Azərbaycandan xaricə çıxarılan böyük pullarla bağlı ilginc detallar
01.04.2017 12:45 Sosreaksiya 1671
Ölkənin məmur-oliqarxları milyonlarını hansı ölkələrin mənzil bazarına yatırır; imkanlıları xaricə üz tutmağa sövq edən səbəblər...
Azərbaycan vətəndaşları son vaxtlar xüsusilə Bolqarıstanda daşınmaz əmlaka böyük maraq göstərirlər. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetinə yer alan məqalədə deyilir. Bildirilir ki, indiyədək bir neçə yüz Azərbaycan vətəndaşı Bolqarıstanda müxtəlif növ daşınmaz əmlak əldə edib.
Bolqarıstanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Stoyko Stoykov deyir ki, burada 30 min dollara dənizin kənarında yeni tikilən binalarda təmir olunmuş və yaşayışa tam hazır olan mənzil almaq olar: “Sizin vətəndaşlar əsasən dənizin kənarında, o qədər də böyük olmayan 50-100 kvadratmetrlik mənzillər alırlar. Onlar bu evlərdə ilin 2-3 ayı qalsalar da, qalan aylarda burada onların qohumları yaşayır”.
Nəşrin məlumatın görə, Bolqarıstan Avropa Birliyinə daxil olmağa hazırlaşdığı üçün burdan əmlak alanlar bir neçə il sonra Avropaya sərbəst gəlib gedə biləcəklər.
Həmçinin həm yeni bazar olduğuna, həm də dünyadakı maliyyə böhranının təsirinə görə Bolqarıstanda daşınmaz əmlak indi çox ucuzdur.
Hazırda ölkə vətəndaşlarının ən çox maraq göstərdiyi ölkə Türkiyədir. Türkiyədə vətəndaşlarımızı əsasən turizm potensialı cəlb edir. Antalya, Kəmər, Bələk, Alanya və ümumilikdə Aralıq dənizinin ətrafı təxminən 30 min dollar dəyərində ev almaq üçün əlverişlidir. Xaricdəki evlərin qiymətinə müxtəlif amillər, hətta iqlim də təsir edir.
Amma azərbaycanlıların getdikcə daha çox hissəsi əmlak almaq üçün Avropaya üstünlük verir. Avropada ev almağa marağın səbəblərindən biri burada hotellərin bahalığıdır. Üstəlik, maliyyə böhranı nəticəsində Almaniya, Böyük Britaniya, Avstriyada evlərin qiyməti kəskin enib və ucuz qiymətlər indi də qalır. Nəticədə bir qədər qəribə görünsə də, 30 min dollarlıq evləri Avropanın inkişaf etmiş ölkələrində də tapmaq olar. Fransa və İngiltərədə 30 min dollara ev tapmaq çətindir.
Avropada ipoteka ilə ev satışı da geniş yayılıb. Burda evlərin 60-70%-i ipoteka ilə satılır. Azərbaycan vətəndaşları da istənilən Avropa ölkəsində ipoteka krediti ilə ev ala bilər. Burada ipoteka kreditləri 3-4%-lə 25-30 ilə verilir.
Qeyd edək ki, qanunvericiliyə görə, istənilən şəxs Avropa ölkələrində ev almaq hüququna malikdir. Lakin bu, daşınmaz əmlakın bütün növlərinə aid deyil - Avropa ölkələrinin bəzilərində, məsələn, Bolqarıstan və Slovakiyada torpaq almağa qadağa var.
Onu da qeyd edək ki, son zamanlar xarici turistlərin Bakıda və bölgələrdə daşınmaz əmlaka marağı artıb. Xüsusən ərəb ölkələrindən gələnlər və İran vətəndaşları Bakıda mənzil almağa üstünlük verirlər. Həmçinin aldığımız məlumatlara görə, ərəblər ov etmək üçün əlverişli olan Hacıqabulda, Qəbələdə və digər bölgələrdə torpaq və ev alırlar.
Bu məsələlərə münasibət bildirən daşınmaz əmlak bazarı üzrə ekspert, iqtisadçı Ramil Osmanlı qeyd etdi ki, burada müxtəlif səbəblər var: “Təbii ki, ən aktual səbəb Azərbaycanda daşınmaz əmlaka qoyulan investisiyanın likvitliyinin aşağı olmasıdır. Azərbaycanda daşınmaz əmlaka yatırılan investisiyalar artıq səmərəli deyil. Gəlir gətirmək imkanları o qədər yüksək deyil. Risklər həddindən artıq çoxdur. Həm hüquqi risklər, həm iqtisadi risklər var. Əmlakın dövlət ehtiyacların üçün alınması kimi problemlər, şəhərsalma ilə bağlı söküntülər və sair. Eyni zamanda mövcud makroiqtisadi vəziyyətin geriləməsi nəticəsində Azərbaycanda, xüsusilə kommersiya obyektlərinin gəlirliliyinin aşağı düşməsi, iqtisadi aktivliyin azalması da insanları daşınmaz əmlak bazarına yatırım etməkdən çəkindirən amillər sırasındadır. Bu səbəblərlə yanaşı, ölkənin maliyyə bazarında baş verən proseslərin də təsiri var. İki ildir ki, biz bu mövzuda danışırıq. Azərbaycanda vətəndaşlar əmanətlərini banklardan geri çəkirlər. Amma onu heç bir yerə yatırmırlar, nağd pul formasında dollarla əllərində saxlayırlar. Yeganə olaraq SOCAR istiqrazlarını çıxmaq şərtilə (o da qismən), hökumət ölkədə həmin vəsaitlərin iqtisadiyyata cəlb edilməsi baxımından hər hansı bir addım atmır. Həmin vəsaitlərin iqtisadiyyata yönəldilməsi üçün Azərbaycanda ən vacib olan məqam manatın öz real bazar dəyərini tapmasıdır. Nə qədər ki, manat real bazar dəyərini tapmayıb, bu problemlər davam edəcək”.
Ərəblərin və İran vətəndaşlarının Azərbaycanda daşınmaz əmlak bazarına yatırım etməsinə münasibət bildirən Ramil Osmanlı bunun kütləvi xarakter daşımadığını vurğuladı: “Xarici vətəndaşların Azərbaycanda torpaq almasına qanun icazə vermir. O baxımdan mən inanmıram ki, hansısa xarici vətəndaş Azərbaycanda mənəvi bağlılığı olmayan adamın adına böyük məbləğdə investisiya qoyub əmlak alsın. Bu inandırıcı məlumat deyil, sadəcə, spekulyasiyadır. O ki qaldı binada mənzil almaq məsələsinə, bu kimi faktlar hər zaman olub və bu gün də var. Əvvəl Gürcüstan vətəndaşı olan azərbaycanlılar paytaxtdan mənzil alırdılar. Son illərdə İran vətəndaşlarının Azərbaycana axını müşahidə olunur. Ancaq hesab etmirəm ki, bu kütləvilik daşıyır. İndiki şəraitdə Azərbaycanda daşınmaz əmlak bazarında əsaslı bir dəyişikliyə gətirib çıxaran yenilik yoxdursa, xarici vətəndaşların mənzil almasının kütləvi xarakter daşıyacağını güman etmirəm”.
Ekspert hesab edir ki, xarici vətəndaşların Azərbaycanda torpaq sahibi olmasını qadağan edən qanuna dəyişiklik edilərsə, bu, iqtisadi baxımdan sərfəli ola bilər, ancaq dövlət maraqları baxımından yox: “Bu, iqtisadi baxımdan faydalı bir dəyişiklik olsa da, mən bunun tərəfdarı deyiləm. Belə olan halda İran kimi ölkələr Azərbaycan torpaqlarının yarısını pulla alarlar. Ona görə də mənim bu məsələdə mövqeyim fərqlidir. Xarici vətəndaşlar Azərbaycanda torpaq sahələrini yalnız bir illiyə icarəyə götürə bilərlər. Bundan daha artıq müddətə torpağı icarəyə götürməyə qanunvericilik icazə vermir”.
Şərhlər