Vergilər Nazirliyi: Qaimə-faktura təqdim etməyənlərə 40%-ə qədər sanksiya tətbiq ediləcək
15.03.2017 16:12 Sosreaksiya 1821
“Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsindən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10%-i miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulub”. “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru Toğrul Quliyev deyib.
T.Quliyev bildirib ki, maliyyə sanksiyaları 40%-ə qədər yüksələ bilər.
“Hər bir vergi ödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı qaimə-faktura və ya elektron qaimə-faktura verməyə borcludur. Məlum olduğu kimi, gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır. Bu cür halların qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərlə məsuliyyət tədbirləri nəzərdə tutulub. Belə ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsindən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə isə 40%-i miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulub. Odur ki, maliyyə sanksiyalarına məruz qalmamaları üçün vergi ödəyicilərinə malları ciddi hesabat blankları əsasında almalarını tövsiyə edirəm”, - Departament rəhbəri bildirib.
Nazirlik rəsmisi sənədsiz satılan mallarla rastlaşan vətəndaşların Nazirliyə bu faktları bildirməsini xahiş edir: “Azərbaycan ərazisində malların sənədsiz satılması qanuna ziddir. Hər bir mal ya ölkədə istehsal, ya da xaricdən idxal olunur: hər iki halda onlar qanunamüvafiq qaydada sənədləşdirilməlidir. Əgər satılan malın sənədi yoxdursa, deməli, o, ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”.
Şərhlər