Güneyin seçilməmiş elçisi
14.01.2017 15:54 Sosreaksiya 1266
"Reaksiya.az" xəbər verir ki, 13 yanvar 2017-ci il tarixində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d.Esmira Fuadın ”XX əsr Güney Azərbaycanın epik şeirləri” və “Güney Azərbaycanda çağdaş ədəbi proseslər” kitablarının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimini məzmunlu giriş sözü ilə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova açdı və Esmira xanımın o taylı-bu taylı Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği işindəki xidmətlərini yüksək dəyərləndirdi. Xanım Yusifova çıxışında Esmira Fuadın təqdim olunan kitablarını ədəbiyyat sevərlərimiz üçün ən böyük hədiyyə olduğunu dilə aldı. O bildirdi ki, fars dilində və ərəb qrafikasında oxuya bilməyən hər bir aydınımız məhz bu kitablar vasitəsilə Cağdaş Güney ədəbiyyatında gedən prosselərdən məlumatlı olacaqdı.
Sonra mərasimdə çıxış edən çağımızın görkəmli alimləri prof.Asif Rüstəmli, Cavanşir Yusifli, Şahbaz Musayev, Şəmil Sadiq, Elxan Nəcəfov, təcrübəli jurnalist və şair Nəriman Qəhrəmanlı, tanınmış ziyalı xanmlarımız Məlahət Qurbanova, Zərnişan Azayeva, Zərəngiz Dəmirçəlli, istedadlı şair Kəmalə Abıyeva Esmira Fuadın bu gün Güney ədəbiyyatının ardıcıl öyrənilməsi və quzeyli oxuculara çatdırılması yolunda yorulub-usanmadan çalışdığını, gərgin axtarışlar apardığını və uğurlu sonuclara vardığını qeyd etdilər. Onu “Güney ədəbiyyatının Qız qalası”na (Z.Azayeva), “Savalan dağına (Ş.Sadiq)” bənzətdilər və “əbədiyyat sevdalısı (A.Rüstəmli)”, ədəbiyyatın ardıcıl və sistemli araşdırıcısı, “Şəhriyarın mənəvi evladı (M.Qurbanova)”, “Güney Azərbaycanın seçilməmiş elçisi” kimi dəyərləndirdilər.
Tədbirdə bir daha vurğulandı ki, “Ədəbiyyatın bu günü və gələcəyi ilə bağlı Güneydə formalaşan estetik fikrin aparıcı məqamlarını diqqət mərkəzinə gətirən, bu mövzuda düşünmək, müzakirə açmaq, polemika aparmaq üçün şərait yaradan xanım tədqiqatçının oxucuların mühakiməsinə verdiyi bu dəyərli əsərlər ədəbiyyatımızın bütöv mənzərəsi üzərində düşünmək, yol xəritəsi müəyyənləşdirmək baxımından kifayət qədər dolğun material verir.
Şərhlər