Lerikin faciə baş verən kəndində yenidən çovğun olub - Yol bağlandı
24.02.2017 13:38 Sosreaksiya 1493
Fevralın 23-də Lerik rayonunda qar uçqununun faciə ilə nəticələndiyi Orand kəndində yenidən çovğun olub.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Lerik rayon icra başçısının müavini Habil Məlikov bildirib.
Onun sözlərinə görə, kəndə gedən yol yenidən bağlanıb, yolda hərəkət çətinləşib:
"Orand ucqar kənddir. Hazırda həmin kəndə 1 metr 50 sm-dən artıq qar yağıb. Dünən hadisə olan kimi yollar təmizləndi, yol açıldı. Amma axşam kənddə yenidən çovğun baş verib, yolda hərəkət çətinləşib. Hazırda həmin yol təmizlənir. Dünən hadisə nəticəsində həlak olan 4 nəfərin dəfn mərasiminə hazırlıq işləri görülür. Rayonun icra başçısı və digər rəhbər şəxslər hadisə nəticəsində uçqun altından sağ çıxarılan 8 aylıq körpəyə baş çəkib, səhhəti ilə maraqlanıblar. Uşaq hazırda xəstəxanadadır, vəziyyəti normaldır. Evdə həlak olanların dəfn xərcləri rayon rəhbərliyi tərəfindən ödəniləcək".
H.Məlikov bildirib ki, fevralın 23-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da hadisə yerinə gəlib, evə baxış keçirib, ailəyə sığınacaq çadırı təhvil verilib:
"Lakin ərazidə sığınacaq çadırının quraşdırılması və orada yaşayış mümkün olmadığından ailə üzvləri qohumlarının evinə yerləşdirilib. Hazırda Rayon İcra Hakimiyyəti ailəni nəzarətdə saxlayır. Həlak olanların dəfn mərasimi ev sahibi Əhliman Mustafayevin oğlunun evində keçiriləcək".
Qeyd edək ki, fevralın 23-də Lerik rayonunun Orand kəndində Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar uçqununun düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb. Beşikdə olan 8 aylıq körpə, Elcan Zöhrab oğlu Mustafayev uçqunun altından sağ çıxarılıb və Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Şərhlər