Azay Quliyev fransalı və gürcüstanlı nazirlərlə görüşüb - FOTOLAR
10.02.2017 23:49 Sosreaksiya 1147
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və deputat Vüsal Hüseynov ölkəmizdə səfərdə olan Fransanın Dövlət katibi Jan-Vensen Plasen və Gürcüstanın ədliyyə naziri xanım TeaTsulukiani ilə görüşüblər. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, A. Quliyev ölkəmizin həm Fransa, həm də qonşu Gürcüstanla mövcud olan dostluq münasibətlərindən danışıb, parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olmasını diqqətə çatdırıb. O deyib ki, ölkələrimiz bir çox sahələrdə, o cümlədən əsası 2011-ci ildə qoyulmuş Açıq Hökumət Tərəfdaşlığı Platformasında əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünə ilk qoşulan ölkələrdən olub və təşəbbüsün əsas sənədi olan Bəyannaməyə imza atıb. AHT təşəbbüsünə qoşulan ölkələrin əsas öhdəlikləri hökumətlərin fəaliyyət bilgilərinin hər kəs üçün əlçatan olması, idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi, hökumətin daha hesabatlı və açıqlığı üçün yeni nəsil texnologiyaların tətbiq edilməsidir. Açıq Hökümət Tərəfdaşlığının ən önəmli prinsiplərindən biri isə hökumət və vətəndaş cəmiyyətinin əməkdaşlığıdır. Söhbət zamanı qonaqlara Azərbaycanda hökumətin AHT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi, vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülmüş işlər barədə geniş məlumat verildi, qarşıda dayanan vəzifələrdən danışılıb. Görüşdə Gürcüstanın ədliyyə naziri xanım TeaTsulukiani və Fransanın Dövlət katibi Jan-Vensen Plasen Açıq Hökumət Tərəfdaşlığı Platformasında Azərbaycan tərəfindən koordinasiyanın gücləndirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırdılar. Bildirildi ki, bu platformada əməkdaşlıq AHT prinsiplərinin Azərbaycanda daha geniş yayılmasına və son nəticə olaraq şəffaflıq və iştirakçılıq sahəsində müstəqil vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqa, vətəndaş cəmiyyəti təşəbbüslərini dəstəkləyən mexanizmlərin qurulmasına töhfə verəcək.
Şərhlər