Millət vəkilinin təklifini İsparta bələdiyyə başqanı dəstəkləyib. - FOTOLAR
10.03.2017 12:10 Sosreaksiya 1236
Dağlıq Qarabağ problemi ilə bağlı İspartada səfərdə olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayeva İsparta bələdiyyə başqanı Yusuf Ziya Günaydın ilə görüşüb.
Millət vəkili Q.Paşayevanın İspartada Azərbaycan küçəsi salınması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanı yaxın zamanlarda gözəl Azərbaycanın adını daşıyacaq küçənin açılışı məsələsinə baxılacağını deyib. Azərbaycana böyük sevgiləri və bu önəmli addım üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub.
Q.Paşayeva “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqlarımızda da keçirəcəyik”-deyib. Azərbaycanı çox sevdiyini deyən İsparta bələdiyyə başqanı Yusuf Ziya Günaydın Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva "son zamanlar qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır" deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi mesajlara xüsusi toxunan millət vəkili, "cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da, düşmənə də çox önəmli mesaj oldu" deyib. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim İspartanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. İsparta bələdiyyə başqanı Yusuf Ziya Günaydın Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.
Millət vəkili Qənirə Paşayeva İsparta bələdiyyə başqanına həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib.
Şərhlər