Bakıda “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda beynəlxalq konfrans keçirilir
22.02.2017 13:02 Sosreaksiya 1099
Fevralın 22-də Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Azərtac xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Respublikası Ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvü, “MBA” qiymətləndiricilər şirkətinin direktoru Nüsrət İbrahimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən Azərbaycana vurulmuş maddi və mənəvi zərərə dair hesabatla çıxış edib. O, həmçinin dünyada baş verən münaqişələr, bu ölkələrə vurulan zərər barədə də danışıb. O, bildirib ki, itki və tələfatlarla bağlı dəqiq hesablamaların aparılması münaqişədən sonra işğal altından azad olan ərazilərin bərpa edilməsi ilə əlaqədar proqramların qəbul edilməsi və onların beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilməsidir.
Azərbaycan Prezidentinin administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində Azərbaycan xalqının sosial-iqtisadi qayğıları və onun təmin edilməsi problemləri” mövzusunda çıxış edərək konfransda müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Bildirib ki, bu konfrans Azərbaycan xalqının başına gətirilən müsibətlər barədə məlumatın beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm əhəmiyyət daşıyır.
Novruz Məmmədov qeyd edib ki, Ermənistan rəhbərlərinin apardıqları işğalçılıq siyasətinin davamı olaraq Azərbaycan ərazilərinin zəbt edilməsi, bir milyondan çox azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilməsi nəticəsində təkcə Azərbaycana deyil, bütün regiona böyük ziyan dəyib.
“Əgər Azərbaycan torpaqları işğal edilməsəydi oradakı 100 minlərlə hektar torpaq sahələrindən daha əlverişli istifadə olunardı və Azərbaycan iqtisadiyyatı daha da inkişaf edərdi. İşçi qrupu çox böyük iş görüb. Həmin ərazilərin işğal altında olması nəticəsində kənd təsərrüfatının bütün sahələrinə çox böyük ziyan dəyir. Bu ərazilərdə Azərbaycan ilə bağlı heç bir abidə, tikili qalmayıb. Bütün bu məlumatlar beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır. Dünya birliyi bunları bilsə də, heç vaxt fundamental hüquqların pozulması barədə danışılmırlar. Bəs, biz onların səmimiyyətinə necə inanaq? Azərbaycanın ərazi bütövlüyü pozulub. Bunu bütün beynəlxalq təşkilatlar qəbul edib. Lakin buna son qoymaq üçün heç kim iş görmür. Ermənistan kimi balaca bir dövlətə qarşı qəbul edilən qətnamələr icra olunmur. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və digər rəsmi şəxslərin bütün beynəlxalq tədbirlərdə qaldırdığı məsələdir”,-deyə Novruz Məmmədov vurğulayıb.
Bildirilib ki, Azərbaycan böyük dövlətlərin marağının toqquşduğu regionda yerləşir. Lakin buna baxmayaraq, Azərbaycan gördüyü işlərlə, atdığı addımlarla çox böyük quruculuq işləri, böyük beynəlxalq layihələr həyata keçirməklə nüfuz qazanıb. Azərbaycanda hər il dünya səviyyəli böyük tədbirlə keçirilir. Digər tərəfdən dövlətimizin başçısı xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə bu barədə çıxış edir.
Şərhlər