Millət vəkili Rüfət Quliyev “Gənclərin dostu” mükafatına layiq görüldü
02.02.2017 18:11 Sosreaksiya 1776
Reaksiya.az xəbər verir ki, Azərbaycan Gənclər Mərkəzi ənənəvi olaraq bu il də “Gənclərin dostu” Milli Mükafatını təqdim edib. Qeyd edək ki, mükafat təşkilat komitəsinin qərarı ilə keçirilən sorğu nəticəsində hər il müxtəlif sahələrdə çalışan şəxslərə və gənclərə xüsusi qayğı göstərən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına önəm verən, xeyriyyəçilik edən, ictimai-siyasi həyatda fəal iştirak edənlərə təqdim olunur.
Azərbaycan Gənclər Mərkəzi bu il “Gənclərin dostu” Milli Mükafatına Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevi layiq görüb. Rüfət Quliyev “Gənclərin işlə təmin olunmasında, onların layihələrinin həyata keçirilməsindəki xidmətlərə görə” nominasiyası üzrə təltif olunub.
Mükafatı Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elvin Hüseynov təqdim etdi.
Millət vəkili R.Quliyev bu mükafata layiq görülməsindən qürur hiss duyduğunu bildirdi və Gənclər Mərkəzinə təşəkkür etdi.
Deputat ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışdı. Millət vəkili bildirdi ki, o ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə keçmiş SSSR məkanının ən nüfüzlu universitetlərindən olan Taras Şevçenko adına Kiyev Dövlət Universitetinə (hazırda Taras Şevçenko adına Kiyev Milli Universiteti )göndərilib.
R.Quliyevin sözlərinə görə, o təhsil müddəti ərzində ulu öndərin, Azərbaycanın qayğısını hər an hiss edib və ona göstərilən bu etimadı da şərəflə doğruldub.
Deputat həmçinin onu da vurğuladı ki, hazırki şəraitdə Azərbaycanda bir sıra rəhbər vəzifələrdə çalışan şəxslər adıçəkilən universitetin məzunlarıdır: “Hazırda ulu öndərin siyasət kursunu uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev gənclərə xüsusi qayğı göstərir. Onların xaricdə təhsil almasına, istisaslı mütəxəssislər kimi yetişməsinə xüsusi önəm verir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı misal göstərmək olar”.
Professor R.Quliyev onu da dilə gətirdi ki, Azərbaycan Texniki Universitetinin kafedra müdiri kimi mütamadi olaraq gənclərlə görüşür, onların problemləri və qarşılaşdıqları çətinlikləri öyrənir.
Millət vəkilinin fikrincə, bu gün Azərbaycanda ləyaqətli gənclər nəsli yetişir. Onlar ata-babalarının estafetini uğurla davam etdirilər. Dahi Nizami deyib ki “qüvvət elmdədir, elmsiz heç kəs, heç kəsə qalib gələ bilməz”.
Bununla yanaşı deputat təəssüf hissilə bildirdi ki, elə gənclər də var ki, onlar zəif oxuyur, təhsil müəssisələrinin ictimai-siyasi həyatında fəal iştirak etmək əvəzinə boş vaxtlarını mənasız işlərə sərf edirlər . Ümid edirəm ki, gənclər bu tənqiddən nəticə çıxartmalıdırlar.
R.Quliyev deputat seçildiyi Lənkəran rayonunda tez-tez olur, şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovla gənclərin məsələlərini müzakirə edir, onlar üçün yeni iş yerlərinin açılması üçün səy göstərirlər.
Millət vəkili onu da bildirdi ki, Lənkəranda olarkən öz qəbul otağında, həmçinin orta məktəblərdə və Lənkəran Dövlət Universitetində də tez-tez gənclərlə görüşür. Onların qarşılaşdıqları çətinliklərin həllinə çalışır.
Eyni zamanda professoru olduğu Taras Şevçenko adına Kiyev Milli Universitetində keçirdiyi master klasslar zamanı da azərbaycanlı gənclərlə görüşür, onların qayğı və problemlərini öyrənərək həll edir.
Xatırladaq ki, “Gənclərin dostu” Milli mükafatına əvvəllər Azərbaycan Ağsaqqalar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, millət vəkili Qənirə Paşayeva və digər dövlət rəsmiləri, media mənsubları, uğurla fəaliyyət göstərən şirkət təmsilçiləri və məşhur musiqiçilər layiq görülüb.
Şərhlər