Rayonların paytaxtdan sallanması - Adlar və faktlar
30.06.2015 17:22 Sosreaksiya 2252

Biri öz oğlunun QHT-sini şişirdir, digəri isə Google-un baş redaktorunu da axtarır ki, cibinə pul basıb özünü reklam elətdirsin...
Hər il rayonlara yüz milyonlarla manat vəsait dotasiya göndərilir... hardan? Əlbəttə, Bakıdan. Bəs rayonlardan Bakıya göndərilən vəsait bu məbləği keçirmi... Keçməyi demirəm, həndəvərində belə görünmür. Bunun üçün konkret rəqəmlər göstərməyə ehtiyac yoxdur.
Bölgələrdə iqtisadiyyat inkişaf eləmir, son illərdə barmaqla sayılacaq qədər rayonlarda açılmış beş-on sənaye müəssisəsindən savayı, gözə heç nə dəymir. Əlbəttə ki, infrastrukturun inkişafı istiqamətində iş gedir və yetərincə maliyyə ayrılır. Amma gəlin gizlətməyək və deməkdən də çəkinməyək ki, bu vəsaitlərin çoxu icra başçıları tərəfindən “həzm-rabe” prosesinin qurbanı olur.
Bölgələrdə işsizlik günü-gündən artır, gənclər ya Bakıya, ya da qonşu ölkələrə, xüsusən də Rusiyaya üz tutur. Elə kəndlər var ki, girib “Bu kənddə kişi var?” deyə qışqırsan, qabağına ya qocalar çıxacaq, ya da `10-15 yaşlı uşaqlar... Kişi ailəsini saxlamalıdır, kənd təsərrüfatı ilə də məşğul olmaq üçün normal şərait yoxdur, ya da yaradılmır. Hər halda, bütün bölgə sakinləri kənd təsərrüfatı ilə məşğul ola bilməz. İstehsalat prosesi yox səviyyəsindədir, ancaq şadlıq sarayları, yolkənarı kafelərin sayı artır. Restoranların sayı digər müəssisələrə nisbətən fantastik faizlə artdıqca da, fühuşun səviyyəsində yüksəliş ehtimalı qalxır. İşsizlik, imkansızlıq olan yerdə hər şey gözləniləndir. Elə rayonlar var ki, bircə istehsalat müəssisəsi yoxdur, amma nə qədər desən market, restoran, kafe var. Pullar xərclənilir, amma qazanılmır. Qazanılırsa da çox az, yerli gəlirlər xərclərin yarısını da ödəməyə bəs etmir.
Son 8 ilin (2008-2015-ci illər) statistikasına nəzər salsaq görərik ki, bu dövrdə regionların yerli gəlirləri 3,2 dəfə, xərcləri isə 82% artıb. Mərkəzi büdcədən ayrılan vəsaitlərin həcmi isə daha az artıb - cəmi 25%. Rəqəmlər belə görünür ki, yerli gəlirlərin artım tempi regionlara ayrılan dotasiyaların artım tempini üstələyir. Müqayisə üçün bildirək ki, 2008-ci ildə mərkəzi büdcədən ayrılan vəsaitlər regionların ümumi xərclərinin 72%-ni təşkil edib. Ancaq bu il göstəricinin 52,1%-ə qədər azalacağı gözlənilir. Gələn il isə mərkəzi büdcədən ayrılan vəsaitlər regionların ümumi xərclərinin 49,5%-nə bərabər olacaq.
2015- ci ilin dövlət büdcəsində regionlara ayrılan vəsaitin miqdarına diqqət yetirdikdə görürük ki, regionların xərcləri gəlirlərindən təxminən 2 dəfə çox olacaq. Belə ki, bu il şəhər və rayonların yerli gəlirləri 834,5 milyon manat olduğu halda, xərcləri 1 milyard 654 milyon manat təşkil edəcək (və ya etməlidir). Aradakı 819,4 milyon manatlıq fərq isə mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlər, yəni dotasiya hesabına təmin olunub. Bir neçə rayon rəhbərliyi ilə əlaqə saxladım, ilk 4-5 ayda xərclənilən vəsait və gəlirlərlə bağlı məlumat istədim, rayonda son illərdə açılan sənaye müəssisələri ilə bağlı soruşdum... Amma heyhat, suallarım müsahiblərimə çox qorxulu göründü. Həftə ərzində hərəsi bir bəhanə ilə yola verdi.
Gəncədə magistr təhsili almışam, son dəfə iki ay əvvəl ora getdim... gəncəli bir dostumun dediyi söz məni çox kövrəltdi: “Bu şəhərdə hamı bir-birinin hesabına dolanır, daha çox alver və xidmət sektoruyla dolanırıq, sənayedə iş çox azdır”. Halbuki, orda da bir neçə fabrik və zavod var... amma çox azdır. Hətta belə söz də gəzir ki, Gəncədə "reallaşan" qrant layihələrin əksəriyyəti də məhz Elmar Vəliyevin oğlu, “Avropa Gənclər Paytaxtı - 2016” İctimai Birliyinin sədri Elmir Vəliyevin monopoliyasındadır.
Lənkəranda və ətraf rayonlarda isə durum daha acınacaqlıdır. Orda olan 1-2 fabriklə bölgə əhalisi təsəlli tapa bilməz. İcra başçıları bir dəfə salınmış parkı yenidən çəpərləyib büdcədən pul xərcləməklə (daha çox hissəsini cibinə ötürməklə) gözdən pərdə asmağa çalışırlar. İmişlidə veteran parkı salınır, amma rayon veteranları əllərində şikayət ərizələri Azərbaycan Nəşriyyatında redaksiyaların qapılarını döyürlər.
Masallı RİH başçısı Rafil Hüseynov rayon sakinlərini aclıq aksiyalarına, etirazlara təhrik etməkdən "zövq" alır. Şikayətlər bir deyil, iki deyil. O, vəzifəyə gələndən əkinə yayarlı torpaqları tikinti sahələrinə çevirir, "biznesin inkişafına təsərrüfata zərbə vurmaqla kömək edir". Kəndlər arasındakı yollar isə qazılmış, dağıdılmış vəziyyətdə... Yollara isə internetdə çıxan rəqəmlərə inansaq 4,6 milyon manat vəsait xərclənməliydi. Xərclənibmi?
Yardımlının ryaon rayon rəhbəri Mahir Mirzəyev isə rayondakı müxtəlif vəzifələrə öz əmisi, xalası, dayısı uşaqlarını, yeznələrini gətirməklə "kadr islahatları" aparır... Bu adam isə mətbuatla çox "yaxşı" işləyir. Haqqında gedən yazıları "müxtəlif yollarla" sildirməkdə, özünü təriflətməkdə bəlkə də Yardımlı şefinə çatan olmaz. 2006-cı ildən vəzifə başında olan Mahir Mirzəyev indiyə kimi qohum-tanışın adına xeyli sayda "geydirmə" şirkət qeydiyyatdan keçirib, onları bir-bir tenderlərdə oynadır. \ Sonrası da məlumdur. Yenə yeyinti, yenə korrupsiya.
Hər şey aydın görünür. Nə qədər dotasiya almaq olar? Nə qədər jurnalistlərə pul paylayıb özünü təriflətmək olar? Belə rayon rəhbərlərindən də ən məşhuru Daşkəsənin icra başçısı Əhəd Abıyevdir – eləmir tənbəllik, Google-un baş redaktorunu da axtarır ki, cibinə pul basıb özünü reklam elətdirsin. Mətbuatda yayılan bir xəbər də çox maraqlıdır: bu "dahi insan" hətta özünün "Xəzər-Lənkəran" azarkeşi olmasını əsas götürərək, "Neftçi"nin prezidenti, yazıçı Çingiz Abdullayevin də kitablarını rayondakı mağazalardan yığışdırmaq göstərişi vermişdi...
Neftçala sakinləri də gileylənir, yerli əhalinin dolanması üçün şərait yaradılmır, balıq tutmaqla dolanan neftçalalılar da şəraitsizlikdən gileylənir. Demək olar ki, hər beş ailədən birinin başçısı ya paytaxtda, ya da Rusiyadadır. Şimal rayonlarında da - Xızı, Şabran, Quba, Xaçmaz, Qusarda paytaxtdan ali təhsil alıb qayıdan gənclərin çoxu boş-bikar fırlanmağın sonunu ya əkib-becərməkdə, ya da heyvandarlıqda görürlər. Diplom isə sadəcə servanta qoyulmaq üçün idi...
Bölgələrdəki icra başçılarının çoxu yerli sahibkarlarla işləmir, ya işləyir – amma mafiya qanunları ilə. Sadə insanların qayğıları ilə maraqlanmırlar, işlərinin ancaq park salmaqdan, vaxtaşırı konsert keçirməkdən ibarət olduğunu düşünürlər. Bəsdirin, paytaxtdan sallandınız... Bakı aşıb-daşır, ölkə əhalisinin az qala yarısı Bakıya yığışıb çörəkpulu qazanmaq üçün dəridən-qabıqdan çıxır, amma siz öz kefinizdəsiniz, hörmətli rayon şefləri!
Öz bölgənizə, öz rayonunuza biganə qalmayın (söhbət təyin olunduğunuz yerdən gedir, başınıza yığıdığınız yerlilərdən, qohumlardan yox)! Elə bilməyin ki, özünüzü xan kimi aparıb insanların haqqını yeməklə... Daha heç nə demirəm, sizin də villanız nə vaxtsa od tuta bilər. Ya məcazi, ya da həqiqi mənada...
Şərhlər