Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verib
25.01.2017 15:29 Sosreaksiya 1646
“Elektron hökumət” portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt ünvanları - interaktiv xəritə” adlı daha bir elektron xidməti portala inteqrasiya olunub.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu xidmətdən istifadə etməklə “Azərpoçt” MMC-nin 1 600-dən çox poçt şöbəsinin ünvanlarını, poçt indekslərini, poçtların iş rejimini, poçt məntəqəsinə gedən ən yaxın yolu müəyyən etmək mümkündür.
“Google Map” üzərindən təqdim edilən bu xidmət bir çox funksionallıqları özündə birləşdirir. Xəritə üzərində küçə adına, poçt indeksinə və telefon nömrəsinə görə axtarış etmək olar. Məsələn, əgər küçə adı üzrə poçt məntəqəsi haqqında məlumat almaq istəyirsinizsə, menyudan “Küçə adına görə” kateqoriyasında müvafiq xanadan lazım olan küçənin adını seçməklə xəritə üzərində açılan pəncərədə poçt məntəqəsi ilə bağlı bütün məlumatlarla tanış olmaq mümkündür.
Digər 2 kateqoriya - “poçt indeksinə görə”, “telefon nömrəsinə görə” seçməklə də eyni formada axtarış etmək olar.
Xidmətin funksional imkanları genişdir. Belə ki, "Marşrutu göstər" düyməsini seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan nəqliyyat vasitəsinin hərəkət marşrutu göstərilir.
Qeyd edək ki, ötən il Məlumat Hesablama Mərkəzi “iOS” və “Android” əməliyyat sistemində işləyən qurğular üçün "Poçt Ünvanları" adlı, eyni funksiyalı mobil tətbiq də istifadəyə verib.
"Poçt Ünvanları" mobil tətbiqini "App Store" və "Play Store"da "Poçt Ünvanları" yazıb axtarış etməklə mobil qurğuya yükləmək mümkündür.
Reaksiya. az
Şərhlər