Bakıda dəhşətli qətlin TƏFƏRRÜATLARI

30.03.2017 10:31     Sosreaksiya     1434

Martın 29-da gecə saatlarında 22 yaşlı Aysel Cəlilovanın həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatları məlum olub. Trend-in məlumatına görə, qətlə yetirilən 1995-ci il təvəllüdlü A.Cəlilova iki ay əvvəl aralarında yaranmış münaqişə nəticəsində həyat yoldaşı, 1994-cü il təvəllüdlü İsrail Cəlilovdan boşanıb və həmin vaxtdan Binəqədi rayonunun Biləcəri qəsəbəsində atasının evində yaşayırmış. Son bir ayda İ.Cəlilov ayrıldığı həyat yoldaşını izləyib. O, həyat yoldaşı ilə yenidən ailəsini bərpa etmək qərarına gəlib. Martın 29-da axşam saatlarında İ.Cəlilov qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi ilə oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İ.Cəlilovu evə buraxıblar. Axşam saat 23 radələrində İ.Cəlilovun yanında olarkən A.Cəlilovanın mobil telefonuna zəng gəlib. İ.Cəlilov zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşanda isə A.Cəlilova ona dəqiq söz deməyib. Bundan əsəbiləşən ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb və qapını arxadan bağlayaraq mətbəxdən götürdüyü bıçaqla onun boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı qızın atası və qardaşı evdə olsa da, onlar hadisədən xəbərsiz olublar. Həyat yoldaşını qətlə yetirən İ.Cəlilov hamamda yuyunaraq evdən çıxıb və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gələrək təslim olub. Məlumata görə, ər və arvadın hər ikisi əslən Şamaxı rayonunun Qurbançı kəndindəndir. Qeyd edək ki, martın 29-da gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində Cəlilov İsrail İsmayıl oğlu keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının boğazını kəsərək qətlə yetirib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Şərhlər

Çox oxunanlar