Ermənistan üzərində əzici hərbi üstünlüyümüz artır
21.02.2017 14:17 Sosreaksiya 1421
Bakı düşmənin hərbi balans arzusunu əlçatmaz edir; Beynəlxalq qurum işğalçı ölkədən 20 dəfə çox silah aldığımızı açıqladı; prezident İlham Əliyevin Pakistan səfəri ərəfəsində daha bir xoş müjdə: Pakistan Azərbaycana yeni döyüş təyyarələri verəcək...
Ərazilərimizin işğalının uzanması, Ermənistana qarşı vasitəçi dövlətlərin ikili standart siyasəti Azərbaycanı istər-istəməz öz hərbi və döyüş qabiliyyətində artırmaq zorunda qoyur. Hər halda, beynəlxalq hüquq, BMT nizamnaməsi, Avropa Şurasının, Avropa Birliyinin (Avroparlamentin), NATO PA-nın, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, nəhayət, BMT TŞ-nin Dağlıq Qarabağa dair məlum sənədləri Azərbaycanın güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etmək haqqı tanıyır.
Bu haqqı hələ ki heç kim əlimizdən almayıb. Bununla belə, Azərbaycan uyğun regional və beynəlxalq şərtləri, bölgədə maraqları kəsişən böyük güclərin siyasətini də diqqətlə izləyib nəzərə almaq, savaş üçün ən əlverişli məqamı gözləmək zorundadır. Hər necə olmasa, haqq savaşı üçün güclü diplomatiya da gərəkdir. Ondan da mühümü isə əlbəttə ki, ölkəmizin hərbi potensialını durmadan artırmaq və təcavüzkar ölkə üçün hərbi balansı əlçatmaz etməkdir.
Nə yaxşı ki, silahlanma məsələsində Ermənistanı xeyli geridə buraxa bilmişik. Ötən ilin aprel hadisələri də göstərdi ki, əslində günü bu gün Azərbaycan işğalçı ölkəni yerində oturtmaq, zəbt edilmiş əraziləri qısa müddətdə təmizləmək iqtidarındadır - yetər ki, Rusiya bu zaman neytral qalsın, öz marionetinə hərbi və başqa dəstək verməsin.
***
Bütün hallarda Bakı Qarabağla bağlı hərbi strategiyasını təkmilləşdirməkdədir. Bu strategiyanın əsasını isə ölkənin müasir silah təchizatında çoxşaxəliliyin saxlanması, eyni zamanda Azərbaycanın özünü silah istehsalçısına çevirməkdir. Bu yöndə artıq ciddi gəlişmələr var. Söhbət öncəliklə İsrail, Pakistan və Türkiyə ilə hərbi sahədə əməkdaşlıqdan gedir.
Xüsusən də son vaxtlar dost Pakistan dövləti ilə - yeganə nüvə müttəfiqimizlə hərbi və hərbi-texniki əlaqələrin sürətlə dərinləşməsi diqqət çəkir və sevindirməyə bilməz. Heç şübhəsiz ki, Azərbaycan prezidenti İlham Əliyevin təxminən 10 gündən sonra - martın əvvəllərinə təsadüf edəcək Pakistan səfəri ikitərəfli əlaqələrin, məxsusən də hərbi əməkdaşlığın daha yüksək fazaya keçməsi ilə yadda qalacaq.
“Pakistan Azərbaycanla müdafiə sənayesi sektorunda əməkdaşlığı genişləndirməkdə və birgə layihələr həyata keçirməkdə maraqlıdır”. Bunu report-a açıqlamasında Pakistanın müdafiə sənayesi naziri Rana Tanver Hüseyn deyib. Nazir qeyd edib ki, Pakistanın müdafiə sənayesi sahəsində böyük təcrübəsi var və Azərbaycanla bu istiqamətdə yaxşı əlaqələri mövcuddur.
“Azərbaycan Prezidentinin Pakistana səfəri bu əlaqələri daha da dərinləşdirəcək. Biz Azərbaycanı qardaş olaraq görürük və ona görə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Biz Azərbaycanla geniş spektrdə - kiçikçaplı silah və sursat istehsalından, təyyarə istehsalına qədər əməkdaşlıq etməyi hədəfləyirik. Qardaş Azərbaycanla birgə müəssisələrin yaradılmasına və texnologiya transferinə hazırıq”, - deyə pakistanlı nazir qeyd edib.
Nazir onu da əlavə edib ki, “JF-17 Thunder” döyüş və “Super Mushshak” təlim təyyarələrinin Azərbaycana satışında heç bir problem yoxdur: “Biz ”Super Mushshak" təyyarəsinin Azərbaycana çatdırılmasına hazırıq".
İlham Əliyevin Pakistana qarşıdakı səfəri çərçivəsində bu yöndə də danışıqların aparılması və anlaşma əldə olunması tamamilə realdır. Yeri gəlmişkən, sevindiricidir ki, iki dövlət arşında silah ticarətinin həcmi ildən-ilə artır.
***
Azərbaycan öz ordusunu daha müasir hücum və müdafiə sistemləri ilə təmin eləmək üçün hələ ki Rusiya ilə də silah ticarətini davam etdirir. Bu arada Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yaydığı, “Silahla təchizatda beynəlxalq meyllər-2016" adlı son illik hesabatda Azərbaycanın həmişəkindən daha çox silah aldığı qeyd olunur.
Sənədə görə, dünyanın 40 ən böyük silah istehsalçısının müştəriləri siyahısında Azərbaycan 21-ci yeri tutub. Hesabatda Ermənistanla müqayisədə Azərbaycanın dəfələrlə çox silahlandığı vurğulanır. Belə ki, 2012-2016-cı illərdə Azərbaycanın silah idxalını 2007-2011-ci illərə nisbətən 75% artırdığı, Ermənistandan 20 dəfə artıq silah aldığı qeyd olunur. Həm də Azərbaycanın müxtəlif tipli döyüş ləvazimatları ilə təchiz olunduğu, tank, zirehli maşın, ballistik raket əleyhinə müdafiə sistemləri, döyüş təyyarələri əldə etdiyi deyilir. Ermənistanda isə diqqəti çəkən 280 km məsafəni vuran “İsgəndər” raket kompleksinin alınması olub. SIPRI-nın hesablamalarına görə, 2012-2016-cı illərdə Rusiya istehsalı olan silahların 4-5%-ni Azərbaycanla Venesuela alıb. İsrailin ixrac etdiyi silahların 22%-nin, Belarus silahlarının 11%-nin müştərisi də Azərbaycan olub. Hesabatda Azərbaycanın 2012-2016-cı illərdə idxal etdiyi silahların 3.6%-ni Belarusdan, 22%-i İsraildən, 69%-ni Rusiyadan aldığı göstərilir.
***
Göründüyü kimi, Azərbaycanın silah təchizatında başqa ölkələrin payı artmaqdadır. Bu sırada sübhəsiz ki, Pakistan tezliklə öz layiqli yerini tutacaq. Hərbi ekspertlər də ölkəmizin silah tədarükçüləri arasında Rusiyanın payının başqa, dost-tərəfdaş ölkələr hesabına azalmasını müsbət hal kimi qiymətləndirirlər. Əsas da o səbəbə ki, Moskva İrəvanın hərbi-strateji müttəfiqidir və Azərbaycanın forpost Ermənistan üzərində əzici üstünlüyündə, Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil.
Şərhlər