Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

12.02.2017 14:30     Sosreaksiya     960

Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə Reaksiya. az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən hərbi hissələrin komandirləri və digər məsul zabitlər də cəlb olunub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdıran nazir cəbhə xəttində yaranmış son vəziyyətin təhlilini apararaq qarşıda duran vəzifələri xüsusi qeyd edib. General-polkovnik Z.Həsənov bütün kateqoriyalardan olan komandir və rəis heyəti qarşısında xidməti döyüş fəaliyyətinin artırılması, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, müdafiə sisteminin hərtərəfli təminatı, döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar göstərişlər verib. Müşavirədə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi işinin qəhrəmanlıq nümunələrinə əsaslanaraq həyata keçirilməsi, hərbi qulluqçuların Vətənə, dövlətə və Ali Baş Komandana misilsiz sədaqət ruhunda tərbiyə olunmasının vacibliyi qeyd olunub. Müdafiə naziri cəbhə xəttində düşmənin fəaliyyətinin daim izlənilməsi, bütün istiqamətlərdə hərbi üstünlüyün və təşəbbüsün əldə saxlanılması, o cümlədən, düşmən təxribatlarına qarşı dərhal və təsirli tədbirlərin görülməsi ilə bağlı müşavirə iştirakçıları qarşısında tapşırıq qoyub.

Şərhlər

Çox oxunanlar