Ermənistana sığınan vətən xaininin atası danışdı

17.02.2017 13:14     Sosreaksiya     1244

Ermənistana sığınan vətən xaininin atası: “Mənim onunla münasibətim yoxdur, dedikləri də boş söhbətlərdir”


İşğalçı Ermənistanın mediası bu ölkəyə sığınan Talış Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü Şahin Mirzəyev ətrafında qurduğu şounu davam etdirir. Erməni kəşfiyyatının toruna düşüb vətəninə xəyanət edən Ş.Mirzəyev isə publika qarşısına çıxaraq Azərbaycana qarşı qarayaxmalarını davam etdirir.

Onun bu addımından şoka düşən ailə üzvləri də çox çətin vəziyyətlə üz-üzə qalıblar. Qeyd edək ki, vətəninə dönük çıxan Ş.Mirəzyev Lerik rayonunun Kəlvəz kəndindəndir. Bu kənd Lerik rayon mərkəzindən 30 km uzaqda, Azərbaycan-İran sərhədinin 500 metrliyində yerləşir. Kəlvəz kəndinin icra nümayəndəsi Qəhrəman Quliyev də qəzetimizə açıqlamasında Ş.Mirzəyevin bu addımını lənətlədiklərini deyib. Ş.Mirzəyevin atası, 92 yaşlı Sayil Niyaz oğlu Mirzəyev isə “Yeni Müsavat”a müsahibəsində özünə ölüm istədiyini söylədi:


Sayil müəllim, oğlunuz Şahin Mirzəyevin atdığı addım gözlənilməz olub. Bu barədə nə deyə bilərsiniz? Sizcə, o, niyə bu addımı atıb?


- Onu qara qüvvələr ələ keçiriblər. Gərək əvvəl həmin qara qüvvələr ifşa edilsin. Dövlət gərək həmin partiyalar var ki, onları özü çıxdaş eləsin. Mənlik nə var ki? İndi mənin də əlim ona çatmır. Mən yeriyə bilmirəm, xəstə adamam, yorğan-döşəkdəyəm. Neyləyim axı? Mən həm mətbuatdan, həm də dövlətdən kömək istəyirəm ki, bunun qarşısı alınsın.


- “Qara qüvvələr” deyəndə hansı qüvvələri nəzərdə tutursunuz?


- Ölkə daxilindəki qüvvələri. Müxalifət partiyaları var e, bunu yaxşı bilirlər.


- Onların bu məsələdə hansı günahı var, sizcə?


- Onların təhriki ilə də... Mən təxmini belə deyirəm, bəlkə də elə deyil. Amma ola bilər ki, onların təsiri altındadır.


- Ancaq bu vaxta qədər müxalifətçilər Avropaya, Amerikaya gedib sığınacaq istəsə də, düşmən ölkəyə sığınmamışdı. Sizin oğlunuz ilk dəfə belə bir addım atıb...


- Onun getməsi haqqında mənim heç bir məlumatım yoxdur axı. Bilmirəm o, niyə gedib.


- Ermənistanda keçirilən tədbirdən çəkilmiş şəkillərdə oğlunuz da var. Özü də iddia edib ki, talışlar Azərbaycanda təzyiqlərə məruz qalır, guya 300 min talış ölkəni tərk edib, daha nə cəfəngiyyatlar. Bu haqda nə deyə bilərsiniz?


- Onun dedikləri boş söhbətlərdir. Biz indiyə qədər təzyiq görməmişik, heç kəs də bizə təzyiq etməyib. Mən 65 il müəllim işləmişəm, Azərbaycan dövlətinə bağlı insanam.


Sizin kəndiniz - Lerikin Kəlvəz kəndi haqqında icra nümayəndəsi də bizə danışmışdı. Deyib ki, o kənddə, ümumiyyətlə, talış yaşamır...

 

“Allah ona lənət eləsin, məni rüsvay və zəlil elədi”

 


Əsl həqiqətdə Qəhrəman düz deyir. Həmin sovetlikdə 5-6 parça azərbaycanlıdır. Biz də həmin kəndlərdən birində - Kəlvəzdə yaşayırıq. İntəhası, o zonanın hamısını “Talış zonası” adlandırırlar. Ancaq biz o talış zonasına daxil deyilik.


- Bildiyimə görə, sizin 92 yaşınız var...


- Bəli. Oturmuşam, durub gəzə bilmirəm, hərəkətim yoxdur, xəstəyəm. Elə mən də bu gün-sabahlığam. Allah ona (oğlunu deyir-E.P.) lənət eləsin! Allah onu zəlil eləsin, məni bu günə qoydu.


- Özünüz uzun müddət müəllim işləmisiniz...


- Bəli. Mən elə indi də Kəlvəzdə yaşayıram. Qışda kənd soyuq olur, təkəm, xəstəyəm, ailəm də dünyasını dəyişib deyə, gəlirəm buraya, uşaqların yanına. Uşaqların anası çoxdan rəhmətə gedib.


- Şahin Mirzəyevin neçə yaşı var?


- 58 olar.


- Sizin neçə övladınız var?


- Mənim 9 uşağım var. 4 qardaş, 5 bacıdırlar.


- Bu oğlunuzun işi, gücü nə idi?


- Heç bir iş-gücü yox idi. Əvvəllər sürücü olub. Daha başqa iş-gücü olmayıb.


- Nə vaxtsa həbs olunubmu, təqiblərlə üzləşibmi?


- Bilmirəm. Mənim onunla əlaqəm olmayıb. Bu səbəbdən onun haqqında heç nə bilmirəm. Elə Bakıda olub. Bakıda olduğu müddətdə də mənim onunla heç bir əlaqəm olmayıb.


- Yəni bir oğul kimi gəlib atasına baş çəkmirdi ki?


- Yox, yox. Heç gəlib mənimlə görüşməyib. O bilirdi ki, mənim onunla münasibətim yoxdur, onun hərəkətlərindən xoşum gəlmir.


İndi oğlunuz sizin də, xalqın da, ölkənin də adına xələl gətirməkdə davam edir. Bu vəziyyətdə nə demək istərdiniz?


- Mən YAP-çıyam, prezidentin özünü də, xarici, daxili siyasətini də dəstəkləyirəm. O, çox böyük işlər görür. Mən eynəksiz görürəm. Eynəyi olanlar yaxşı görmür. Amma mən onun gördüyü işləri eynəksiz görürəm. Bu məsələdə elə ən ağır zərbə mənə dəyib. O başqa neyləyə bilər e? Bu boyda Azərbaycan dövlətinə elə adamlar nə edə bilər ki? Eləsinin milyonu olsun, heç nə edə bilməz...


- İstərdinizmi ki, oğlunuz Azərbaycana qaytarılsın və burada cəzalandırılsın?


- Mən onun haqqında heç nə deyə bilmərəm. Ümumiyyətlə, bura gəlsə də, mən ona nifrət etmişəm.


- Doğrudurmu ki, oğlunuz bundan əvvəl Gürcüstanda yaşayıb və düşmən ölkəyə ordan keçib?


- Hə. Bakıdan “xəstəlik” adı ilə Gürcüstana getdiyini bilirdim. Gürcüstana gedib, ordan da Ermənistana keçib.


- Ailə-uşağı varmı?


- Bəli, ailəsi, 3-də, 4-də oxuyan iki uşağı var.


- Ailəsi haradadır, Şahin Mirzəyevin hərəkətləri barədə nə deyirlər?


- Vallah, bilmirəm. Onlardan xəbərim yoxdur.


- Bəlkə ailəsini də aparıb...


- Düzü, xəbərim yoxdur. Allah ona lənət eləsin, məni biabır elədi... Sizdən çox xahiş edirəm, məni də çox narahat eləməyin. Çox narahatam. Mən ölüm ayağındayam, nəfəs ala bilmirəm... (kövrəlir) 

Musavat.com

Şərhlər

Çox oxunanlar