Müşahidə Şurası üzvlüyünə xanım namizəd: - Prezidentin siyasətində qadınlara üstün yer verilir

03.03.2017 22:26     Sosreaksiya     1389

Məlum olduğu kimi fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində ictimai birlikləri Müşahidə Şurasında təmsil etmək üçün prezidentə təqdim olunacaq 8 nəfər seçilib.Fondun Nizamnaməsinə uyğun olaraq, 8 namizəddən 4-ü Azərbaycan Respublikasının Prezidenti tərəfindən Müşahidə Şurasının üzvü təyin olunacaqdır. Seçilən 8 namizəd içərisində yalnız bir xanım var.


Aysəba (Umudlu) Mirzəyeva Turkustan.info saytına müsahibəsində seçkiyə qatılmasının nədənləri və gözləntiləri haqda sualları cavablandırıb. QHT.az həmin müsahibəni təqdim edir

  • Aysəba xanım, öncə istərdik özünüz haqqında qısaca bilgi verəsiniz.
  • Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq Fakultəsinin məzunuyam. Magistratura təhsilimi isə London Siti Universitetində – Beynəlxalq Siyasət və İnsan hüquqları üzrə almışam, Məktəb illərindən ictimai işlərdə fəal olmuşam. Hazırda rəhbərlik etdiyim Bakı Beynəlxalq Tələbə Klubu İB isə hələ 2005-ci ildə təsis etmişik. Təşkilatımız ölkəmizdə əcnəbi və azərbaycanlı gəncləri bir araya gətirən yeganə gənclər təşkilatıdır. Azərbaycanda təhsil alan, yaşayan əcnəbi gənclərin birinci, ikinci ümumrespublika forumlarını, milli bayramlarımızı, əcnəbi gənclərin Qarabağa səfərlərini, əcnəbi gənclər arasında ilk Azərbaycan dili olimpiadasını və digər layihələri təşkilatımız vasitəsilə həyata keçirmişik. 
  • Gənclər Fondunun Müşahidə Şurasında təmsil olunmaq istəyinizlə bağlı qərarınız necə ortaya çıxdı?
  • Qeyd etdiyim kimi artıq 10 ildən çoxdur ki, ictimai sahədə, xüsusən, gənclər sahəsində fəalam. Bizim təşkilat yarananda Gənclər Fondu yox idi və bizim belə imkanlarımız da yox idi. Buna baxmayaraq bir sıra layihələr həyata keçirmişdik. Bu fondun yaranması nəinki bizim təşkilatın işlərində xeyli yardımçi oldu, həm də ümumilikdə digər gənclər təşkilatlarının, eləcə də gənclərin fəaliyyətində xüsusi rola malik olduğunu deyə bilərik. Mən də bu işlərdə azacıq payım olsun, əlbəttə ki, çox arzu edirəm. Biraz da cənab Prezidentin son sərəncamı mənim daha cəsarətlə, daha inamla bu addımı atmağıma yardımçı oldu axı o həmişə cəmiyyətdə, dövlət orqanlarında xanımların işinə önəm verir. Namizədliyimi irəli sürmə fikrim də belə yarandı.

 

  • Atanız – tanınmış ictimai xadim Umud Mirzəyev də bu qərarınızdan xəbərsiz idimi?
  • Tam səmimiyyətimlə deyirəm ki, bu məsələdən atamın qətiyyən xəbəri yox idi. Hətta səsvermə bitdikdən sonra fasilə oldu. Orada biriləri məni tanıdı və digərlərinə təqdim edərkən “bilirsinizmi, Aysəba xanım Umud müəllimin qızıdır” deyərkən çoxlarının reaksiyası “bizim Umud Rəhimoğlu? bəs bizə niyə demirdiniz? Yəni niyə bizə deməyib ki, qızım namizəddir, biz bilsəydik təbliğat aparardıq, hamılıqla sizə dəstək olardıq. Mən isə onun bundan xəbərsiz olduğunu dedim. Ən maraqlısı isə atam 8-liyə düşmə xəbərimi elə oradakı dostlarından birinin onu zəng edib təbrik edərkən öyrənib. İnsanın öz əziyyəti ilə qazandığı hər bir işin ləzzəti başqadır. 
 
  • Lap yaxşı. Qayıdaq namizədliklə bağlı qərarınızı doğuran səbəblərə…
  • Bilirsiniz, yuxarıda da qeyd etdim, bir örnək vermək istəyirəm. Cənab Prezidentin 21 fevral 2017-cii il tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramli səfiri Mehriban xanım Əliyevanın – ölkənin Birinci Vitse Prezidenti təyin edilməsi Azərbaycanda idarəçilikdə qadınlara verilən yüksək dəyər və etimaddır. Qətiyyən feminist deyiləm. Amma, məhz bu məqamdan çıxış edərək istədim ki, bir xanım Müşahidə Şurasında təmsil olunsun. Səsvermə öncəsi çıxışımda da bu məqamı qeyd etdim. Hətta bir çoxları məhz bu nüansın mənim 8-liyə düşməyimə təkan verən cümlə olduğunu dedilər. Bir sözlə cənab Prezidentin bu Sərəncamından ürəkləndim. Bildirdim ki, bu şurada bir nəfər xanımın olmasını istəyərdim. Namizədliyimi də bu səbəbdən verdim. Yeri gəlmişkən, mənə inanıb, etimad göstərib səsverən həmkarlarımıza təşəkkürümü bildirirəm.
 
  • Təqdimat əsasında 8 nəfərin içərisindən 4-ünü Prezident seçib Müşahidə Şurasına üzv təyin edəcək. Gözləntiniz nədir?
  • Əlbəttə, son qərarı cənab Prezident verəcək. O da bəllidir ki, Prezidentin siyasətində qadınlara üstün yer verilir. Bununla belə, prezidentimizin qərarının necəliyindən asılı olmayaraq mən yenə də gənc ictimai fəal olaraq dövlətin gənclər siyasətində bundan sonra daha da aktiv iştirak edəcəyəm.

Şərhlər

Çox oxunanlar