında götürdüyü öhdəliklərdən danışır.
Əgər ABŞ-ın xarici siyasətinə görə birbaşa məsuliyyət daşıyacaq Reks Tillersonun mövqeyi yeni komandanın strateji hədəflərini ifadə edirsə, o zaman bu, Vaşinqtonun Moskva ilə münasibətlərinin kəskinləşməsinə səbəb olan geosiyasi kursdan əl çəkməyəcəyi anlamına gəlir. Yəni NATO Rusiya sərhədləri yaxınlığında təhlükəsizlik tədbirlərini daha da gücləndirəcək. Bu isə NATO üzvü kimi Türkiyənin də Rusiya ilə münasibətlərinə ciddi təsir göstərəcək və Ankaranı ciddi təzyiq, eləcə də seçim qarşısında qoyacaq.
Əslində vəziyyət göründüyündən daha mürəkkəbdir. Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi daha çox qardaş ölkənin hakim partiyası üçün əhəmiyyət kəsb edir. Xüsusilə də prezident üsul-idarəsinin tətbiqinə yol açan konstitusiya dəyişikliyinə nail olmaq istəyən Ədalət və İnkişaf Partiyası üçün Fətullah Gülənin təhvil verilməsi təbliğat və nəticə baxımından həlledici əhəmiyyət kəsb edə bilər.
Hər halda, Türkiyənin hakim partiyasının hakimiyyətdəki nümayəndələrinin, AKP-yə yaxın olan ekspertlərin və media qurumlarının təqdimatında bu, belə görünür. FETÖ ilə bağlı təbliğat o qədər genişmiqyaslıdır ki, Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi iqtidarın qələbəsini təmin edə və Suriyadakı uğursuzluqları unutdura bilər.
PKK və PYD məsələsi isə Türkiyə dövlətçiliyi üçün mühüm əhəmiyyət kəsb edir. Ankaranın tələblərdən hansına üstünlük verdiyini, yaxud verəcəyini yaxın bir neçə ay ərzində biləcəyik.
Rusiyanın bu 2 məsələnin heç birində Türkiyəyə köməyi dəyə bilməz. Moskvanın nə belə məqsədi var, nə də istəyi. Kreml Türkiyənin bütün ənənəvi müttəfiqləri ilə münasibətlərinin pozulmasını, manevr etmək imkanlarının azalmasını istəyir. Yəni Rusiyanın geosiyasi maraqları bunu tələb edir".
Politoloqun sözlərinə görə, inandırıcı görünməsə də Rusiyanın belə bir kömək etmək imkanı olarsa, Rusiya Gülənin Türkiyəyə təhvil verilməsinə daha pozitiv yanaşa bilər, nəinki PKK və PYD-nin sıradan çıxarılmasına: “Çünki daha öncə də qeyd etdiyim kimi, FETÖ məsələsi Türkiyənin siyasi hakimiyyəti, PKK və PYD məsələsi isə Türkiyə dövlətçiliyi üçün mühüm əhəmiyyət kəsb edir.
ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri Ankaranın Vaşinqtonla münasibətlərini qaydaya salmaq üçün müəyyən perspektivlərə yol açır. Bu perspektivlər arasından hansının seçiləcəyini isə zaman göstərəcək. Trampın prezidentliyi dönəmində Rusiya-ABŞ münasibətlərinin ideal bir fazaya qədəm qoyacağını düşünmürəm. Geosiyasi maraqlar Suriyada olmasa da Qara dəniz hövzəsində kəskin şəkildə toqquşacaq və tərəflərin heç biri güzəştə getməyəcək. Bu baxımdan, hesab edirəm ki, Türkiyənin indiki iqtidarının qarşısında duran əsas məsələ ölkənin manevr imkanlarının qorunub-saxlanılması, kəskin birqütblü siyasi kursun önə keçməsinə imkan verilməməsidir".
Reaksiya.az
Şərhlər