Əflatun Amaşov: “Azərbaycan və Gürcüstan jurnalistlərinin iştirakı ilə layihələr həyata keçiriləcək”

28.03.2017 12:20     Sosreaksiya     1157

“Gürcüstanda azərbaycandilli jurnalistikanı inkişaf etdirmək vacibdir. Vaxt var idi ki, azərbaycandilli jurnalistikanın məhsulları Tiflisdən dünyaya yayımlanırdı. Gürcüstanda XIX və XX əsrlərdə müxtəlif mətbuat orqanları fəaliyyət göstərib. Görkəmli yazıçılarımız, jurnalistlərimiz bu mətbuat səhifələrində cəsarətlə çıxış ediblər”.

 

Bu sözləri Gürcüstanda səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov apa-ya açıqlamasında deyib. O bildirib ki, Gürcüstanda yaşayan yarım milyona qədər azərbaycanlı üçün informasiya qıtlığı mövcuddur: “Əvvəllər Tiflisdə nəşr olunan müxtəlif qəzetlər ölkədə baş verən hadisələr və müxtəlif beynəlxalq tədbirlər haqqında azərbaycanlılara operativ şəkildə xəbərlər çatdırırdı. İndi soydaşlarımız bu xəbərləri Azərbaycanda nəşr olunan qəzetlərdən və müxtəlif televiziyalardan, müxtəlif saytlardan alırlar. Amma təəssüf ki, bu informasiyalar onlara gec çatır və informasiya qıtlığına səbəb olur”.

 

Ə. Amaşov qeyd edib ki, Gürcüstanda fəaliyyət göstərən TV, sayt və mətbuat orqanları soydaşlarımızın sosial həyatı və mədəniyyəti haqqında nadir hallarda yazılar və reportajlar yaydığını söyləyib: “Gürcü televiziyaları və saytları, həmçinin qəzetlər yalnız soydaşlarımızın kompakt yaşadığı bölgələrdə kriminal hadisələr baş verən zaman və yaxud gender bərabərliyi pozulanda, qız qaçırılanda, erkən evlilik baş verəndə sanki “canlanırlar”. Əlbəttə, bu hadisələr barədə yazmaq vacibdir, çünki Gürcüstanda erkən evliliyə qarşı qanun qəbul edilib və bu qanunu pozanlar haqqında yazmaq lazımdır.  Amma son illər soydaşlarımız yaşayan bölgələr inkişaf edir və bu inkişafda soydaşlarımızın da əməyi danılmazdır. Son illər Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan gənclərimizin sayı getdikcə artmaqdadır. Düşünürəm ki, bu inkişaf gürcü mətbuatının diqqətindən yayınmayacaq”.

 

Ə. Amaşov Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri və eyni zamanda Mətbuat Şurasının rəhbəri olaraq gələcəkdə Azərbaycan və Gürcüstan jurnalistlərinin iştirakı ilə müxtəlif layihələr həyata keçiriləcəyini vurğulayıb: “Biz Gürcüstan dövləti ilə birgə hər iki ölkənin mətbuat əlaqələrinin inkişaf etdirilməsinə çalışacağıq. Sözsüz ki, bu layihələrdən Gürcüstanda fəaliyyət göstərən qəzet və jurnallar da kənarda qalmayacaq, bununla biz Gürcüstanda azərbaycandilli mətbuatın da inkişaf etdirilməsinə nail olacaq və informasiya qıtlığını aradan qaldırmağa cəhd edəcəyik”.

 

MŞ sədri son illərdə Azərbaycanda mətbuat sahəsində görülən işlərdən də danışıb: “Azərbaycanda mətbuatın inkişafı göz qabağındadır. Bu gün Azərbaycanda müasir tələblərə cavab verən peşəkar jurnalistika mövcuddur. Diqqət yetirilən əsas məsələlərdən biri də jurnalistlərin sosial həyat tərzinin yaxşılaşdırılması olub. Bu da dövlətin qayğısı sayəsində həyata keçirilib. Jurnalistlərə yaşayış evlərinin tikilməsi və onların ev probleminin həlli jurnalistlərin fəaliyyətinə müsbət təsir edib”.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar