Siqaretlərin bahalaşma səbəbi: 2 şirkət bazarda “at oynadır”
25.01.2017 18:04 Sosreaksiya 1276
Artıq bir neçə gündür ki, Azərbaycanda siqaretlərin qiymətlərində yenidən artım müşahidə edilir. Belə ki, qiyməti 2 manata qədər olan siqaretlər 10 qəpik, 2 manatdan baha olanlar isə 20 qəpik bahalaşıb.
Yaranmış vəziyyət insanlar arasında narahatlığa səbəb olub. Hazırda dünya bazarında siqaretlərin qiymətlərində elə bir artım yoxdur ki, ölkəyə idxal edilən məhsulların qiymətinə təsir etsin. Gizli yolla ölkəmizə gətirilən xarici ölkə aksizli siqaretlər belə, daha ucuz satılır. Belə halda, Azərbaycanda siqaretlərin bahalaşması nə ilə əlaqədardır?
Respublikamızda gedən iqtisadi proseslər həm qiymət, həm keyfiyyət, həm də digər kriteriyalar baxımından dünya bazarında gedən proseslərdən tamamilə fərqlidir. Çünki ölkəmizdə müxtəlif sahələr üzrə monopoliya var. Həmçinin siqaret satışı da buna aiddir. Siqaretin bahalaşması yalnız siqaret sahəsini inhisara alan məmurlara sərf edir.
Belə ki, inhisarçılar yaranmış fürsətdən istifadə edərək daha çox gəlir əldə etmək istəyirlər. Bu səbəbdəndir ki, Azərbaycana gətirilən siqaretlər kifayət qədər baha qiymətə satılır. Burada digər bir məsələ də var. Bir müddət öncə bəzi siqaretlər dəhşətli şəkildə bahalaşdı. Bu zaman ölkə bazarına alternativ siqaretlər girməyə başladı. Hansı ki, bu siqaret digərlərindən qat-qat ucuzdur.
İlk dəfə bazara çıxanda 50 qəpiyə satılan “Viceroy” siqareti hazırda 2 manat 20 qəpiyə satılır. Maraqlısı budur ki, bu brend markanın sırf bu formada qutulanmış siqaretinə başqa ölkələrdə rast gəlinmir. Yəni ki, həmin siqaret Azərbaycan ərazisində qutulanır, amma həddən artıq baha satılır.
Market və topdansatış mağazalarında qiymət artımının onlardan asılı olmadığını deyirlər: “Qiyməti, bazarı siqareti gətirən şirkətlər təyin edir. Çünki onlar qiyməti artırırlarsa, biz də artırmalı oluruq. Azaldırlarsa biz də azaldırıq. Hazırda səbəbsiz yerə qiymətləri artırdılar. Kimsə günahı bizdə görməsin. Biz nə edə bilərik ki?”
İqtisadçı ekspert Natiq Cəfərli qiymət artımının səbəblərini açıqlayıb.
Musavat.com-a danışan ekspert son qəbul edilən qanunun qiymət dəyişməsinə böyük təsiri olduğunu bildirib: “Alt yapı olmadan bir gecəyə qərar verildi. Nə siqaret şirkətlərinin, nə də pərakəndə və topdansatışla məşğul olanların buna hazırlığı var idi. Hər şey qəfil baş verdi. Ona görə də, həm bəzi siqaret markalarında qıtlıq yaranıb, həm də qiymətlər bahalaşıb. Azərbaycanda tütün istehsalı yoxdur. Siqaretlər ya birbaşa xaricdən gətirilir, ya da sifariş əsasında Azərbaycan üçün qablaşdırılır. Manatın dəyərdən düşməsi bu səbəbdən qiymətlərə təsir edir. Səbəblər çoxdur və bu səbəblər qiymətləri tez-tez dəyişir”.
Ekspert məsələnin həlli yolunun rəqabət mühitinin yaranmasında görür: “Əgər nağdsız ödənişə keçirdilərsə, gərək bunun aylar öncədən alt yapısı hazır olmalı idi. Şirkətlərlə danışmalı, anlaşılmalı, məlumat verilməli idi. Amma görünən budur ki, çox bəsit bir məsələni həll edə bilmədilər. Bank sistemi normal qaydada fəaliyyət göstərsəydi, ağ mühasibatlıq sistemi Azərbaycanda oturuşsaydı, heç bir problem olmayacaqdı. Hər kəs köçürmə üsulu ilə öz işini görəcəkdi. Amma sistem olmadığı üçün insanlar əziyyət çəkirlər. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda normal bank sistemi yoxdur. Həmçinin ölkədə cəmisi 2 siqaret şirkəti var. Bazarı öz aralarında bölüblər və qiyməti də onlar diktə edirlər. Əgər 2 yox, 12 şirkət Azərbaycan bazarına girə bilsəydi, rəqabət mühiti yaranardı. Belə olacağı təqdirdə, qiymətlər bu qədər baha olmayacaqdı. Rəqabət mühiti olmadığı üçün qiymətlər tez-tez bahalaşır”.
Reaksiya. az
Şərhlər