İzmirdə Xocalı soyqırımı abidəsi açıldı - FOTOLAR

28.02.2017 01:59     Sosreaksiya     2234

İzmirdə Xocalı soyqırımı abidəsinin açılışı olub. Türkiyənin İzmir şəhərinin Karabağlar rayonu ərazisində yerləşən “Azərbaycan–Qarabağ–Xocalı” Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Açılış mərasimində rəsmi şəxslər, Azərbaycan və Türkiyədən millət vəkilləri, tanınmış ziyalılar, İzmir ictimaiyyətinin görkəmli nümayəndələri, bu bölgədə yaşayan və işləyən Azərbaycan vətəndaşları, Karabağlar rayonunun sakinləri, QHT və KİV təmsilçiləri iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub. Açılışdan əvvəl “Azərbaycan–Qarabağ–Xocalı” Parkında keçirilən toplantıda Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin deputatı Sadettin Bayır, Karabağlar rayon bələdiyyəsinin sədri Muhittin Selvitopu və başqaları çıxış ediblər. Çıxışlarda Xocalı soyqırımının səbəbləri, bu cinayəti törədən erməni vandalların iyrənc məqsədləri, bu faciənin dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrdən bəhs olunub. Natiqlər işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində görülən işlərə töhfə verməyin yollarından danışıblar. Əminliklə ifadə olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə günbəgün qüdrətlənən Azərbaycan Ordusu düşməni yerinə oturtmaq üçün bütün imkanlara malikdir. İştirakçılar açılışı keçirilən abidə önünə qərənfillər düzüb, soyqırımı qurbanlarının ruhuna dualar oxuyublar. Mərasimdən əvvəl Azərbaycan nümayəndə heyəti ilə Karabağlar rayon bələdiyyəsinin sədri Muhittin Selvitopu arasında görüş olub. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və perspektivləri yüksək qiymətləndirilib. Vurğulanıb ki, bölgədə sülhə və əmin-amanlığa zəmin yaradan Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da əzmlə qorunacaqdır.

Şərhlər

Çox oxunanlar