Fuad Muradov Avropa Parlamentinin yeni rəhbərliyinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanladı
26.02.2017 17:46 Sosreaksiya 1145
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb.
Trend-in məlumatına görə, ingilis dilində ünvanlanan müraciətdə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, bu il 25-ci ili tamam olan Xocalı soyqırımı Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliamdır.
F.Muradov müraciətində ərazilərimizin 20 faizinin işğal altında olduğu, bu günə qədər 10-dan çox ölkənin parlamenti və ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Xocalının insanlıq əleyhinə olan cinayət kimi tanındığı diqqətə çatdırılıb. Qeyd edilib ki, ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsində yeganə tərəf olsa da, məsələnin həlli istiqamətində ciddi irəliləyişlər olmayıb.
Müraciətin sonunda Avropa Parlametinin rəhbərliyindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi xahiş edilib və bildirilib ki, bu addımın atılması gələcəkdə belə cinayətlərin təkrarlanmamasına zəmin yaradacaq.
Şərhlər