AMEA Genetik Ehtiyatlar İnstitutu, qurumun həyətində kəsilən çoxəsrlik nar və əncir ağaclarının yerində zeytunluq salınacağını bildirir.
İnstitut bu açıqlamanı BBC Azərbaycancaya, qurumun təcrübə sahəsində tarixi ağacların balta ilə kəsilməsi və yandırılmasına dair məlumatın araşdırılması zamanı bildirib.
BBC Azərbaycancaya bu barədə daxil olan foto və video görüntülərdə və məlumatlarda deyilir:
"Təxminən 10 gündən çoxdur ki, yarıməsrlik əncir və nar ağacları balta üsulu ilə kəsilir və qırılanlar yandırılır. Əraziyə qərəzli şəkildə kanalizasiya suları axıdıldı, nəticədə ağaclar yandı."
Məlumatda burada təxminən 50-dən çox ağacın diqqət çəkmədən kəsildiyi və bu ərazinin gələcəkdə bina tikintisi üçün istifadə ediləcəyi bildirilib.
İnstitutun direktoru Zeynal Əkbərov BBC Azərbaycancaya ağacların kəsilməsi faktını təsdiqləyib, lakin bina tikintisinə dair iddiaları "yalan" adlandırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələ ilə BBC Azərbaycancaya qanunsuz ağackəsmə faktının olmadığını bildirib.
İnstitutun direktoru Zeynal Əkbərov BBC Azərbaycancaya ağacların kəsilməsi faktını təsdiqləyib, lakin bina tikintisinə dair iddiaları "yalan" adlandırıb.
2003-cü ildən fəaliyyət göstərən AMEA Genetik Ehtiyatlar İnstitutu Azərbaycanda biomüxtəlifliyin genetik ehtiyatlarının toplanması, mühafizəsi və səmərəli istifadəsi ilə məşğul olan tədqiqatlar qurumudur.
İnstitutun direktoru Zeynal Əkbərov ağacların kəsilməsinin və həmin ərazinin təmizlənməsinin, bu ərazidən keçən kanalizasiya xəttinin kənarlaşdırılması ilə bağlı olduğunu deyir.
O izah edir ki, Xutordan, 9-cu mikrorayondan başlayan kanalizasiya xətləri həyətdəki təcrübə sahəsindən keçərək Azadlıq Prospektindəki 2 metr diametrlik çirkab suları kəmərinə birləşir.
"Son illərdə insanların sayının artması, çoxlu tikililərin olması və yağıntılar nəticəsində kəmər bu suyu aparıb çatdıra bilmir, ona görə də bu su neçə illərdir bizim təcrübə sahələrini basaraq yararsız hala salıb."
O əlavə edir ki, "Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi" haqda qanuna görə, həmin ərazi tam əlverişli şəraitdə olmalıdır və həmin ağaclar suyun içində ola bilməzlər.
"Həm də ki, o çirkab suların tərkibində bütün sintetik maddələr, yuyucu tozlar, hər cürə texnogen maddələr var. Su az qala gəlib institutu basır", - cənab Əkbərov bildirib.
Cənab Əkbərov kanalizasiya xəttinin yerinin dəyişdirilməsi barədə Azərsu ASC-ə "çox məktublar yazdıqlarını, çox müraciətlər etdiklərini" bildirib.
"Bizim akademiyanın direktoru Akif müəllim də müraciət edib ki, kəməri buradan çıxararaq yolun o tərəfindən keçirsinlər. Onlar da deyir ki, imkan məhduddur, onu keçirmək üçün gərək bütün buraları qazıb-tökmək lazımdır. Hazırda da son 2 ildə də maliyyə çətinliyi var, bu məsələ tam həllini tapmayıb."
Ərazidəki nar və əncir ağaclarının məhv olunmasına gəldikdə isə, cənab Əkbərov təxminən 10 il əvvəldən başlayaraq onların tam və dublikat kolleksiyalarının yaradıldığını bildirib.
Azərsu ASC-nin sözçüsü Anar Cəbrayıllı BBC Azərbaycancaya bildirib ki, bu iddialarla bağlı araşdırma aparılacağını deyib.
Ərazidəki nar və əncir ağaclarının məhv olunmasına gəldikdə isə, cənab Əkbərov təxminən 10 il əvvəldən başlayaraq onların tam və dublikat kolleksiyalarının yaradıldığını bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları BBC Azərbaycancanın müraciətindən sonra ərazidə araşdırma və yerində baxış həyata keçirib.
"Hər hansı qanunsuz ağac kəsilməsi faktı yoxdur, ora yaşılllıq ərazisi kimi getmir, ora mədəni bitkilərin genetik ehtiyatları fondudur, ağaclardan seleksiya, çalaq etmək, iqlim şəraitinə uyğunlaşdırmaq, artırmaq məqsədilə istifadə olunur", Departamentin sektor müdiri Raqub Mirzəyev bildirib.
Hazırda isə cənab Əkbərovun gələcəkdə zeytunluq salınacağını dediyi həmin ərazidə hava şəraitinə görə iş dayanıb.
"Bu il o boru kəməri oradan çıxarılmalıdır və ora zərərsizləşdirilməlidir ki, epidemiya mənbyinə çevrilməsin. Hazırda havaya görə iş dayanıb", rəsmi qeyd edib.
Şərhlər