QHT Şurası bəzi saytların cəzalandırılması üçün baş prokuror və DTX rəisinə müraciət etdi
09.03.2017 19:10 Sosreaksiya 1128
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurası (QHT DDŞ) bir sıra saytlarla bağlı baş prokuror Zakir Qaralov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə müraciət edib.
Bu barədə APA-ya QHT DDŞ Katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib. Onun sözlərinə görə, Şuranın fəaliyyətində hər zaman şəffaflıq və hesabatlılıq prinsipini əsas götürüb: “Təəssüf ki, bəzi media qurumlarında müxtəlif dövrlərdə Şuranın fəaliyyətinə kölgə salmağa, işgüzar nüfuzunu ləkələməyə çalışan şantaj və böhtan xarakterli yazılar yer alıb. Bunlardan bəziləri Mətbuat Şurasına müraciətimizdən sonra üzr istəyərək, peşmanlığını ifadə etsə də, bundan nəticə çıxarmayan elektron media qurumları var. Ötən aydan etibarən bir sıra saytlarda Şura haqqında hüquq qaydalarına və peşəkar jurnalist araşdırması normalarına uyğun olmayan, vətəndaş cəmiyyətinin inkişafı sahəsində ölkədə davamlı həyata keçirilən dövlət siyasətini qərəzli şəkildə gözdən salmağa yönələn məqalələr yayımlanıb. Bu cür saytları dəfələrlə yayımladıqları “məqalələrə” görə real araşdırmalar aparmağa dəvət etsək də, bütün suallarını cavablandırmağa hazır olduğumuzu bildirsək də onlar bundan yayınmaqla əsl məqsədlərinin şantaj və böhtan olduğunu göstərib”.
F. Qurbanov deyib ki, bu yazılarda Şuranın ictimai nüfuzuna və bütövlükdə ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə kobud hörmətsizlik edilməklə çoxsaylı təhqir və böhtana yol verilib.
“Bütün bunlara görə bu gün www.obyektivinfo.az, www.azerinews.org, www.nia.az, www.hakimiyyet.az, www.korrupsiya.az vəwww.uluyol.info saytlarında haqqımızda dərc olunmuş böhtan, şantaj və təhqir hallarının araşdırılması xahişi ilə Zakir Qaralova və Mədət Quliyevə müraciət göndərmişəm. Şura olaraq, bu tip hallara qarşı sonadək dözmək fikrimiz yoxdur. Hesab edirik ki, bu məsələ hüquq müstəvisində həllini tapmalıdır” - deyə, o əlavə edib.
Şərhlər