Xəzər rayon İcra Hakimiyyəti dələduzluqları rəsmiləşdirir - PREZİDENTƏ ŞİKAYƏT

15.03.2017 14:35     Sosreaksiya     1664

Xəzər rayonunda novbəti dələduzluq hadisəsi baş verib.

Belə ki, günün-günorta çağı evinə gələn vətəndaşlar evlərinin və həyatyanı sahələrinin başqa şəxslərə satıldığı ilə qarşılaşıblar.  Özü də bütün bunları Xəzər rayon İcra Hakimiyyətinin əlaqədar şöbələrinin əliylə həyata keçiriblər. Makler fəaliyyətiylə məşğul olan bir qrup şəxs qabaqcadan əlbir olaraq, sahibsiz və ya sahibinin yaydan-yaya baş çəkdiyi köhnə evləri və həyətyanı sahələri  saxta sənədlərlə başqa  vətəndaşlara satıblar. Bunun asan yolunu da tapıblar.

Sovet dönəmində vətəndaşlara  ev tikmək üçün növbə əsasında torpaq sahələrinə verilən qərar və  sərəncamları 2-10 min  AZN qiymətində alırlar. Həmin şəxslərdən aldıqları sənədlər əsasında isə yeni “qurbanlar” tapırlar. Soyuq fəsillərdə evləri və həyətyanı sahələri müxtəlif şəxslərə öz malları  və mülkiyyətləri kimi satırar. Havalar isinəndə evlərinə gələn vətəndaşlar isə gördükləri mənzərədən şoka düşürlər.

xazar-2

Evləri sökülüb, ağacları kəsilib, yerində inşaat işləri başlayıb.  Üstəlik, həmin torpaq sahələri bölünürək bir yox, bir neçə şəxsə satılıb.  Beləliklə, ərazi qısa müddətdə təkrar-təkrar başqa şəxslərə satıldığında mürəkkəbləşir. Nəticə də evin, həyətyanı sahənin əsil sahibiylə, sonuncu sahibi eyforiya vəziyyətinə düşürlər.

Gününsesi.info-ya müraciət edən Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 15 ünvanında yaşayan Rəhilə Ağaxanova da  görünməmiş dələduzluqla üzləşib.

Belə ki,  Mərdəkan qəsəbəsi Əliağa Vahid küçəsində ona məxsus həyət evinin torpaq sahəsi 1989-cu ildə Xalq Deputatları İcraiyyə Komitəs (XDİK) tərəfindən hamıya necə verilirdisə, ona  da elə verilib.

Yəni, növbə əsasında, qanuni şəkildə. Lakin 2015-ci ildə məlum olub ki, R.Ağaxanova dələduzların qurbanına çevrilib. Müraciət etdiyi Xəzr rayon İcra Hakimiyyətində və  hüquq-mühafizə idarələrində isə dələduzlar himayə edilib.

Prezident İlham Əliyevə müraciətində isə R.Ağaxanova bütün bunları göstərib:

xazar-3

“Cənab prezident İlham Əliyev!

Ali məktəbi bitirdikdən sonra gənc mütəxəsis kimi ev  növbəsinə dayanmışdım.   Əzizbəyov (hazırda Xəzər rayonu-red.) rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 08 dekabr 1989-cu il taixli 23/1246 saylı Sərəncamına  əsasən , mənə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 7-ci  sahədə 600 kv.m torpaq sahəsi ayırıb. O vaxt torpaq veriləndə yol qırağında cəmi iki sahəlik yer qalmışdı. Onda da kənd soveti dedi ki, yola uyğun bölüşün, götürün. Ona görə də həmin vaxt hərəmizə 6 sotdan çox torpaq payı düşdü. Hardasa 8 sota yaxın.  Daha sonra 1990-cı ildə torpağın üzərində tikinti aparmaq üçün dövlətdən ssuda aldım. Torpağın hasarını çəkib, darvazasını asdıq. İçində də daş töküb, ikigöz balaca bir ev tikdik.  Sonra Sovet İttifaqı dağıdı, aləm bir birinə dəydi. Ermənilərlə dava düşdü. Çətin vaxtlar idi. İnsanlar yeməyə çörək tapmırdı. Gen-bol ev tikdirə bilmədik. Uşaqlarım böyüdü, təhsillərini və toy xərclərini ancaq çatdırırdıq. Amma nə dəxli var ki, bizim evimiz bizim üçün böyüklərdən də böyük idi.  Müntəzəm evimizə gedib baş çəkir, qonum-qonşuyla görüşürdük. Bir dəfə yenə evə gedəndə baxdıq ki, qapımızın üstündə kimlərsə  ağ rənglə nəsə yazıb, sonra isə pozub. Demək olar ki, bütün qapının üstü ağ rənglə yazılıb pozulmuşdu. Qonşulardan bunu kimin etdiyini soruşduq. Onlar da bir şey bilmədilər. Demə, elə biliblər ki, evimizi satlığa çıxarmışıq.

Cənab prezident!

Üstündən bir neçə gün keçmiş, 2015-ci ilin aprelində  yenə də evimizə getdik. Baxdıq ki, evimizi soküb, yerində bünövrə tökürlər.  Fəhlələr  də işləyir. Matımız-qutumuz qurudu.  Demə, darvazadakı qıfılı sındırıb içinə giriblər.  Yaxınlaşdıq ki, bura mənim evim və həyətimdir. Niyə tikirsiniz?  Həmin ərəfədə də həyətə 2 mindən çox mişar daşı tökmüşdük ki, evi genişləndirək. Uşaqlar evlənincəyədək yavaş-yavaş normal ev tikək. Qəribədir ki, evimiz söküldüyü kimi daşlar da yoxa çıxmışdı.  Məlum oldu ki, evimizin “sahibi” Niyazi Camalovdur. O,  dedi  ki, biz buranı Rauf  Vəliyev adlı birindən almışıq.   Biz də öyrəndik ki, həmin şəxs Bakıda Fətəli xan Xoyski küçəsində yaşayır. Gedib Rauf adlı şəxsi tapdıq. O da  öz növbəsində dedi ki, bu həyəti ona Radik adlı biri ona öz torpağı kimi göstərib, satıb.  Radikin dediyinə görə, isə  tanımadığı bir şəxs qardaşına borcun əvəzində  həmin torpaq sahəsini verib. O da öz növbəsində Rauf Vəliyevə satıb.

R. Vəliyev isə  həmin torpaq sahəsini  öz adına rəsmiləşdirərək,  04 avqust 2014-cü ildə RX № 0445415 saylı reystrdən çıxarış edib. Daha sonra isə izi itirmək üçün  torpağı iki hissəyə bölüb, bir hissəsini əlbir olduğu Niyazi Camalova, digər hissəsini isə  Əşrəf Məmmədova satıb. Mənə məxsus torpaq sahəsi satılmamişdan əvvəl  Mərdəkan qəsəbəsi Məktəbli küçəsi ev5 ünvanında  yaşadığı göstərilən  Rahim İsgəndər oğlu Qasımov un adına  Xəzər rayon İcra Hakimiyyəti tərəfindən ilkin sahənin yerləşmə sxemi verilib, məhz, həmin sxemə əsasən də onun adına  Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı  şəhər Ərazi İdarəsi tərəfindən 18 iyul 2014-cü il tarixli №  AA063740 seriyalı, reyestr  № si 003013022083 saylı torpaq sahəsinə plan ölçü, eləcə də  RX № 0453953 seriyalı reyesterdən çıxarış verilmişdir. Daha sonra isə isə sonuncu həmin torpaq sahəsini AN-I № 04735529 sayli alqi-satqi müqaviləsinə  əsasən  Rauf Vəliyevə satıb.

xazar-4

Cənab Prezident!

Yəni, bütün bunların başında makler Ədalət Məmmədov dayanıb. Ə.Məmmədov adlı makler bizim evimizi  Rauf Vəliyevə, o isə  daha  iki nəfərə satıb. Bunları öyrəndikdən sonra “Kənd soveti”nə getdim.  Onlar da dedilər ki, ərizə yazın. Yazdım ki, mənə məxsuz həyət evim sökülüb yerində isə tikinti gedir.  Ərizəmə baxıb soruşdular ki, həyətyanı sahəmə aid torpağı neçənci ildə almışam, qırmızı  layihəniz (ev tikmək üçün icazə-red.) varmı. Mən də  bildirdim ki, sənədlərim qaydasındadır.  Ev tikmək üçün10 min rubl ssuda da almışdım, qəbzlləri də durur.  Qonşularımızı soruşdular, mən də sadaladım.  Dedilər ki,   qanunsuzluq baş verib. Tikintini saxlatdıracağıq. Sonra da gediblər mənim həyət evimə.  Tikinti aparanlara deyiblər ki, siz burada qeyri-qanuni tikinti aparırsınız, inşaatı saxlayın. Həyətimizdə tikiti aparan şəxs isə deyib ki, artıq bu torpaq sahəsini özəlləçdirib.

Kənd sovetinə dedim ki, bu necə ola bilər axı, siz mənim həyətyanı sahəmi  başqasına veribsiniz, hələ üstəlik, pzləşdirməsinə şərait də yaratmısınız. “Kənd soveti”nin sədri də  İlqar Muğbilov dedi ki, mənə dedilər ki, torpaq onlarındır, sənədlərini imzaladım.  Donub qalmışdıq. Axı bu necə ola bilər? məgər kim  gəlib desə ki, filakəsin evi mənimdir, təsdiqləyib, götürüb verəcəksiniz? Xəzər Rayon 1-ci Polis Bölməsinə  müraciət etdik. Lakin ərizəmizi qəbul etmək istəmirdilər.  Güc-bəla ilə ərizəni  verdik. 10 gün tədqiqatçı  iş apardı.  Hacı Rauf adlı şəxsi çağırıb dindirdilər. Lakin iş makler Ədalət Məmmədova çatanda  bildirdilər ki, onu tapa bilmirik.  Polis Bölməsində bizə dedilər ki, Ədalət Məmmədovu çağırdıq, amma o gəlmədi. Bundan sonra bizi göndərdilər Xəzər rayon Polis İdarəsinə.

Cənab İlham Əliyev!

Həmin iş Xəzər RP-də 3 ay yatıb qaldı.  Nəyə görə müraciətimin araşdırılmadığını soruşanda isə Xəzər RP-nin müstəntiqi Anar  Bağırov dedi ki, bizim bu işə baxmaq fikrimiz belə yoxdur.  əsaslandırdı ki, şikayətimizi məhkəməyə edək, çünkü bu mülki işdir,  dövlət edib, cinayət deyil. Anlaya bilmirik ki, necə cinayət deyil, bir qrup şəxs əvvəlcədən əlbir olub vətəndaşın evini söküb, 3 nəfərə satıb, üstəlik, bu alqı-satqını dövlətin rəsmi qurumu da rəsmiləşdirib. Hələ üstəlik dələduzliq faktı da var.  Yən, şəxs ona məxsus olmayan torpaq sahəsini satıb. Şağan qəsəbəsinin  sakinin adına olan sərəncamı mənə məxsus həyətyanı sahədəki torpağa otuzdurublar. Ona görə də hesab edirik ki, burada cinayət tərkibi var.  Biz yalnız  Xəzr RPİ-nin müstəntiqi Anar Bağırovun verdiyi informasiya nəticəsində öyrəndik ki, artıq torpağımıza  həmin şəxsər yenidən çıxarış və sərəncam alıblar.

Araşdırma nəticəsində öyrəndik ki,  1992-ci ildə Şağan kənd sakini  Qasımov Rahib İskəndər oğlunun  adına verilən sərəncamla dələduzluq edilib. İcra hakimiyyəti isə buna göz yumuub. R.Qasımovla görüşdük. Dedi ki, həmin sərəncamı 1992-ci ildə  yoldan aşağıda Şağanda alıb.  Hazırda da öz torpağında yaşayır.  Bizim bunla bağlı video çəkilişimiz də var.   R.Qasımov bildirdi ki,  mən yalnız özümə məxsus sərəncamı 2000 AZN müqabilində  makler Ədalət Məmmədova satmışam.  Əslində, bunu özünün yox, atasının etdiyini də etiraf etdi.  Makler Ə.Məmmədov da həmin sərəncamla icra hakimiyyətində  mənim torpağımı öz adına keçirib. Görürsünüz necə qarışıq bir məsələdir.

Cənab Prezident!

Xəzər rayonunda maklerlər İcra Hakimiyətinin əliylə vətəndaşlara qarşı yüzlərlə belə dələduzluqlar edirlər.  Maklerlər sovet dönəmində verilən sərəncamları onların sahiblərindən 2-10 min AZN arası qiymətə alır, icra hakimiyyətindəki əlaqələrindən istifadə edərək, hansısa vətəndaşın xəbəri olmadan özününküləşdirirlər.  Pula ehtiyacı olan insanlar isə belə maklerlərin toruna asanlıqla düşürlər. Onun heç ağlına da gəlmir ki, bu sərəncamı hardasa başqa torpaq sahəsinə də şamil edə bilərlər. Belə maklerlər  var. Onlara da icra hakimiyyətindəki əlaqələri himayədarlıq edir.  Məsələn, hazırda R.Qasımov öz torpaq sahəsindəki evində sənədsiz yaşayır.  Çünki həmin sənədi satıb, lakin yalnız sənəddir satılan. Yəni  bütün saxtalaşdırmalar sənəd üzərində həyata keçiriblər.

Xəzər rayon İcra Hakimiyyətində 1-ci müavini Vaqif Həsənovun yanına getdim.   V.Həsənov bizi dinləyib dedi ki,  “bu haqda mən artıq bilirəm, bu, cinayətdir. Ona görə də sizi göndərirəm Xəzər rayon prokurorunun yanına”. Prokurorun da yanında olduq. Prokuror isə ərizəylə tanış olub dedi ki, bu, mülki işdir, məhkəməyə müraciət edin.  Nə qədər ona dirəndimdəki bəs burada cinayət baş verib, prokuror dedi ki, “sən çox şey deyə bilərsən”. Mən də məhkəməyə müraciət etdim.

xazar-5

Cənab İlham Əliyev!

Prosesdə iştirak edən şahidlərdən , qəsəbə sakini və qapı qonşumuz bildirdi ki, zəbt olunmuş həyətyanı sahə və ev mənə məxsusdur. Hətta, hasar tikilən zaman 2-3 gün həyat yoldaşım və fəhlələrlə birlikdə tikintidə iştirak edib.  Digər qonşumuz  Ramiz Cəlilov da şahid qismində məhkəmədə ifadə verərkən bildirdi ki,  15 ildir bizimlə qonşudur. Yalnız 2015-ci ildə evin və həyətin zəbt edildiyini bilib.  Digər şahid Nizami Rəsulov da dedi ki,  qonşuluqda mühafizəçi işləyir. Zəbt edilmiş evin və həyətyanı sahənin qanuni sahibi kimi məni – Rəhilə  Ağaxanovanı tanıyır. Lakin bütün bunlara baxmayaraq Xəzər rayon məhkəməsnin hakimi  Tərlan Əkbərov dələduzların xeyrinə qərar çıxartdı.  Sədrin qəbulunda oldum. O isə dedi ki, artıq qərar verilib, mən heç nə edə bilmərəm.  Apellyasiya şikayətinin də, Ali Məhkəməyə də şikayətin də xeyri olmadı.

Apelyasiya Məhkəməsində bizə xəbərdarlıq belə göndərmədən proses keçrilmişdi. Ali Məhkəmədə hakimlərə müraciət etdim ki, ədalətli qərar çıxarın.  Qəribədir ki,  hakimlər uzun çəkən məşvərətdən sonra kakassasiya şikayətimi təmin etmədilər.  Prosesdə hakim  İlqar Dəmirov üzünü cavabdehlərə tutub dedi ki, heç olmasa bu insanların halallığını verin. Daşdan səs çıxdı, dələduzlardan yox.  Proses zamanı hamının əvəzinə yalnız makler Ə.Məmmədov çıxış edirdi.  Qəribədir ki, o, bu dələduzluqda iştirak edən şəxslərin hamısının nümayəndəsiydi. Əvvəllər sürücü işləmiş, hazırda isə makler fəaliyyətiylə məşğul olan bu şəxs prosesdə özünü hüquqşünas kimi təqdim edirdi.

Cənab Prezident!

Mən mətbuat vasitəsiylə üzümü  Sizə- Prezident İlham Əliyevə tutub xahiş edirəm.

Cənab Prezident, Siz bütün Azərbaycan vətəndaşlarının qarantısınız. Fərqi yoxdur bu vətəndaşlar hansı milliyəti daşıyırlar.  Ümid edirəm ki, hazırda zəbt edilmiş mənə məxsus  evimi və həyətyanı torpaq sahəmin  geri qaytarılması üçün  saxtalaşdırmada iştirak edən Xəzər rayon İcra Hakimiyyətinə,  dələduzlara haqq qazandıran məhkəmə-hüquq sisteminə göstəriş verəcəksiniz.

Mən millliyətcə ləzgiyəm. Amma Azərbaycan mənim də vətənimdir. Sizin məzlum vətəndaşları zalım məmurlardan qoruyacağınıza inanıram.

 

Şərhlər

Çox oxunanlar