İrəvanda etirazlar başlaya bilər – Prezident cinayətləri
03.04.2017 16:09 Sosreaksiya 1339
Serj Sərkisyan bütün saxtakarlıqlara, seçkiləri pulla almalarına rəğmən, “qələbəsini” artıq təmin edib. Seçkidən öncəki proqnozum da belə idi ki, Sərkisyan hakimiyyəti əldən verməz. Konstitusiya dəyişəndən sonra əsas səlahiyyət parlament və hökumətdə olsa da, Sərkisyan burada da nəzarətini qoruyacaq və heç bir kəskin reaksiyaya imkan verməyəcək.
Bu sözləri Axar.az-a Ermənistanda parlament seçkisinin nəticələrini şərh edən plitoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, müxalifət bu gün axşama və ya sabaha müəyən etiraz nümayişləri təşkil edə bilər:
“Ancaq Sərkisyan silah gücünə olsa belə, bu etirazların qarşısını alacaq. Ermənistanda seçkilərin bu qədər saxtalaşdırıldığı bir vaxtda Qərbin susqun münasibətinə gəlincə, Qərb keçən seçkidə - Sərksiyan onlarla vətəndaşını öldürəndə də səssiz qaldı. Bu da ikili standartdan irəli gəlir. Pozuntularla bağlı faktlar toplanmalı, ATƏT müşahidəçilərinin rəyi də açıqlanmalıdır. Bundan sonra Qərbdən müəyyən münasibət bildiriləcək, ancaq bu münasibətin çox da sərt olacağını gözləmirəm”.
Qeyd edək ki, Ermənistanda aprelin 2-də keçirilən seçkilərin son nəticəsinə əsasən, hakim Respublika Partiyası seçicilərin 49,12%-nin səsini toplayıb. Ondan sonrakı yeri isə 27,32% səslə Çarukyan bloku tutur. Növbəti yerlərdə isə Yelk bloku (7,77%), Daşnaksütyun Partiyası (6,57%), Çiçəklənən Ermənistan Partiyası (3,71%), Ohanyan-Raffi-Oskanyan bloku (2,7%), Erməni Milli Konqresi bloku (1,65%), Azad Demokratlar Partiyası (0,94%) və Ermənistan Kommunist Partiyası (0,75%) qərarlaşırlar.
Bu nəticələrə əsasən, Ermənistan parlamentinə Respublika Partiyası, Çarukyan bloku, Yelk bloku və Daşnaksütyun Partiyası keçir.
Şərhlər