DYP-nin "prava" verdiyi sürücünü DİM təkrar imtahana çəkəcək
17.03.2017 12:06 Sosreaksiya 1302
Ekspert: "Yardımçı vəzifələrə imtahanla işə qəbul düzgün yanaşma deyil"
"Dövlət qulluğu haqqında" qanunda son dəyişikliyə görə, dövlət orqanlarında yardımçı vəzifələr ilə bağlı işə qəbul prosesində imtahanlardan istifadə olunacaq. Amma orada göstərilir ki, yardımçı vəzifə tutmaq üçün minimum təhsil tam orta təhsildir. Yəni, 11 illik təhsildir. Amma inzibati vəzifə tutmaq üçün ali təhsil minimumdur. Əlavə olaraq magistr və ya digər elmi dərəcəsi olanlar da inzibati vəzifələr tuta bilərlər.
Bunu dövlət qulluğuna hazırlıq üzrə ekspert İlyas Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib. "Amma yardımçı vəzifələrə insanların seçilməsi praktikası indiyədək tətbiq olunmayıb. Hansı meyarlar əsasında yardımçı vəzifələrə imtahanların keçirilməsini Dövlət İmtahan Mərkəzi (DİM) müəyyən edəcək" — ekspert bildirib.
İ. Hüseynovun fikrincə, yardımçı vəzifələrə imtahanla işə qəbul düzgün yanaşma deyil: "Deyək ki, bir nəfəri sürücü kimi hər hansı bir dövlət orqanı işə qəbul edir. Hansı parametrlərlə onun işə qəbulunu yoxlayacaq? Çünki o, sürücülük vəsiqəsi alıbsa, onun imtahandan keçməsini Dövlət Yol Polisi yoxlayır". "Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzi son vakansiyasını keçən ilin iyul ayında verib. Ötən dövrdə, 8 ayda yeni vakansiyalar yoxdur, dövlət qulluğunda çalışmaq istəyənlərin sayı günü-gündən artır, imtahanlar da keçirilmir. 8 ay uzun bir müddətdir. Nəticədə isə dövlət qulluğunda çalışmaq istəyənlərin həvəsi də azalır" — deyə o qeyd edib. Onun sözlərinə görə, ola bilər burada problem DİM-də deyil, dövlət orqanlarındadır: "Çünki ola bilsin, onlar vakansiyaları çıxartmırlar. Müqavilə ilə işləyənlərin sayı və digər problemlər hələ də qalmaqdadır".
İ. Hüseynov bildirib ki, xarici dövlətlərdə yardımçı vəzifələrə işə qəbul test və ya digər imtahanlar ilə keçirilmir: "Qonşu dövlətlərə baxsaq, onlarda da keçirilmir. Burada müsahibə ola bilər. Müsahibə mərhələsinin olması labüddür. Çünki şəxsin vətəndaşlarla davranışı, dünyagörüşü və s. müsahibədə özünü büruzə verir. Qərbdə bu işlərlə daha çox kadr şirkətləri məşğul olur, onlar kadrları təqdim edirlər".
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hər kəsin işə qəbul zamanı müsahibədən, müsabiqədən keçməsi yaxşı bir üsuldur: "Çünki burada onun peşəkarlığını, ixtisas üzrə biliklərinin hansı səviyyədə olduğunu, davranışını müəyyənləşdirmək olur. Dövlət qulluğunda çalışan hər kəs — sürücüdən tutmuş nazirə kimi dövləti təmsil edir. Yardımçı vəzifələrə qəbul ilə bağlı test imtahanının keçirilməsi yaxşıdır. Burada sadə suallar olacaq. Bu qaydalar yeni işə qəbul olunanlara aid olacaq. Əvvəl işə qəbul edilənlərə aid ola bilməz".
Nuriyevin sözlərinə görə, bunlar əslində sistemin elementləridir: "Sistemin elementləri üçün vahid qaydaların müəyyənləşdirilməsi vacib məsələdir. Gələcəkdə də hər hansı bir dəyişikliyin baş verməsindən asılı olmayaraq onları dəyişmək mümkün olmaz. Bəzi hallarda hansısa bir dövlət orqanının rəhbəri dəyişəndə hətta süpürgəçini dəyişməyə kimi gedirlər. Təəssüf ki, bəzi hallarda belə də olub. Amma imtahan olarsa, o zaman onun təminat sistemi yaranır, qanunvericilik ona qarant olur. Onun işdən çıxarılmasına yol verilmir". "Görürsən ki, hansısa bir aparatın rəhbəri və yaxud da şöbə müdiri dəyişirsə, sürücünü də özü müəyyənləşdirir. Bu, olmaz. Ona görə də ümumi davranış qaydalarına və konkret vəzifə funksiyalarına uyğun olaraq imtahandan keçmək normaldır. Bu, idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı olan məsələdir, ayrı-ayrı şəxslərin iradəsindən asılılığın qarşısının alınmasına yönəlib" — deyə Ə.Nuriyev bildirib. Qeyd edək ki, katibə, kargüzar, sürücü və liftçilər dövlət qulluğuna testlə qəbul olunacaq. "Dövlət qulluğu haqqında" qanunun 28.3-cü maddəsinə əsasən, test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat veriləcək. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydaya əsasən, şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
Şərhlər