Beynəlxalq Forum Rusiya alimlərinin petisiya təşəbbüsünə dəstək verdi

24.01.2017 16:20     Sosreaksiya     1125

İşğala və Terrora qarşı Beynəlxalq Forumun (İTBF) Azərbaycan təmsilçiliyinin dünən keçirilən iclasında bir sıra məsələlər müzakirə edilib və qərarlar qəbul olunub.

QHT.az xəbər verir ki, Forumun Azərbaycan təmsilçiliyinin rəhbəri Akif Nağı (Qarabağ Azadlıq Təşkilatı) son dövrdə görülmüş işlər və müzakirəyə çıxarılan məsələlərlə bağlı məlumat verib. 

Forum üzvləri Mehdi Mehdiyev ( Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi), Sultan Əzimzadə (20 Yanvar İctimai Birliyi), Radə Abbas (Müharibə Veteran Qadınlarına Sosial Yardım İctimai Birliyi), Mətanət Əsgərqızı (“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi), Füruzə Əsədullayeva (“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi), Mehriban Abdullayeva (Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi), Tahirə Məmmədova (Azərbycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi), Şərqiyyə Dadaşova (Regional Gender Mərkəzi), Cəsarət Hüseynzadə( İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi), Zaur Qəriboğlu (Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyi) və digərləri müzakirələrdə iştirak edərək Rusiyada erməni terrorizminə qarşı petisiya təşəbbüsü, Türkiyədəki silsilə terror aktları və başqa məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərini veriblər.

Forum iştirakçıları rusiyalı alim Oleq Kuznetsovun rəhbərlik etdiyi qrup tərəfindən keçmiş SSRİ ərazisində ermənilər tərəfindən törədilən terror aktlarına dair petisiya təşəbbüsünü yüksək qiymətləndirib, petisiyaya hərtərəfli dəstək verilməsini qərara alıblar. İclasda Türkiyədə törədilən silsilə terror aktları qətiyyətlə pislənilib, terror aktları müəyyən mərkəzlər tərəfindən Türkiyəyə, bütün türk dünyasına qarşı qəsd kimi qiymətləndirilib və xüsusi olaraq vurğulanıb ki, mənfur qüvvələr öz niyyətlərinə çata bilməyəcəklər. Forum iştirakçıları terror və işğal törədən qüvvələrin ifşa olunması, beynəlxalq birliyə obyektiv informasiyanın çatdırılması üçün kütləvi informasiya vasitələri və sosial şəbəkələrin imkanlarından istifadə etməyin vacibliyini vurğulayıblar.

 

İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forum

Şərhlər

Çox oxunanlar