Türkiyənin daha bir şəhərində Qarabağ parkı olacaq
20.02.2017 16:15 Sosreaksiya 1510
Xocalı soyqırımı ilə bağlı keçirilən konfransda iştirak etmək üçün Türkiyənin Muğla şəhərinə səfər edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Muğla bələdiyyə sədri Osman Gürünlə görüşüb.
Reaksiya.az xəbər verir ki, millət vəkili Q.Paşayevanın Muğlada Azərbaycan küçəsi və Qarabağ parkının salınması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə sədri yaxın zamanlarda Azərbaycanın adını daşıyacaq küçə və qədim Qarabağın adını daşıyacaq parkın açılışı məsələsinə baxılacağını deyib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova və əməkdar artist Nuriyyə Hüseynovanın da iştirak etdiyi görüş zamanı Azərbaycana böyük sevgiləri və bu önəmli addım üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib.
“Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, - millət vəkili deyib.
Muğla bələdiyyə sədri Osman Gürünlə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparılıb. Millət vəkili son zamanlar qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbir diləyib və hər zaman terrorla mübarizədə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib.
Q.Paşayeva Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri və verdiyi mesajlara xüsusi toxunub:
“Cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da, düşmənə də çox önəmli mesaj oldu”.
Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş olduğunu bildirərək, qədim Muğlanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Bələdiyyə sədri Osman Gürün Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.
O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Millət vəkili Qənirə Paşayeva Muğla bələdiyyə sədrinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Bələdiyyə sədrinə müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq hissələrində qədim Muğlanın da yer alacağını bildirib:
“Azərbaycan insanına Muğlanı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”. Muğla bələdiyyə sədrinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva və Nəcibə Nəsibova onu Azərbaycana dəvət ediblər. Azərbaycanı çox sevdiyini deyən Osman Gürün mütləq səfər edəcəyini bildirib.
Şərhlər