Milli Məclisdə parlament-media münasibətləri müzakirə olunub
17.02.2017 13:45 Sosreaksiya 1969
Milli Məclisdə parlament, Mətbuat Şurası və media qurumlarının rəhbərlərinin birgə iştirakı ilə media-parlament əlaqələri müzakirə edilib. Görüşdə Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV-lərə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərov, yazılı və elektron media orqanlarının rəhbərləri iştirak edib.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun da iştirak etdiyi görüşdə giriş nitqi ilə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirdi ki, Azərbaycan dövləti mətbuatın rolunu yüksək qiymətləndirir: “Bu prosesdə öz yerini tutmağa çalışan mətbuat nümayəndələrinin işini yüksək qiymətləndirilir, onların rolu xüsusi qeyd edilir. Azərbaycanda qısa müddətdə çox böyük uğurlar əldə olunub. Bu uğurların əksəriyyəti mətbuatla bağlıdır. Bütün hakimiyyət qanadlarında aparılan işdə mətbuatın böyük rolu var. Mətbuat üzərinə düşən işi yerinə yetirməkdədir. Hakimiyyətin vacib qanadlarından olan parlamentin işıqlandırılması, parlament media münasibətlərinin formalaşmasında çox şərəfli yol keçmişik. Ulu Öndər mətbuatı xüsusi qiymətləndirib, bu sahənin inkşafı ilə bağlı atılan addımlar nəticəsində mətbuat hazırki mərhələyə gəlib çıxıb”.
B.Muradova əlavə etdi ki, millət vəkilləri də, jurnalistlər də xalqın hakimiyyəti adından danışır, onların hüquqlarnı müdafiə edir: “Bu illər ərzində mətbuatın nailiyyətləri daha çoxdur və biz bundan qurur hissi ilə danışa bilərik. Biz parlament olaraq mətbuatın işinə önəm veririk. Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru-düzgün çatdırılmasında müəyyən problemlər var. Bu günkü görüşün əsas məqsədlərindən biri də, mətbuatdan gözləntilərimizi nəzərə çatdırmaq, mətbuatın yardımına ehtiyacımız olan məsələləri müzakirə etməkdir”.
Vitse-spiker dedi ki, biz parlament olaraq mətbuatın işinə çox önəm veririk: “Azərbaycan demokratik cəmiyyət quruculuğu ilə inkişaf edən bir ölkədir. Biz qısa bir müddətdə çox böyük uğurlar əldə etmişik və uğurlarımızın bir çoxu da mətbuat sahəsinə aiddir. Həm mətbuatın yaranması, təşəkkül tapması, inkişaf etməsi, demokratik cəmiyyət tələblərinə uyğun şəkildə formalaşması, onun qanunvericilik bazasının yaranması, qanunların aliliyinin təmin olunmasındakı iştirakı, gündəlik ictimai-siyasi durum dünyada, regionda, beynəlxalq aləmdə gedən proseslər, Azərbaycanın hədəfləri, bununla bağlı mətbuatımız öz üzərinə düşən vəzifəni zaman-zaman müəyyənləşdirib, müəyyən vaxtda üzləşdiyi çətinlikləri dəf edib, çoxlu sayda mətbuat sahəsində tanıdılmış simalar, adlar Azərbaycan xalqına və dövlətinə bəxş edib, demokratik ənənələrin yaranmasında, qurulmasında özünəməxsus rol oynayıb”. B. Muradova əlavə etdi ki, hakimiyyətin bütün qanadlarında aparılan iş, vahid bir məcrada əlaqələndirilməsi işində də mətbuatın çox böyük rolu var. “Biz yalnız birgə faydalı əməkdaşlıq nəticəsində daha effektli fəaliyyət göstərə bilərik. Gəlin biz imkanlarımızı birləşdirən, bizi güclü edən məsələlərdən danışaq”.
B.Muradova görüşün Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı əsasında keçirildiyini bildirdi və sədrə təşəkkürünü bidlirdi. Həmçinin görüşün təşkilinə görə Mətbuat Şurasının sədri Əflatun Amaşova minnətdarlıq etdi.
“Bizi ayıran heç bir şey yoxdru, bizi birləşdirə dəyərlər mövcuddur”-deyən B.Muradova əməkdaşlıq imkanlarından danışdı. Tədbirin Xocalı soyqırımının 25 illiyinə təsadüf etdiyini deyən vitse-spiker qeyd etdi ki, Azərbaycana qarşı törədilmiş cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması işində mətbuat-parlament əməkdaşlığına da ciddi ehtiyac var.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov iştirakçıları salamladıqdan sonra Milli Məclisin sədri Oqtay Əsədova təşəkkürünü bildirdi. Bildirdi ki, parlament sədri həmişə mətbuatla normal münasibət qurmağa çalışıb.
“Bizim məqsədimiz aydındır, tanışlıqdır. Amma mən xahiş edirəm biz bu görüşün statusunu aşağı salmayaq” - deyən Ə.Amaşov qeyd etdi ki, bu sayda media rəhbəri ilk dəfədir parlamentə toplaşıb. MŞ sədri qeyd etdi ki, görüşdə məqsəd ölkə mediasının parlamentin işində, qanunvericilik bazasının hazırlanmasında daha yaxından iştirak etməsidir.
“Bizim xalqımızın inkişafında, milli təfəkkürünün inkişafında, milli mənliyinin meydana gəlnməsində Azərbaycan mətbuatı kifayət qədər rol oynayıb, bu, “Əkinçi”dən başlayıb” - deyən Ə.Amaşov Xalq Cümhuriyyətinin bir çox qurucularının da mətbuatımızın layiqli təmsilçiləri olduğunu xatırlatdı.
“Bu gün Azərbaycanda 40-a yaxın gündəlik, 250-yə yaxın həftəlik qəzet fəaliyyət göstərir, bir o qədər də elektron media portalı mövcuddur” - deyən MŞ sədri Azərbaycan mətbuatının vətənpərvər mətbuat olduğunu vurğuladı. “Bu görüşdə də məqsəd ondan ibarətdir ki, Milli Məclisin fəaliyyətini olduğu kimi təqdim edək”.
“Mətbuatı tənqid edərkən gəlin bir az da parlamentin bəzi nümayəndələrini tənqid edək. Bəzi deputatlar, komitə sədrləri əsas verməsə, jurnalistlər onları tənqid etməz. Çox xahiş edirəm, bəzi parlament üzvlərinə çatdırın ki, bizim jurnalistlərdən qorxmasınlar, lazım olanda çıxıb açıqlama versinlər”. “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev dedi.
B.Muradova “çox təşəkkür edirəm, amma qorxu sözünün burada heç bir yeri yox idi”-deyə, reaksiya verdi.
“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz isə dedi ki, toxunulmazlıqdan istifadə edən bəzi deputatlar tarixi şəxsiyyətlərə qarşı həqarətlərə yol verir: “Mən bilmək istəyirəm, Milli Məclis onlar haqında ölçü götürmək fikrindədir, ya yox?”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxışında parlamentdə jurnalistlər üçün yaradılan şəraitdən razılığını bildrdi: “Bura Azərbaycanın ən demokratik təsisatlarından biridir. Qəzetimizin bütün fəaliyyəti dövründə burada bizim akkreditə olunmuş müxbirimiz olub. Hər kəs açıq olub, hər kəs danışıb, bu istiqamətdə fəaliyyətimiz davam edir, jurnalistlərə münasibətdən razıyıq. Bircə mobil telefonların alınmasından rəndidəyik, bu, məlumatların yayımlanması zamanı operativliyə mane olur.
R.Arifoğlu yazılı mətbuatın üzərindən ƏDV-nin götürülməsini təklif etdi: “Biz çox istərdik ki, bu, baş versin. Bu, o deməkdir ki, hər bir ton qəzet kağızı üçün 105 dollar ucuzlaşma olacaq. Bu da indiki məqamda qəzetlər üçün ciddi məblığdir, bunu rica edərdim”. Baş redaktor elektron mediaya dəstək verilməsi zərurətindən də bəhs etdi: “Azərbaycan prezidenti print mediaya çox ciddi dəstək göstərir. Çap mediası KİV-ə Dəstək Fondunun dəstəyi sayəsində mövcuddur. KİV-ə Dəstək Fondu olmasa, burada outran redaktorların ən azı yarısı bu tədbirdə iştirak etməyəcəkdi. Çünki Azərbaycanın printmedia bazarının imkanları o dərəcədə deyil ki, bu qədər gərgin və müsabiqəsi yüksək olan bazarda rəqabət aparsın. Məhz o Fondun dəstəyi sayəsində biz bu gün ayaqdayıq. Ürəyimiz və könlümüz istər ki, bu cür dəstək eyni zamanda elektron mediaya verilsin. Bu, çox önəmlidir. Çünki elektron media Azərbaycanın sərhədlərindən anındaca çıxmaq deməkdir. İngilis, rus, ərəb, başqa dillərdə Azərbaycan həqiqətlərini dünyaya vaxtında çatdıra bilərik. Çünki o həqiqətlər bizim üçün həyati məsələdir, Vətən müharibəsi modelində müharibə modelidir. Yəni Azərbaycan auditoriyası, daxili auditoriya üçün onun kənar informasiya axınından qorunması üçün işlər görülür, lakin Azərbaycandan kənara xitab edən yayım orqanlarına mütləq dəstək lazımdır. Məsələn, biz öz gücümüzə iki rus dilində sayt yaratmışıq. Bunun miqyasını böyütmək istərdik. Ermənilərlə informasiya müharibəsində - xüsusulə də onların rusca auditoriyası çox böyükdür, bunu nəzərə alın – bizim güclü olmağımız üçün mütləq və mütləq dövlət dəstək verməlidir”. R.Arifoğlu dedi ki, parlamentdə demokratik mühit olduğundan burdakı bəzi deputatlar ictimai həyatın ən kritik məqamlarında elə cümlə deyirlər ki, həmin fikirləri “Yeni Azərbaycan” qəzeti və “Yeni Müsavat” qəzeti eyni cür çap edəndə assosasiyalar doğur. Yəni, günah bizdə deyil. 30-40 jurnalistlərə “yalan yazmayın” deyəndə bizə yeni mövzu verilir. Jurnalistlərə telefon məhdudiyyəti qoyulsa da, dediklərim mətbuatda gedəcək. İctimai sektorda baş verən dəyişiklikləri elə deputat şərh edir ki, görüləcək faydalı işlər kənarda qalır, onu “anektota” çevirməsinlər”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Azərbaycanın milli maraqlarının yayılması ilə bağlı təkliflərini çatdırdı.
Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızı da çıxışında parlament rəhbərliyindən elektron mediaya dəstək verilməsini istədi.
BAMF sədri Umud Rəhimoğlu görüşün önəmindən bəhs etdi. Milli Məclisin ən demokratik təsisatlardan biri olduğunu deyərək bildirdi ki, burada çox mühüm qanunlar qəbul olunub.
U.Rəhimoğlu internet mediaya dəstəyin artırılması ilə bağlı səslənən fikirləri dəstəklədi. O, bildirdi ki, rəhbərlik etdiyi media orqanı beş dildə yayılır və kifayət qədər geniş auditoriya qazanıb. “Azərbaycan reallığından baxanda bu, bizim öz imkanlarımızla əldə etdiyimiz çox böyük nəticədir”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dedi ki, ciddi elektron medianın maliyyələşməsi ilə bağlı təklifləri dəstəkləyir.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 90-cı illərdə parlament müxbiri olduğunu, burada Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Yusif Səmədoğlu kimi şəxsiyyətləri gördüyünü dedi. Baş redaktor qaçqınları, Azərbaycanın tarixi simvollarını təhqir edən deputatları cəzalandırmağa çağırdı.
“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev də elektron mediaya dəstək verilməsi barədə R.Arifoğlunun təşəbbüsünü müdafiə etdi. “Milli Məclis üzvləri bəzən ağzına gələni danışır. Deputatlar danışanda bir az məsuliyyətli olsunlar”-deyə, o, bildirdi.
KİVDF-nin sədri Vüqar Səfərli isə çıxışında “əvvəllər məmurlar jurnalistlərdən qaçırdı, jurnalistlər aylarla məmurların qəbuluna düşə bilmirdi. Artıq bu mif ortadan götürülüb”-deyə, bildirdi.
V.Səfərli qeyd etdi ki, belə görüşlərin keçirilməsi həm mediaya, həm də Milli Məclisə faydalıdır.
Sonda Ə.Amaşov səslənən təkliflərə münasibət bildirdi.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev mətbuatın rolundan bəhs etdi, həmçinin tədbirdə iştirak edən media mənsublarına təşəkkürünü bildirdi.
Musavat.com
Şərhlər