Millət vəkili Q.Paşayeva Boluda Qarabağ problemi ilə bağlı geniş məruzə ilə çıxış edib - FOTOLAR
27.02.2017 11:29 Sosreaksiya 1376
Türkiyənin Bolu vilayətində Bolu bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı: Unutmadıq, unutmayacağız və unutturmayacağız” adlı tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, QHT təmsilçiləri, sənət adamları və gənclər geniş şəkildə iştirak ediblər. Tədbirin açılışında çıxış edən Bolu bələdiyyəsinin sədri Alaeddin Yılmaz, bələdiyyə sədri müavini Emine Davarcıklıoğlu, Yeni Yurd İB sədri Mahirə Əsədova, professor Asif Rüstəmli, Xocalı sakini Aqil Məmmədov Xocalı Soyqırımı ilə bağlı çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin və dünyaya daha geniş yayılmasında fəallıqlarını artmasının vacibliyindən danışıblar. Tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva çıxışına Azərbaycanda ön cəbhədə işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verən zaman şəhid olan Azərbaycan əsgərləri, Türkiyədə terrorla mübarizədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm deyə başlayıb və terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyib. Qənirə Paşayeva Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir və tədbir iştirakçılarının əksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib: “Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin də işğaldan azad olunacağı gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik“, – deyib. Q. Paşayeva qeyd edib ki, Qarabağın qədim tarixi var. Qarabağ əsrlər boyu Azərbaycan və türk tarixinin və mədəniyyətinin beşiklərindən biri olub: “Hər bir Türk insanı Qarabağı hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki,o, işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv edirlər və dünya buna göz yumur”. Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bunları söyləyib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı iləəlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”. Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Qənirə Paşayeva deyib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir : “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib. “Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Tədbirin sonunda Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova “Xocalı laylası” və “Ayağa qalx ey Türk oğlu” əsərlərini ifa edib. Tədbirin sonunda millət vəkili Q. Paşayevaya, Yeni Yurd İB sədri Mahirə Əsədova professor Asif Rüstəmli, Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova Xocalı sakini Aqil Məmmədov, QHT təmsilçisi Dilbər Məmmədovaya təşkilatçılar tərəfindən plaket təqdim olunub. Tədbirdən sonra millət vəkili Q.Paşayeva Bolu fəal gənclər və qadın təşkilatları ilə görüşüb, KİV nümayəndələrinin suallarını da cavablandırıb.
Şərhlər