Dələduz tikinti şirkətlərinin adları açıqlandı – nəticə olacaqmı...

18.02.2017 10:38     Sosreaksiya     1445

Ekspertlər bu istiqamətdə şəffaflığın olacağını güman edirlər


Ötən il vətəndaşların ən çox şikayət etdikləri tikinti şirkətlərinin adı bilinib. Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov açıqlayıb. “Təəssüf ki, 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində daxil olan şikayətlər vətəndaşların haqlı olduğunu bir daha təsdiq edir.


2016-cı ildə daxil olmuş şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər. Bunlardan ”Kristal Abşeron", “Kristal-L”, “Fortis-Bayıl”, “İlin dörd fəsli”, “Belıy lebed”, “Şərur”, “Deluxe”, “Orbita”, “Badu-Kubə”, “Birlik”, “Xəmsə”, “Hasil”, “ARAZ-2011A”, “İnkişaf-S”, “Rahatlığın Məkanı-Gold”, “Ulduz-S”, “Murad M.S.”, “FVS İnşaat”, “BAKİNKOM”, “Yusifoğlu”, “AAAF İnşaat”, “Evrostroy Group”, “Akkord”, “Rahat”, “Orbit”, “Nur”, “Yüksəliş C”, “Olimp”, “İ.N.V.”, “Neftçi”, “Pərvin İnşaat”, “Azərros İK”, “Xəzər İnşaat-XXI əsr”, “Mur Ay”, “RT-LTD”, “Ələsgəroğlu-K”, “Svit Haus” və başqalarını qeyd etməliyik". PA rəsmisinin sözlərinə görə, son illər vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi açılıb. Vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilib. “Məsələn, 2016-cı ildə ”MTK Real"ın rəhbəri İlham Qasımov 15 il, “198 Saylı”, “200 Saylı” MTK-ların rəhbəri Etibar Fərziyev 14 il həbs cəzasına məhkum edilmiş, digər MTK-ların - “Əli bəy”, “Əzizbəy-KM”, “AENT-E”, “Fateh-N”, “Badu-Kubə”, “Şahbulaq”, “Term”, “İDEAL-İ İnşaat”, “Mehriban Qonşular”, “Xətai-2", ”Ulduz-S", “Azərtikinti ATF”, “Dərəçiçək”, “Fuad LTD”, “Birlik İnşaat” MTK, MMC və şirkətlərin rəhbərləri və digər məsul şəxsləri barədə cinayət işləri açılıb. Bu cinayət işlərinin bəzisi artıq yekunlaşmış, təqsirli şəxslər cəzalandırılıb". (istipress)

Image result for Vüqar Bayramov


Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bu məqam müsbət nəticələrə səbəb olacaq: “Bir neçə il əvvəl tikinti şirkətlərinin dələduzluq hallarının qarşısının alınması, istifadəyə götürülməyən binalarda, Fövqəladə Hallar Nazirliyi tərəfindən təhvil alınmamış, amma real istifadə olunan binalarla bağlı elektron bazanın yaradılması ilə bağlı təklif vermişdim. Bildirmişdim ki, alqı-satqı müqavilələri notarius qaydasında imzalanmalıdır və bununla da həmin məlumatların elektronlaşması kimi təkliflər irəli sürmüşdüm. Düşünürəm ki, eləcə də tikinti şirkətlərinin elektron səhifəsinin olması vacibdir. Məncə, bunlar vacib idi. Artıq hökumət qeydiyyatsız binaların elektron qeydiyyatının yaradılması məsələsini üzərində işləyir. Bu da təbii ki, həmin binalarda yaşayan vətəndaşlar üçün vacib məqamdır. Problem odur ki, bəzi tikinti şirkətləri tərəfindən bir mənzil bir neçə nəfərə satılıb. Son illər bu, bir qədər azalıb. Amma yenə də bu problem qalmaqdadır. Əslində Prezident Administrasiyası tərəfindən belə bir açıqlamanın olması çox müsbət haldır. Eləcə də tikinti şirkətlərinin hesabatlılığının izlənməsi baxımından bu vacibdir. Güman edirəm ki, son açıqlamadan sonra inşa edilən binalarla bağlı qeydiyyatın elektronlaşdırılması və satılan mənzillərin elektron qaydada qeydiyyatının aparılması məsələləri öz əksini tapmalıdır. Çünki yeni inşa edilən binanın mənzillərinin satılmasının qeydiyyatı nəticədə imkan verəcək ki, müştəri aldadılmasın. Hökumət üçün inşaat sektorunda şəffaflığın, hesabatlılığın artırılması artıq əsas prioritetlərdən birinə çevrilib”.

Image result for Natiq Cəfərli


Ekspert Natiq Cəfərli isə musavat.com-a deyib ki, tikintidə uzun illərdir müxtəlif problemlər var: “Hətta çox səs-küylü məhkəmə işləri də olub. Bir mənzilin bir neçə nəfərə satılmasından tutmuş müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə qədər kifayət qədər səs-küyə səbəb olan işlər olub. Çox güman ki, vəziyyət həddindən artıq çətinləşib. Belə tipli işlərin sayı həddindən çox artıb ki, artıq yuxarılar da buna reaksiya verməli olublar. Siyahının açıqlanması istehlakçılar nöqteyi-nəzərindən yaxşı haldır. O mənada ki, əgər bir vətəndaş gələcəkdə mənzil almaq istəyirsə, bu tipli şirkətlərin adlarının hallandığı siyahını gördükdən sonra bu fikrindən vaz keçəcək. Sadəcə, bu sahədə bir qanunauyğunluq çərçivəsində fəaliyyət göstərmək üçün bir mexanizmə ehtiyac var. Tikintiyə nəzarətlə bağlı çox sayda dövlət və hökumət orqanlarının olmasına baxmayaraq, hələ də bu sahədə normal bir düzən yaranmayıb. Deməli, bu, sistem problemidir. Sistemli yanaşma yoxdur. Bununla bağlı müxtəlif ölkələrin təcrübələri var. Məsələn, Rusiyada bir il əvvəl belə qayda qəbul olundu ki, təməldən satış qadağan olunsun. Azərbaycanda da çox populyar bir üsuldur, təməldən binanın satılmasıdır. Hələ bina hazır deyil, amma mənzillər satışa çıxarılır. Bu zaman müxtəlif endirimlər olduğuna görə, əhali üçün maraqlı olur. Sonradan isə müqavilə öhdəlikləri yerinə yetirilmir. Bir neçə nəfərə eyni mənzilin satışı həyata keçirilirdi. Bunun qarşısını almaqdan ötrü Rusiya hökuməti təməldən satışı qadağan etdi. Rəsmi qaydada qeydiyyatdan sonra, çıxarışlarla mənzil satıla bilər. Türkiyədə də oxşar üsul tətbiq olunur. Amma orada daha fərqli bir yanaşma var. Orada vətəndaş nəzarəti də güclüdür. Bizdə də buna bənzər bir modelin qurulmasına, yanaşmanın ortalığa qoyulmasına ehtiyac var. Sayının çox olmasına baxmayaraq, hökumət orqanları işi sonadək yürüdə bilmirlər. qanunlarda bəzi dəyişikliklərin edilməsinə də ehtiyac var”.

 

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar