DTX-nin casus əməliyyatı - Azərbaycanda hərbi sirlər necə qorunur?

27.02.2017 08:40     Sosreaksiya     1731

İlham İsmayıl: “Xarici dövlətə işləyən casusu ifşa etmək heç də asan məsələ deyil

Xəbər verildiyi kimi, Azərbaycana xəyanət edən iki casus ifşa edilib. DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən yazılı iltizamla məxfi əməkdaşlığa cəlb edilmiş Elşən Əmiri və Elçin Babayev hərbi sirləri də öyrənməyə çalışıblar.


Hər iki şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bəs, görəsən müasir dövrdə, texnologiyaların yüksək inkişaf etdiyi dönəmdə hərbi sirləri qorumaq asanlaşıb, yoxsa çətinləşib?


Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hesab edir ki, hələ ki informasiya əldə etməkdə vasitəçi kimi insanı üstələyən qurğu yoxdur: “Hazırda qurğular vasitəsilə digər dövlətlərin ərazilərinə nəzarət edə bilirlər. Azərbaycanın hərbi potensialı barəsində informasiya almaq peyki olan ölkələr üçün problem deyil. Söhbət isə ondan gedir ki, hələ ki insanı əvəz edə biləcək ən yaxşı informasiya mənbəyi yoxdur. Bu insanın informasiya əldə etməsi, bəlkə də heç qarşı tərəf üçün lazımlı deyil. Ancaq fakt budur ki, insanı özünə işlədirlər. Sabah isə ondan tamamilə başqa məqsədlərlə istifadə edəcəklər. Onun qarşısına ayrı məsələlər, diversiya törətmək məqsədləri qoyacaqlər. Həmin insan isə bundan çəkinə bilməyəcək. Qarşı tərəfə işləməsi təkcə o informasiya ilə bağlı deyil. Əsas məqsəd həmin adamdan maksimum formada, bütün vasitələrlə informasiya əldə etməkdir. Yeri gələndə terror törətməyə belə çəkə bilərlər. Keçirilən əməliyyata gəlincə isə qeyd edim ki, DTX-nın vəzifəsi elə budur və bunu da çox yaxşı ediblər. Onu da qeyd edim ki, xarici dövlətə işləyən casusu ifşa etmək, heç də asan məsələ deyil. Bu, uzun müddətli işin və informasiyaların nəticəsidir. Hər halda uğurlu hadisədir. Bu məsələni məhkəmədən, istintaqdan sonra bir qədər də genişləndirmək lazımdır. Çünki insanlar anlamalıdırlar ki, pul, hər hansı bir xidmət, bəxşiş müqabilində qarşı tərəfin xüsusi xidmət orqanlarına, dövlətin mənafeyi əleyhinə olan informasiyalar vermək kimi hallara yol verməsinlər. Bu çox böyük cinayətdir. Adətən iqtisadi böhranın yarandığı bir dövrdə düşmən dövlətdən tutmuş, qonşu dövlətlərə qədər hamısı insanlardan bu cür formada istifadə edirlər. Bu mənada camaat arasında müəyyən dərəcədə maarifləndirmə işi də aparmaq lazımdır”.

Image result for İlham İsmayıl


Ekspert xarici dövlətlər tərəfindən casus kimi cəlb olunan şəxslərin necə seçilməsi barəsində də danışıb: “O adamlar işə cəlb olunurlar ki, onlar sadəcə, qoyun otarmırlar. Əgər qoyun otarandırsa, nəzərə alınır ki, bu həmin qoyunları elə yerdə otarsın ki, oradan hərbi obyekt də görünsün. Yəni, bundan da istifadə edə bilərlər. Ancaq informasiya yükü olmayan adamı işə cəlb etmirlər. Deməli, cəlb olunan insanların müəyyən informasiya əldə etmək imkanları olur, yaxud da onu, bu istiqamətə yönəldiblər. Yönəldiblər ki, informasiya əldə etsin. Misal üçün, tədricən öyrənsin ki, hansısa hərbi hissənin kəşfiyyat rəisinin adı nədir. Yaxud kimlər orada var və hansı bölgələrdəndirlər. Bunları təsadüfi formada demirəm. Bu günlərdə cəbhədə baş verən gərginlik əsnasında Ermənistan mətbuatı yazırdı ki, qarşı tərəfdən ölənlər filankəslərdir. Hətta erməni mətbuatı kəşfiyyatın rəisinin kim olduğuna qədər yazırdı. Deməli, müəyyən dərəcədə informasiya var. Nə qədər formulyar formada qarşı tərəfdə müəyyən informasiyalar olsa da, ancaq bəzi şeylər var ki, bunlar məxfi informasiyalardır. Bundan isə maksimum düşmən istifadə edir. Casus hesab edə bilər ki, işlədiyi Ermənistan yox, başqa dövlətdir. Bəli, Ermənistan başqa dövlətin bayrağı altında, informasiyanı əldə edə bilər. Yəni xidmət edən düşünür ki, İrana və ya Rusiyaya xidmət edir, yeri gələndə isə bu informasiyaları məhz Ermənistana ötürürlər. Çünki bizim birbaşa düşmənimiz Ermənistandır və müəyyən hərbi məsələlər, sirlər, məxfi vəzifənin daşıyıcıları Ermənistanı daha çox maraqlandırır. Bu mənada DTX-nin əməliyyatı çox uğurlu sayılır”.

Şərhlər

Çox oxunanlar