Səhiyyə Nazirliyi: Siqaretlərin vitrinlərdə görünməsi qadağan edilməlidir
30.01.2017 12:44 Sosreaksiya 1233
Azərbaycanda pərakəndə ticarət obyektləri və satış məntəqələrində tütün məmulatlarının görünməsi və hər hansı təsvirinin verilməsi qadağan edilməlidir.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdir müavini Tofiq Musayev "Azərbaycanda tütünlə mübarizə qanunvericilyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, satış obyektlərində tütün məmulatlarının görünməsinin özü elə onların reklamı hesab oluna bilər: "Bu, siqaret çəkməyən insanlarda belə onlara qarşı maraq yarada bilər. Siqaret vitrini tütünçəkməni təbliğ edir. Buna görə də Rusiyada olduğu kimi, Azərbaycanda da tütünlə mübarizə üzrə qanunvericiliyə siqaretlərin vitrinlərdə görünməsinin qadağan edilməsi məsələsi daxil edilməlidir".
O qeyd edib ki, Azərbaycanda siqaretin müəyyən olunmuş qapalı yerlərdə çəkilməsinə görə cərimələr müəyyən olunub. Lakin bu cərimələrin tətbiqi mexanizmi olmalıdır.
T.Musayev əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının xüsusi metodologiyası əsasında ötən il ərzində keçirilən araşdırmanın nəticələrinə görə, siqaret çəkən yeniyetmələrin 64,8%-i mağazadan siqaret alıb: "Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5% düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8 %-i növbəti il siqaret çəkməyə başlaya bilər”.
Reaksiya. az
Şərhlər