Aprel döyüşləri: Düşmənin iflasa uğrayan planı və BÖYÜK ZƏFƏR-in başlanğıcı
03.04.2017 12:21 Sosreaksiya 1468
Ötən ilin bu günü Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbəsi kimi tarixə düşdü. Ötən ilin bu günü Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, cavanından, qocasından asılı olmayaraq, daim döyüşə hazır olduğunu göstərdi. Ötən ilin bu günü Ermənistanın hərbi-siyasi rejimi anladı ki, indiki Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Ötən ilin bu günü...
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan ordusu bir daha öz vəhşi simasını nümayiş etdirdi, təmas xəttində yaşayış məntəqələrimizi iriçaplı silahlardan atəşə tutdu. Nəticədə 5 nəfər həlak oldu, 40-a yaxın dinc sakin yaralandı, yüzlərlə ev, infrastruktur obyekti dağıldı, təsərrüfatlara ciddi ziyan dəydi.
Azərbaycan Ordusu düşmənə cavab olaraq sarsıdıcı zərbələr endirdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin 200-ə yaxın hərbçisi, çoxsaylı texnikası məhv edildi, 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklikləri erməni işğalından azad edildi, Silahlı Qüvvələrimiz on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazandı.
Əslində, Ermənistanın hər dəfə cəbhədə təxribata əl atmasının səbəbi heç kimə sirr deyil: cinayətkar rejim münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesində dalana dirənəndə cəbhədə vəziyyəti gərginləşdirir, həmçinin öz xalqının fikrini ölkədəki ictimai-siyasi, sosial-iqtisadi böhrandan yayındıraraq Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə cəhd edir. Bununla vaxtı uzadan Ermənistan rəhbərliyi aldadılmış insanların vətənpərvərlik hisslərindən sui-istifadə etməyi bir yana, məzlum roluna girərək guya Azərbaycanın münaqişənin dinc yolla həllini istəmədiyini bəyan etməyə çalışır. 2016-cı il aprelin əvvəlində də məqsəd eyni idi. Lakin bu dəfə Azərbaycan Ordusunun cavab zərbələri düşməni “ayıltdı”, havadarlarına yalvarıb kömək istəməyə qədər qorxuya saldı.
Azərbaycan Silahlı Qüvvələri heç bir ölkənin ərazisinə bir güllə belə atmayıb – torpaqlarına soxulmuş düşmənə qarşı elə öz torpaqlarında əməliyyat aparıb. Bu elə aydın bir fakt idi ki, beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr də Azərbaycan əleyhinə bir söz belə deyə bilməzdilər. Xaricdən səslənən əksər bəyanatlar, çağırışlar isə hərbi əməliyyatları dayandırmaqla məhdudlaşırdı – yalnız ermənilərin düşdüyü mürəkkəb vəziyyətdən narahatlıq ifadə olunurdu. Belə vəziyyətdə Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
Bütün bunlar göstərdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan isə işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək, hər an torpaqları azad etmək iqtidarındadır.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, Ermənistanın əldə etdiyi “uğurun” isə müvəqqəti xarakter daşıdığını və gec-tez ədalətin bərpa olunacağını göstərdi.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial, qətiyyətli, düşünülmüş, xalqın milli maraqlarına uyğun siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi, eləcə də ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq iri layihələrdən kənarda qalması ilə nəticələnib.
Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verib.
Lakin Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləmək, işğalçı qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdır.
Dövlətimizin başçısı aprel döyüşlərinin Ermənistanın ideoloji əsaslarını dağıdığını, bu gün Ermənistan cəmiyyətinin sarsıntı, təşviş içində olduğunu vurğuladı.
Danılmaz faktdır ki, Ermənistan ordusu xaricdən yardım almaqla, kredit yolu ilə, qrantlar hesabına silah-sursatla təmin olunursa, Azərbaycan Ordusu yerli istehsallı ən müasir silahlarla, hərbi texnikalarla təchiz olunur. Prezident İlham Əliyev bildirdi ki, Milli Ordunun arsenalında olan müasir silahlardan istifadə edilsə, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq:
“Bu gün Ermənistan rəhbərliyi öz təxribatçı fəaliyyətini davam etdirir. Aprel döyüşlərindən sonra bir müddət təşviş, qorxu içində idi. İndi elə bil ki, o stressdən bir qədər çıxmağa çalışır və yenə də cəfəng bəyanatlar verir, bizi hədələməyə, hansısa silahlarla qorxutmağa çalışır. Bizim buna gülməyimiz gəlir. Çünki onlar yaxşı bilməlidirlər və bilirlər, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.
Azərbaycan Prezidentinin aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalandığını və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edildiyini bildirməsi isə Ermənistan rəhbərliyinə növbəti ciddi xəbərdarlıqdır.
Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr Azərbaycanın daxili işidir: “Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq”.
Bu gün ildönümünü qeyd etdiyimiz aprel döyüşlərindəki qələbələr Azərbaycan Ordusunun düşmən üzərində böyük zəfərinin başlanğıcı oldu və əminik ki, Silahlı Qüvvələrimiz bizi belə qələbələrlə hələ çox sevindirəcək, ərazi bütövlüyümüz gec-tez bərpa olunacaq!
Şərhlər