“Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir - FOTOLAR

29.03.2017 14:52     Sosreaksiya     1300

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən,  29 mart 2017-ci il tarixdə Zərdab rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Zərdab rayon İcra hakimiyyətinin başçısı Lütvəli Babayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Zərdab rayon İcra hakimiyyətinin başçısı Lütvəli Babayev xarici işğalçılara qarşı mübarizədə zərdablıların göstərdikləri qəhrəmanlıqlardan danışmışdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında ordu quruculuğu prosesində həyata keçirilmiş işlərdən danışaraq qeyd etmişdir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrin dünyanın ən qüdrətli ordularından biridir.

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev 1918-ci ilin mart ayında daşnak və bolşevik quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımdan danışmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli bildirmişdir ki, bugün Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqları azad etmək gücündədir və bu qüdrətini ötən ilin aprel ayında təmas xəttində baş vermiş döyüşlərdə sübut etmişdir.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Zərdab rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar