“İrəvan-2018” Şamaxıda ictimai müzakirə keçirdi - FOTOLAR
14.04.2017 12:55 Sosreaksiya 1700
“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) İctimai Birliyi “İrəvan-2018 portalının yaradılması” layihəsi ilə qalib olan portalın yaranmasının ictimai müzakirələrinə start verib.
Reaksiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində “İrəvan-2018 portalının yaradılması” layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi portalın yaranmasında ictimai müzakirələrə start verib. İlk tədbir Şamaxı rayonunda 200 nəfərdən ibarət olan ziyalılar və gənclərlə baş tutub.
Tədbiri giriş sözü ilə açan BİRA sədri Zaur Qəriboğlu təşkilatın fəaliyyətindən, “İrəvan – 2018” Hərəkatının gördüyü işlər barədə məlumat verərək, Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən layihənin aktullığını tədbir iştirakçılarının diqqətinə çatdıraraq, müasir dünyada informasiyanın gücündən söz açıb: “Gərək, qəbul edək ki, bütün qələbələrin əlli faizini məhz informasiya müharibəsində qazanırsan. Bu gün Azərabycanın güclü ordusu, dəyanətli Ali Baş Komandanı var. Ordumuz səngərdə, ölkə başçımız isə siyasətdə öz sözünü qətiyyətlə deyir. Amma bunla yanaşı olaraq, düşmənin yüz ildir məşğul olduğu informasiya müharibəsində - onların yalan dolu təbliğatlarına qarşı biz öz həqiqətlərimizlə, sənəd və faktlarımızla mübarizə aparmalıyıq. Hansı ki, ermənilərin əllərində heç bir əsas, sənəd olmadan bütün dünyanı aldadaraq, özlərini “yardımsevər”, “sülhsevər” xalq kimi qələmə verə biliblər. Hansı ki, tarix boyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərərk, işğalçılıq siyasəti aparıblar. Ölkə başçısı cənab İlham Əliyevin: “Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq” fikrinə dayanaraq, biz QHT və ictimaiyyət nümayəndələrinin də üzərinə düşən vəzifə borcudur ki, informasiya məkanında ölkəmizin haqlı mövqeyini müdafiə edək, cənab prezidentin bu istiqamətdə apardığı uğurlu siyasətə ictimaiyi dəstəyi artıraq. Bizim təşkilatın da əsas məqsədi məhz, informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdır” – deyən layihə rəhbəri “İrəvan2018” portalının əsas məqsədi bu gün Qarabağa iddia edən ermənilərin əslində, paytaxt kimi istifadə etdikləri şəhərlə yanaşı, Zəngəzur, Göyçə, Dərələyəz və s ərazilərin Azərbaycana məxsus olduğunu göstərmkdir, deyə, qeyd edib. Daha sonra İrəvanın, ümumilikdə Qərbi Azərbaycan torpaqlarında qurulan Ermənistan haqqında tarixi bilgilərlə görüş iştirakçılarını məlumatlandıran tarixçi-araşdırmaçı Ramazan Hüseynli İrəvan şəhərinin 1918-ci ildə güzəştə gedilməsinin səbəblərini danışaraq: “Əslində, o dövrdə biz İrəvan şəhərini ermənilərə güzəştə gedərkən, onlar bir daha Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyəcəkləri barədə söz vermişdilər. Amma görünən odur ki, bu nankor qonşularımızın tamahı çox oldu. İrəvandan sonra Zəngəzur, Göyçə və ərazilərimiz o zamankı Sovet hakimiyyəti tərəfindən onlara verildi, ardınca da on minlərlə insanlarımızı qətlə yetirərək, soyqırım törədərək, Dağlıq Qarabağ və ətraf rayonlarımızı da işğal etməklə, bir milyondan çox insanın el-obasından məcburi köçkün düşməsinə səbəb oldular” qeyd edib. Ardınca çıxış edən “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas zaman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdiyi soyqırım aktlarından söz açaraq, bu gün dünyada informasiya müharibəsinin gücünə diqqəti çəkərək, gənclərimizi bu savaşda aktiv olmağa, Azərbaycan dövlətinin, ordusunun, Ali Baş Komandanın yanında olmağa səsləyib: “Biz bilirik ki, cənab prezident bu gün əlindən gələn bütün variantlarla bu məsələnin sülh yolu ilə həll olunması üçün səy göstərir. Amma işğalçı, separatçı erməni hakimiyyəti illərdir ki, hər vəchlə bu danışıqları uzadaraq, məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Amma Aprel döyüşlərindəki ordumuzun qələbəsi, bir daha göstərdi ki, danışıqlar nəticə verməyəcəyi halda, Azərbaycanın ordusunun gücü, prezidentinin siyasi iradəsi çatır ki, hərb yolu ilə torpaqlarını işğaldan azad eləsin ”.
Tədbirin sonunda tədbir iştirakçılarının çox hissəsi informasiya müharibəsində iştirak etmək üçün “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyinin üzvlüyünə qəbul olunaraq, könüllü fəaliyyət göstərmələri təşkilat sədrinə müraciət etdilər.
Şərhlər