Deputat: "Bu il Azərbaycanda maliyyə sabitliyi olacaq"
13.01.2017 14:15 Sosreaksiya 1092
"Bu il Azərbaycanda maliyyə sabitliyi olacaq. Dolların uçot dərəcəsinin artırılması, neftin qiymətinin düşməsi dünyanın bir çox ölkələrinin valyutalarına, o cümlədən manatın sabitliyinə müəyyən qədər təsir edib. Azərbaycan iqtidarı manatın sabitliyi, ölkənin iqtisadi inkişafı üçün bir çox ciddi addımlar atır".
Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, bu il regionların inkişafı ilə bağlı yeni mərhələ başlayıb: "Sahibkarlara edilən böyük güzəşt, dövlət tərəfindən regionlarda infrastrukturun yaxşılaşdırılmasına verilən böyük dəstək, sosial evlərin tikintisi ilə bağlı başlayan proses regionlarda iqtisadi həyatı canlandırmalıdır. Bu isə sosial vəziyyətin yaxşılaşmasına, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Hesab edirəm ki, digər dəyişikliklər də olacaq. Bunu da zaman və şərait göstərəcək. Bilirsiz ki, Maliyyə Bazalarına Nəzarət Palatası yaradılıb, dövlət idarələrinin bir qisminə publik hüquqi şəxs statusu verilib, sahibkarların borclarına amnistiya tətbiq edilib. Bunların hamısı iqtisadi artıma, maliyyə sabitliyinə gətirib çıxarmalıdır".
Komitə sədrinin müavini 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişin olcağını vurğulayıb: "Dağlıq Qarabağ probleminin həllində müəyyən dəyişikliklərin olması gözləniləndir. Çünki problemin həllinin zamanı, artıq yetişib. Azərbaycan dövlət olaraq qüdrətlənib, ərazisinin bir hissəsinin Ermənistanın işğalı altında qalmasına heç cür dözə bilməz. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ölkəmiz bu məsələ ilə mümkün olan güzəştləri Ermənistan tərəfinə təklif edib. Problem həll edilməlidir, amma həllin hansı formada və necə olmasını indidən demək çətindir. Ümumi analiz problemin həllinin yaxınlaşdığını göstərir".
Şərhlər