Bakı Şopinq Festivalının rəsmi açılışı olub
10.04.2017 17:34 Sosreaksiya 1167
Bu gün ilk dəfə keçirilən Bakı Şopinq Festivalının rəsmi açılışı olub.
Trend-in məlumatına görə, artıq təqribən 110 mağaza, 50-yə yaxın restoran və mehmanxana şəbəkəsi bu festivala qoşulub. Festivalda iştirak edən mağazaların siyahısı hər gün yenilənəcək.
Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur.
Festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da "Tax free" sistemi tətbiq ediləcək.
ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi "Baku Shopping Festival – Tax Free" stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək keçiriləcək. Növbəti festivalın keçirilməsi da bu ilə - oktyabr ayına nəzərdə tutulub.
Şərhlər