Bilik Fondu İslam Həmrəyliyi Oyunlarının təbliğatına başlayıb
16.02.2017 19:01 Sosreaksiya 1181
Bu gün Azərbaycan Prezidenti yanında Bilik Fondunda İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktorları Könül Nurullayeva və Elçin Səfərovun gənclərlə görüşü keçirilib.
Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Fondun əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi layihələri barədə məlumat verdikdən sonra İslam Həmrəyliyi Oyunlarının yalnız idman bayramı deyil, həm də siyasi hadisə olduğunu diqqətə çatdırıb.
2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi" ili olduğunu xatırladan aparat rəhbəri İslam Həmrəyliyi Oyunlarının məhz bu il keçirilməsinin dövlətin məqsədyönlü şəkildə yürütdüyü ardıcıl inkişaf siyasətinin bariz nümunəsi olduğunu bildirib.
İ.Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin “bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq" fikirlərinə diqqət çəkərək, təmsil etdiyi qurumun İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə birgə təbliğat-təşviqat işlərinə başlamağa hazır olduğunu deyib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları Fondda görməkdən məmnun olduğunu bildirib. O.Səmədov İslam Həmrəyliyi Oyunlarının mahiyyətinin ölkə ictimaiyyətinə daha ətraflı çatdırılması məqsədi ilə Fondun hazırlayacağı ilkin fəaliyyət planını birgə müzakirəyə çıxarmağın məqsədəuyğun olduğunu söyləyib.
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Könül Nurullayeva İslam Oyunlarının tarixindən söz açıb. O, bu tədbirin tək Azərbaycanın, azərbaycanlıların deyil, İslam dünyası ölkələrinin, həmçinin başqa dinlərin daşıyıcılarının həmrəyliyinə, İslam dini haqqında yaranmış yanlış fikirlərin aradan qalxacağına böyük təkan olacağını vurğulayıb.
K.Nurullayeva İslam Həmrəyliyi Oyunlarına cəlb olunan idman növləri, idmançıların təmsil etdikləri ölkələr, Bakıda keçiriləcəyi məkanlar barəsində də ətraflı bilgilər verib.
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov oyunların maliyyə tərəfindən söz açaraq, əsas işlərin Avropa Oyunları Əməliyyat Komitəsinin maddi texniki bazası üzərində qurulacağını diqqətə çatdırıb, Komitənin iş prinsipindən fəaliyyət formasından danışıb. Komitə rəsmisi aprelin 2-dən 21-nə dək bölgələrdə əhali ilə görüşlər təşkil olunacağını söyləyib. Onun sözlərinə görə, məqsəd bütün prosesin açıq və şəffaf şəkildə əhaliyə çatdırılmasıdır.
Görüşdə Fondda təşkil olunan "Ərəb dili" kursu iştirakçıları arasından dili yaxşı mənimsəyənlərin İslam Həmrəyliyi Oyunlarına könüllü kimi cəlb olunmaları barədə razılğa gəlinib.
Sonda 12-22 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən hazırlanan video-çarx nümayiş olunub.
Reaksiya. az
Şərhlər